Hadisə

“Tavanlar mamır bağlayıb…” – “Kristal Abşeron”un “QobuPark” biabırçılığı (FOTO)

“Kristal Abşeron” şirkətinin məcburi köçkünlər üçün inşa etdiyi “QobuPark” yaşayış kompleksində problemlər olduğu kimi qalır.

AFN-in məlumatına görə, jurnalist Rövşən Əsədov bildirir ki, erməni vəhşiliyinin qurbanı olan (keçmiş) məcburi köçkünlər indi də “Kristal Abşeron” şirkətinin özbaşınalığından əziyyət çəkir. “Binaların üzlüyü qopduğu üçün şirkətin işçiləri üzlüyü binanın divarına (qırmızı kərpici deşərək) bərkidirlər. Sonra da külək və yağış olduğu zaman o deşiklərdən içəri, sakinlərin evlərinə su sızmağa başlayır.

“QobuPark”da istənilən adamın qapısını döysəniz hamısı şikayətçidir. Millətin tavanları mamır bağlayıb, evdə nəmişlik qoxusu adamı boğur, divarlara su sızır deyə divarlar gömgöy olub, divar kağızları (oboylar) hamısı qopub tökülür. Burada məskunlaşan məcburi köçkünləri ermənilərdən sonra ən çox incidən bu şirkət oldu. Mütləq gərək prezidentin dəmir yumruğu sizin də başınıza dəysin, gərək yolu bağlayıb ayağa qalxaq, ondan sonra problemi həll edəsiniz?

Bir böyüyünüz, kiçiyiniz yoxdur ki, dərdimizi ona deyək?” – deyə jurnalist qeyd edib.

Şirkətin mətbuat xidmətinə mövzu ilə bağlı ünvanladığımız suallar cavabsız qaldı.

Xatırladaq ki, yaşayış kompleksində mövcud olan problemlər haqda bir müddət öncə də yazmışdıq. Həmin vaxt şirkətin nümayəndələri şikayətçi həmkarımıza yaxınlaşaraq problemin həll olunacağını bildirmişdilər. Lakin görünür binanın tikintisi zamanı yol verilən qüsurlar çox köklüdür, təzədən aradan qaldırılması mümkün olmur. Onu da diqqətə çatdıraq ki, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə məcburi köçkünlər üçün tikilən binalar Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim ediləcək. Hazırda məckunlaşma olmayan mənzillərin təqdim edilməsi prosesi gedir. Bir neçə ildən sonra məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra həmin mənzillərin də şəhid ailələri və müharibə əlillərinə verilməsi gözlənilir.

Bənzər yazılar

Back to top button