Cəmiyyət

Şamil Sabiroğlu: “Koronavirusla əlaqədar orduda bütün qabaqlayıcı tədbirlər görülüb”

“Aldığım məlumatlardan sonra əmin oldum ki, Müdafiə Nazirliyinin aidiyyəti idarələrinin rəhbərliyi ilə Azərbaycan Ordusunda koronavirusa qarşı yüksək səviyyədə dezinfeksiya işləri aparılıb, bütün qabaqlayıcı tədbirlər görülüb”.

Bunu “MediaPost”a açıqlamasında Qarabağ qazisi, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu deyib.

O, koronavirusla mübarizədə aparılan qabaqlayıcı tədbirləri, dezinfeksiya işlərini yüksək qiymətləndirib:

“Belə bir deyim var ki, öz ordusunu yedirtməyən xalq özgə ordusunu yedirtməyə məhkumdur. Bizim ordumuza diqqət yüksək səviyyədədir, ordunun bütün tələbatı təmin olunur. Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir.

Mən bir neçə gün öncə düşünürdüm ki, görəsən, orduda vəziyyət necədir? Çünki son 20 gündür ki, ordu ilə əlaqəm yox idi. Sonra əmin oldum ki, vəziyyət düşündüyümdən də yaxşıdır. Koronavirusla əlaqədar bütün qabaqlayıcı tədbirlər görülüb, dezinfeksiya işləri aparılıb. Bunlar təqdirəlayiq addımlardır.

Bizim ordumuz böyükdür. Hazırda cəmiyyətdə söz gəzir ki, guya aprel çağırışı təxirə salınacaq. Mən isə əminəm ki, bu halda belə ordumuz çətinlik çəkmədən vəzifəsini əminliklə icra edəcək. Çünki Azərbaycan Ordusunun şəxsi heyəti kifayət qədərdir. Hətta həqiqi hərbi xidməti bitirənlər evə buraxılsalar da, bu heyət bəs edəcək saydadır. Ordumuz böyükdür.

Bütün hərbi qulluqçular bizim qanımızdır, canımızdır. Buna görə dezinfeksiya işləri məhz onların sağlamlığını qorumaq üçün aparılır. Mənim aldığım məlumata əsasən, Ermənistan ordusunda koronavirusa yoluxanların sayı 1000-ə yaxınlaşıb, ölənlərin sayı 180 nəfərdən çoxdur. Çünki orduda nəzarət sistemi zəifdir, dezinfeksiya işləri yüksək səviyyədə aparılmır, pərakəndəlikdir. Hələlik rəsmi rəqəmlər bunu deyir”.

Bənzər yazılar

Back to top button