Cəmiyyət

“Emin Əmrullayevin demək istəyib, deyə bilmədikləri”

“Elm və təhsil naziri Emin Əmrullayevin ictimai çıxışlarını, problemləri açıq şəkildə dilə gətirməsini bəyənirəm, açığı, sosial şəbəkələrdə, bəzi media orqanlarında bu açıqlamaları zarafata salırlar, məğzini tutmurlar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli feysbuk səhifəsində yazıb.

Ekspert bildirib ki, nazirin səhvi ondadır ki, nəticədən danışır, səbəblər haqqında danışmır, ya da, danışa bilmir:
“Onun deyə bilmədiklərini mən deyim, imkanları olsa cavab verərlər.

Emin Əmrullayev, sitat: “Biz savadsızlığa qarşı total reaksiya vermirik, bu problemi nazirlik tək həll edə bilməz. Burada cəmiyyətin məsələyə münasibətləri köklü şəkildə dəyişməlidir. Dəyişməsə təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq”.

Nazir demək istəyir, amma deyə bilmir ki, təhsil əmək bazarı və iqtisadiyyatla sıx bağlıdır. Total inhisarşılıq və məmur biznesinin hegamon olduğu iqtisadi modeldə təhsilin önəmi qalmır, əmək bazarı təhsildən daha çox şəxsi əlaqələrlə formalaşır. Emin müəllimin fikrindən keçib deyə bilmədiyi digər məsələ də odur ki, tələbələrin 87%-i Universitetlərdən sonra dövlət-hökumət oqranlarında işləmək istəyir, çünki bu məmləkətdə “uğur hekayəsi” məmur qalstuku və kreslosu ilə düz mütənasibdir. Cənab Əmrullayev necə desin ki, lap tutalım, əla savadlı tələbələr yetişdirdik, onları ölkədə necə saxlayacağıq?! Məmləkətin nə cəlbediciliyi var ki, yüksək təhsillilər burada qalsınlar?! ”

Cəfərli əlavə edib ki, nazir ibtidai sinif müəllimlərinin səviyyəsindən də şikayət edib:

“Amma bu da nəticədir – indi durub desin ki, illərdir Pedaqoji Universitetlərdə keçid balı hər dəfə aşağı salınır, ən az savadı olanlar müəllim olub məktəblərə dönür və daha da az savadlı şagirdlər yetişdirirlər.

Bütün bunları cənab nazir necə desin?! Desə, gərək sonda əlavə etsin ki, bütün bunlar sistem problemidir, sistemi dəyişmək lazımdır… “

Bənzər yazılar

Back to top button