İqtisadiyyat

Dövlət Xidməti bu bankla bağlı araşdırma başlatdı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklam bazarına dövlət nəzarəti məqsədilə aparılan monitorinqlər zamanı “AccessBank” QSC tərəfindən verilən reklamlarda haqsız rəqabət halları aşkar edib.

Dövlət Xidməti “Haqsız rəqabət haqqında” Qanunun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri üzrə araşdırma aparır.

Bildirilir ki, iş üzrə araşdırma davam edir.

Qeyd edək ki, “AccessBank” QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyətə başlayıb. İlk illər Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) adı ilə tanınıb. 8 sentyabr 2008-ci il tarixindən “AccessBank” adı ilə fəaliyyət göstərir. Hazırda bankın Bakı şəhərində, Abşeronda və regionlarda ümumilikdə 31 filialı var.

Açıqlanan son məlumatlara görə, bankın aktivləri 1 milyard 259 milyon 840 min manat təşkil edir. Bu ilin ilk rübündə bankın xalis mənfəəti 5 milyon 460 min manatdır.

Bank tərəfindən açıqlanan sonuncu maliyyə hesabatında qeyd olunur ki, bankın səhmdarları Asiya İnkişaf Bankı (19,9%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), FMO (9,41%), Avrasiya İnkişaf Bankı (9,17%), İsveçrə İnvestisiya Fondu AG (8,89%), “ResponsAbilty Managment Company” S.A (7,11%) və fərdi sahibkarlar (11,57%) olub.

Bənzər yazılar

Back to top button