Gündəm

İlham Əliyev: 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb

“Ermənistanın təqdim etdiyi saxta tarixi darmadağın etmişik, beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə Kürəkçay sülh müqaviləsi haqqında kifayət qədər dolğun məlumat vermişik. Hər kəs gördü ki, erməni xalqı Qarabağ bölgəsində, sadəcə olaraq, son 200 il ərzində yaşayır, oraya köçürülüblər. Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq və çatdırırıq”.

AzToday.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa təbrikində deyib.

Dövlət başçısı bildirib:

“Xocalı haqqında son 17 ilə qədər kimsə danışırdı? Sanki belə bir cinayət olmayıb. Sanki bu soyqırımı olmayıb. Çünki Ermənistan bunu ört-basdır etməyə çalışırdı. Hətta bu hərbi cinayəti Azərbaycanın üstünə atmaq istəyir. Necə ki, Vətən müharibəsi dövründə Gəncəni və digər şəhərləri Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutandan sonra deyirdi ki, Azərbaycan bunu özü edib. Belə həyasız ölkə ola bilərmi? Belə vicdansız adamlar ola bilərmi? Görünür ki, ola bilər. Bu da Ermənistandır. Ona görə, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük səylər göstərdik – həm dövlət, həm Heydər Əliyev Fondu. Bu gün 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb. Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kəndlər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq. Halbuki bizim o kəndlərə, şəhərlərə getmək imkanımız yox idi. Heç bir beynəlxalq təşkilat oraya getmirdi. UNESCO, hansı ki, bu gün bizə irad tutmağa çalışır, guya biz erməni dini abidələrini burada qoruya bilməyəcəyik. Halbuki bu, yalandır. Azərbaycanda bütün dinlərin abidələri qorunur. Bir dəfə gedib o torpaqlara? Bir dəfə Şuşa məscidində olub? Zəngilanda dağıdılmış məsciddə olub? Ağdam məscidində olub? Orada ermənilər donuz, inək saxlayırdılar. İndi bizə irad tuturlar.

Ermənistan oralara heç kimi buraxmırdı, heç kimi. Hətta Minsk qrupuna sədrlik edən ölkələrin səfirlərini buraxmırdı. Biz güc-bəla ilə iki dəfə nail olduq ki, Minsk qrupu işğal edilmiş torpaqlara faktaraşdırıcı missiya göndərsin. Sonuncu missiya on il bundan əvvəl getmişdi. Hər il mən bunlara deyirdim ki, niyə getmirsiniz? Gedin, oraya baxın, qanunsuz məskunlaşma gedir. Bizim bütün şəhərlərimiz, kəndlərimiz dağıdılır. Kəndlərimizin, şəhərlərimizin adları dəyişdirilir, tarixi abidələrimiz dağıdılır, yaxud da ki, erməniləşdirilir. Getmirdilər ki, Ermənistan buraxmır. Ermənistan kimdir ki, buraxmasın. Ona görə, bax, bütün bu işləri görərkən biz Qələbə günümüzü yaxınlaşdırırdıq. Əgər mənim əvvəlki çoxsaylı çıxışlarıma nəzər yetirsəniz, görərsiniz, demişdim ki, hər gün hər birimiz bu müqəddəs anı öz əməyimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq, bu müqəddəs Qələbə anı gəldi”.

Bənzər yazılar

Back to top button