İqtisadiyyat

Mərkəzi Bank faiz dərəcəsini 4 il əvvəlki vəziyyətə qaldırdı

Mərkəzi Bankın qərarı ilə uçot faiz dərəcəsi bu gün 8,75%-dən 9%-ə qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, uçot faiz dərəcəsi sonuncu dəfə bu səviyyəyə 2019-cu ilin 15 mart tarixində qaldırılıb. Sonrakı tarixlərdə uçot faiz dərəcəsi davamlı olaraq azalıb. 2021-ci ilin sentyabr ayında 6,5% səviyyəsinə enib və bundan sonra yenidən qaldırılıb.

Məlumat üçün bildirək ki, uçot dərəcəsinin qaldırılmasında əsas məqsədlərdən biri inflyasiya səviyyəsini nizamlamaqdan (indiki halda aşağı salmaqdan) ibarətdir.

Bu ilin ilk 3 ayında Azərbaycanda istehlak qiymətləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8% artıb.

Onu da qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi mərkəzi bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (9%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən 100 min manatdan əlavə olaraq 9 min manat ödəməli olacaq.

Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.

Bənzər yazılar

Back to top button