Siyasət

Baş redaktor məhkəmədə Media haqqında Qanununun Konstitusiyasına uyğunluğunu mübahisə edir

“Arqument.az saytının rəhbəri Şəmşad Ağa “Media haqqında” Qanunu ilə bağlı məhkəməyə müraciət edib.

Baş redaktor Turana bildirib ki, 30 səhifəlik əsaslandırılmış müraciətdə qanunun Konstitusiyaya uyğun olub-olmadığının müəyyənləşdirilməsini iddia etdi. “Bu olduqca mürtəce bir qanundur və onsuz da Azərbaycanda məhdudlaşdırılmış media azadlığını daha da qısıtlayacaq”.

Jurnalist qeyd edib ki, “Media haqqında” qanunla bağlı Avropa Şurasının Venesiya Komissiyası mənfi rəy verdi və Avropa Şurasının üzvü olan bir ölkədə belə qanunun mövcud olmasını qəbuledilməz saydı. “Konstitusiya Məhkəməsinə müraciət etməyimin məqsədi odur ki, məhkəmə Milli Məclisə qanunu Konstitusiyaya uyğunlaşdırmağa tövsiyyə etsin. Çünki bu qanun həm Azərbaycan Konstitusiyasına, həm Avropa İnsan Haqları Konvensiyasına, həm də Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə ziddir. Qanunun tətbiqi dayandırılmalıdır, çünki o çox böyük problemlər yaradır və azsayda müstəqil jurnalistlərinin fəaliyyətini tam məhdudlaşdırır”.

Ş.Ağa hesab edir ki, ifadə azadlığına dəyər verən hər bir jurnalist bu qanunla bağlı Konstitusiya Məhkəməsinə müraciət etməlidir və kampaniya kütləvi xarakter daşımalıdır. “Bu qanunu əlində rəhbər tutaraq müstəqil jurnalistlərin fəaliyyətinə problem yaradacaqlar. Məqsəd elə bu idi ki, əllərində hüquqi əsas olsun ki, ölkədə medianı tam sıradan çıxarıb jurnalisti “mirzə” rolunda görsünlər”.

O, qeyd edib ki, qanunda həm Media Reyestri, həm də jurnalistin yaradıcılıq fəaliyyətinə qoyulan məhdudiyyətlər medianın fəaliyyətinə maneələr yaradır. “Konstitusiya Məhkəməsi xeyrimizə qərar qəbul etməsə, bunu beynəlxalq müstəvidə mübahisələndərəcəyik”.

Hökümət nümayəndələri isə “Media haqqında” qanunun yerli və beynəlxalq hüquqi normalara tam cavab verdiyini deyir.

Medai Agentliyi 2022-ci ildə “Media haqqında” qanunla bağlı isə Venesiya Komissiyasına cavabında bildirmişdi ki, qanun fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş media subyektlərinin müdafiə mexanizmlərindən istifadəsinə şərait yaradır, həmçinin fövqəladə vəziyyətlərdə jurnalistlərin təhlükəsiz şəraitdə peşə borclarını yerinə yetirməsini təmin edir.

Bənzər yazılar

Back to top button