Hadisə

Bakıdakı milyonluq villalar niyə boş qalıb? – “Həyətində işıqfor, yol nişanları…”

Bakıda satılan bəzi villa və mənzillərin qiymətləri hər kəsi təəccübləndirir. Hazırda bazarda 20 milyon manata villalar, bağ evləri, 8-9 milyon manata mənzillər alıcıya təklif edilir. Daşınmaz əmlakları qeyri-adi edən isə onların xüsusi layihə əsasında tikilməsi, həyətyanı sahələrinin hektarlarla olmasıdır.

Lakin bu milyonluq əmlakların alıcısı çox vaxt tapılmır. Məsələn, kiçik bir araşdırma apardıqda yanvar-fevral ayında milyonlarla manat qiymət qoyulmuş mülklərin sentyabr ayında hələ də satılmadığı məlum olur.

Bəs bu villalar niyə satılmır? Həmin əmlakların qiyməti reallığı əks etdirirmi?

AzToday.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu tip mülklərin aylıq xərcləri həddindən artıq çox olur və insanlar belə yerləri almaqda maraqlı deyillər:

“2015-ci ilə qədər oliqarx kateqoriyasında olan varlı insanlar asan pul qazanırdılar. Həmin vaxta qədər pul qazanmaq çox asan idi. Onlar həmin villaları o dövrdə ya alıblar, ya da tikiblər, villalara milyonlar yatırıblar. Bu gün artıq o insanlar bazardan çıxıblar. Onlar artıq həmin əmlakları saxlamaq iqtidarında deyillər. Hər ay mülklərə çəkiləcək xərcləri ödəməyə imkanları yoxdur, onlar həmin mülkləri bu səbəbdən satışa çıxarırlar.

Həmin oliqarxlar iri pullara öyrəşiblər, mülklərini də iri pullara satışa çıxarıblar. Onların qoyduğu qiyməti ödəyə bilən, o pulu verib mülkü ala biləcək insanlar bu gün yoxdur. Bu gün orta təbəqədən olan insanların əksəriyyətinin bağ evi var, hamı da yaxşı başa düşür ki, iri bağ saxlamaq böyük xərcdir və buna getmir.

Mən də bəzən elan saytlarına qoyulan milyonluq villalara, bağ evlərinə nəzər yetirirəm, onların özəllikləri bəzən gülüş doğurur. Oxuduqca başa düşürsən ki, o obyektləri satmaq demək olar ki, mümükünsüzdür. Həmin villanı kiməsə pulsuz da versən, oranın aylıq xərcini çəkmək iqtidarında olmayacaq. Bu səbəbdən həmin milyonluq mülklər satılmır. Elə bağlar var ki, hektarlarla torpaq sahəsi var, bu kimin nəyinə lazımdır? Mən elə bağ görmüşəm ki, içərisinə işıqfor, yol nişanları qoyulub, hektarlarla ərazisi var. Bu kimə lazımdır? Heç kəs belə bağı almaq istəmir”.

Ekspert bildirib ki, 15-20 milyonluq villaları almaq heç də əlverişli deyil, onların alıcısı olmur, çünki qoyulan qiymətlə real qiymət arasında çox ciddi fərqlər var:

“Təbii ki, həmin şəxslər elanda mülkə qoyduqları qiymət qədər ora xərc çəkməyiblər. Onlar sadə hesablama ilə düşünürlər ki, bu ərazidə torpağın sotu 20 min manatdır, məndə də 5 hektardır və 20 mini 5 hektara vururlar, alınan rəqəm milyonlarla manat olur və o qiymətə də bağı satışa qoyurlar. Amma başa düşmürlər ki, torpağın optimal sahəsi anlayışı var. Torpaq optimal sahədən artıq olduqca hər sotuna görə qiymətlər azalır. Onlar pulu kisə ilə, çəki ilə almağa adət ediblər deyə bu təfəkkür onlarda hələ də qalıb və evə dəyərindən artıq qiymət qoyurlar”.

Bənzər yazılar

Back to top button