Cəmiyyət

İmtahan nəticələrinə bir baxış: Mətnlər bizi niyə qorxudur?

Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanları bitmək üzrədir.

Bu mərhələdə imtahan nəticələrindən narazı qalanlar da, imtahan prosesini uğurlu hesab edənlər də oldu.

Ölkədə 2017-ci ildən başlayaraq, buraxılış və qəbul imtahanlarının məzmununda müəyyən dəyişikliklər edilmiş, mətn və situasiyaya aid tapşırıqlardan da istifadə edilməyə başlanmışdır.

Bu, təbii ki, imtahan verənlər üçün bir yenilikdir. Ancaq nəzərə alınsa ki, imtahan verən namizədlər ibtidai təhsil dövründən başlayaraq, belə tapşırıqlar üzərində çalışır və kurikulumun tələbi ilə müxtəlif bilik və bacarıqlar qazanırlar, həmçinin kurikulumun tələblərinə uyğun imtahanlar bir neçə ildir ki, keçirilir, imtahanlarla bağlı yeniliklər də bu gün problem yaratmamalıdır.

Lakin imtahanların gedişi bu sahədə hələ də problemlərin olduğunu göstərdi. Məsələn, builki buraxılış imtahanlarında istifadə edilmiş Azərbaycan dili fənni üzrə mətnlər və suallar müəyyən müzakirələrə səbəb oldu. Artıq bir neçə ildir ki, fənnin tədrisi dərsliklərdə verilmiş mətnlər və onlara aid tapşırıqlar üzərində işlə qurulur. Bununla oxuyub-anlama bacarıqları formalaşır.

Bəs tədrisdə və imtahanlarda mətn tapşırıqlarından istifadə niyə vacibdir?

Məlumdur ki, ənənəvi təhsildə mətnlərin məzmunu ilə bağlı tapşırıqlardan istifadə olunmurdu. Şagird qrammatik qaydaların dərinliklərinə qədər bütün bilikləri mənimsəyirdi, müəllimlər də fəaliyyətlərini bu yöndə qururdular. Nəinki bu qaydaları, onların mənimsədilməsi üsullarını, müxtəlif metodik “fəndləri” yaxşıca mənimsəmişdilər. Ancaq maraqlısı budur ki, çox vaxt bu qaydaları tam mənimsəyib imtahan verən şəxs hətta ali təhsil aldıqdan sonra belə ən vacib intellektual bacarıqlara: oxuyub-anlama, mətn formalaşdırma, şifahi və yazılı nitqə malik olmurdu. Halbuki bu bacarıqlar müasir dünyada təkcə humanitar ixtisaslar üzrə deyil, texniki ixtisaslar üzrə də vacibdir. Buna görə də kurikulumun tələbi ilə müxtəlif məzmun xətləri üzrə dinləyib-anlama, danışma, oxuyub-anlama və yazı bacarıqlarının da formalaşdırılmasına başlandı. İndi ölkəmizdə imtahan verən hər bir şagird qrammatik qaydalarla bağlı bilikləri ilə yanaşı, bu bacarıqlarını da nümayiş etdirməlidir.

Rəqabət və yarış həyatımızın bir hissəsidir. Həyatın bütün sahələrində olduğu kimi, bilik və bacarıq qazanmaq, daha savadlı olduğunu nümayiş etdirmək istiqamətində də yarışlar davam edir. Uzun illərin təcrübəsi olaraq, təhsil alanlar və təhsil verənlər üçün ana dilinin linqvistik qaydaları ilə bağlı problem, demək olar ki, qalmayıb. Bu qaydaları orta savadlı hər bir kəs mənimsəyə bilir və ona uyğun tapşırıqları asanlıqla cavablandırır.

Hazırda dərsliklərdə dil qaydaları ilə bağlı məlumatların kifayət qədər məhdudlaşdırıldığı da nəzərə alınsa, bu qaydaları mənimsəmək üçün bir qədər vərdiş və əzbərləmə qabiliyyəti yetərlidir. Bu halda imtahan götürənlərin qarşısında bir məsələ dayanır: daha istedadlı, daha savadlı, daha bacarıqlı namizədi necə seçməli və başqalarından fərqləndirməli?

Bu zaman dövrün bir fərd qarşısında qoyduğu ən vacib tələblər ortaya çıxır ki, bunu da bir neçə aylıq əzbərləmə prosesində deyil, geniş mütaliə, analitik təhlil, yaradıcı, intellektual və demokratik mühit şəraitində formalaşdırmaq mümkündür. Belə ki, bir fərdin məntiqi, tənqidi və yaradıcı bacarıqlarının formalaşdırılması repetitor fəaliyyətinin deyil, səmərəli ailə-məktəb öyrədici mühitinin nəticəsi ola bilər. Bəli, iş çətindir. Çünki əvvəlki ənənələr işə yaramır.

Bax bu zaman mətnlər gözümüzdə dağ kimi böyüyür: “Mətn çətin imiş”, “Mətnlər tərcümə materialı imiş”, “Sözbəsöz tərcümə edilibmiş”, “Mətn milli deyilmiş”, “Videomaterialdan götürülübmüş”, “Mətndəki mövzular şagirdə tanış deyilmiş”, “Mətndə şagirdə tanış olmayan söz varmış”, “Mətndəki mövzu tədris proqramına daxil deyilmiş”, “Mətn tapşırığında sözün mətndənkənar mənası soruşulurmuş”, “Mətni oxumaq çox vaxt aparırmış”, “Şagirdi hazırlaşdırmaq üçün belə mətnlərdən ibarət vəsait yoxmuş…”

Burada unudulmamalıdır ki, şagirdi həyati bacarıqlara hazırlaşdırmaq olmur, həyati bacarıqları formalaşdırmaq olur. Mətnlər fərddən düşünməyi, təhlil etməyi, fikir formalaşdırmağı tələb edir. Bunlar həyati bacarıqlardır. Şagirdlə davranışdan tutmuş, onun yanındakı davranışa qədər hər şey onun həyati bacarıqlarının formalaşdırılmasına: ədalətli, mərhəmətli, dürüst olmasına, hadisələrdən düzgün nəticə çıxarmasına təsir edir. Artıq qloballaşan dünya bizdən bunu tələb edir. Dünya ilə ayaqlaşmaq istəyiriksə, özümüzə yenidən baxmağımız lazımdır.

Əlbəttə, mətnlər tərcümə materialı, videomaterial ola, həm milli, həm də ümumbəşəri dəyərlər aşılaya bilər. Xüsusilə elmi-publisistik mətnlərin, mövzuların vətəni yoxdur, çünki belə mətnlərdə qoyulan məsələlər bir ölkənin məsələsi deyil. Elə buna görə də elmin millisi, yerlisi olmur. Beləliklə, mətnlərin haradan götürülməyinin, tərcümə materialı olub-olmamağının elə bir fərqi yoxdur. Yetər ki, buradakı fikirlər aydın, düzgün ifadə olunsun.

Yeri gəlmişkən, bunu da qeyd edək ki, Nizamini, Xaqanini də tərcümədən oxuyuruq. Digər tərəfdən, dil fənlərində mətnlər tədris materialı deyil, buradakı məlumatları şagird öyrənmir, əzbərləmir. Bu mətnlər məzmunu mənimsəmə bacarığını formalaşdırmaq və ya yoxlamaq üçün bir vasitədir. Buna görə də mətndəki məlumatların şagird üçün tamamilə yeni olması da mümkündür. Hətta şagirdə mətndə tanış olmayan sözlərin mənasının belə kontekstə əsaslanaraq müəyyən edilməsi ilə bağlı tapşırıq verilə bilər. Bunu bizdən kurikulumun məzmun standartları tələb edir. Və təcrübə bu bacarıqları formalaşdırmağın mümkün olduğunu təsdiqləyir.

Beləliklə, ana dilimiz olan Azərbaycan dilində ən zəruri bilikləri əldə etməkdən başlamış, ən yaradıcı ideyalarımızı, elmi ixtiralarımızı, publisistik düşüncələrimizi ifadə etməyə qədər uzun bir yolumuz var.

Bu dildə ifadə olunmuş fikirdəki məntiqi, doğru və ya yanlış məqamı, üslubi qüsuru xarici dillərdəkindən daha tez və daha yaxşı müəyyən etməyi, yanlışlığı ortadan qaldırıb düzgün ifadə etməyi, mətni təkmilləşdirməyi bacarmalıyıq. Buna görə də uşaqlarımıza təhsil vermək, onları gələcəyə hazırlamaq üçün imtahanlardan əvvəlki son bir neçə ili gözləməyək, onlara daha kiçik yaşlarından mütaliə mədəniyyəti, araşdırma, nəticəçıxarma, fikrini ifadə etmə bacarıqları, kompetensiyalar, dəyərlər aşılayaq.

Unutmayaq ki, geriyə yolumuz yoxdur.

Təhsil mütəxəssisi: Sevda Səməd

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button