Dünya

Süni intellekt “bizdən daha ağıllı ola bilər”, – “chatbot”un “xaç atası” Geoffrey Hinton xəbərdarlıq edir

Süni intellektin (AI) xaç atası kimi tanınan Geoffrey Hinton bu sahədəki inkişafın həm də artan təhlükələri barədə xəbərdarlıq edərək istefa verib.

75 yaşlı Geoffrey Hinton “New York Times” qəzetinə verdiyi açıqlamada Google-dan istefa verdiyini və indi gördüyü işdən peşiman olduğunu bildirib.

O, BBC-yə AI chatbotlarının bəzi təhlükələrindən bəhs edərək, onların “olduqca qorxulu” olduğunu deyib:

“Hal-hazırda deyə bildiyim qədər, onlar bizdən daha ağıllı deyillər. Amma düşünürəm ki, tezliklə olacaqlar”.

Doktor Hinton yaşının da texnologiya nəhəngindən ayrılmaq qərarına təsir etdiyini etiraf edərək BBC-yə deyib: “Mənim 75 yaşım var, ona görə də təqaüdə çıxmaq vaxtıdır”.

Cənab Hintonun dərin öyrənmə və neyron şəbəkələr üzrə qabaqcıl tədqiqatı ChatGPT kimi hazırkı süni intellekt sistemlərinin qurulmasına yol açıb.

Lakin britaniyalı-kanadalı koqnitiv psixoloq və kompüter alimi BBC-yə bildirib ki, “chatbot” tezliklə insan beyninin qadir olduğu bacarıqlar səviyyəsini keçə bilər.

“Hazırda GPT-4 ümumi biliklərinin həcmi baxımından insanı xeyli geridə qoyur. Lakin mühakimə cəhətdən eyni səviyyədə deyillər. Sadəcə bəsit mühakimələr etməyə qadirdir”.

“İrəliləmə sürətini nəzərə alsaq, bu sistemlərin çox sürətli şəkildə effektiv olacağını bilirik. Bu da bizi narahat etməlidir. Bildiyimə görə, hazırda onlar bizdən daha ağıllı deyillər. Ancaq tezliklə daha ağıllı ola bilərlər”.

Hinton “New York Times”ın məqaləsində “pis insanların” süni intellektlə “pis işlər” görə biləcəyini də vurğulayır.

BBC-nin bu məsələ ilə bağlı sualını cavablandıran Hinton, “Bu, kabus ssenarilərindən biridir” deyə cavab verir:

“Fərz edək ki, bədxahlardan biri, məsələn, Putin robotlara öz alt məqsədlərini yaratmağa icazə verir. Bu isə nəticədə “Mən daha çox güc əldə etməliyəm” kimi alt məqsədlərə gətirib çıxara bilər.

Hinton davam edir:

“Mən belə nəticəyə gəldim ki, bizim yaratdığımız zəka növü bizdən çox fərqlidir.

“Biz bioloji sistemik, lakin bunlar rəqəmsal sistemlərdir. Rəqəmsal sistemlərlə ən böyük fərq, eyni ölçüdə birdən çox nüsxə çıxara bilməyinizdir.

“Bütün bu nüsxələr fərqli şeylər öyrənə bilər, lakin həm də öz biliklərini dərhal bir-biri ilə paylaşa bilərlər. Deməli, sizin 10 min insanınız var və onlardan biri nəyisə öyrənir, digərləri isə bu məlumatı eyni anda əldə edir. Buna görə də bu “chatbot”lar hər hansı bir insandan daha çox məlumata malikdir”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button