GündəmManşetSiyasət

“Razılığa gəlmək üçün ən yaxşı yol vasitəçi olmadan birbaşa danışıqlardır”

“Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır. Rusiya-Ukrayna müharibəsindən əvvəl biz keçmiş Minsk qrupu həmsədrlərinin yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduq. Lakin qətiyyətlə buna qarşı çıxdıq. Çünki bizim mövqeyimiz bundan ibarət idi ki, Minsk qrupu uğursuzluğa düçar oldu, 1992-ci ildən 2020-ci ilədək heç bir nəticə əldə etmədi. Nəticə faktiki olaraq neqativ idi. Çünki işğal dövründə qondarma danışıqların sonunda biz aydın başa düşdük ki, Minsk qrupunun həmsədrləri, sadəcə olaraq, vəziyyəti dəyişməz olaraq saxlamaq, başqa sözlə, status-kvonu saxlamaq istəyirdilər ki, bu da onlar və Ermənistan üçün rahat idi. Lakin bizim üçün rahat deyildi. Ona görə də biz status-kvonu dəyişdik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında deyib.

“Onlar planlaşdırırdılar ki, səylərini birləşdirib Azərbaycanı inandırsınlar ki, Minsk qrupu müəyyən formada fəaliyyətini davam etdirməlidir. Bunun necə olacağını soruşanda mən dedim ki, biz adəti üzrə fəaliyyət göstərmək üçün heç bir imkan görmürük, bu, başa çatıb, keçmiş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər. Mən söylədim ki, Qarabağ münaqişəsi həll olunub, Madrid prinsipləri adlandırılan prinsiplərin böyük əksəriyyəti Azərbaycan tərəfindən həyata keçirilib. Ona görə də, əgər siz kömək etmək istəyirsinizsə, əsas diqqəti sülh razılaşması üzərində cəmləşdirin və Ermənistanı konstruktiv olmağa inandırın. Əgər bu ölkələrin hansısa, mən sözsüz ki, ABŞ və Rusiyanı nəzərdə tuturam, çünki Fransa birtərəfli qaydada ermənipərəst mövqe tutandan sonra o, faktiki olaraq özünü istənilən növ vasitəçilikdən məhrum etdi. Bu, açıq-aşkardır. Yeri gəlmişkən, söhbət təkcə Qarabağda separatizmin qondarma şəkildə tanınmasından getmir, həm də BMT-də, Frankofoniyada, digər formatlarda çox açıq anti-Azərbaycan bəyanatlar, davranışlar, siyasətçilərin açıq bəyanatları Fransanı vasitəçilikdən təcrid etdi, çünki vasitəçi olmaq ən azı özünü neytral kimi göstərməkdir. Əgər siz qəlbən neytral deyilsinizsə, ən azı özünüzü neytral kimi göstərməlisiniz. Onlar bunu belə etməyə çalışmalıdılar. Hazırda biz ABŞ, Rusiya tərəfindən bu səyləri görürük. Siz ola bilsin bilirsiniz ki, iki ölkə – Ermənistan və Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub. Avropa formatı var ki, Prezident Şarl Mişel ölkə liderləri səviyyəsində bir neçə dəfə görüş təşkil edib. Beləliklə, düşünürəm ki, bu, davam etdirilə bilər, lakin yenə də zənnimcə, iki ölkə arasında birbaşa danışıqlar daha səmərəli, faydalı olar. Düşünürəm ki, biz bu istiqamətdə getməliyik. Əlbəttə ki, əgər Ermənistan bunu etməyə hazır olsa”, – deyə Prezident bildirib.

Bənzər yazılar

Back to top button