İqtisadiyyat

Azərbaycanda buğda və un ucuzlaşır, çörək “yerində sayır” – Son qiymətlər

Son 15 gün ərzində Azərbaycanda unun qiymətində ciddi dəyişiklik olmayıb.

Yeniavaz.com xəbər verir ki, son yarım ay ərzində Azərbaycanda unun topdansatışı ilə məşğul olan 23 şirkət və 1 fərdi sahibkar arasında yalnız bir şirkət – “Dəvəçi-Taxıl” MMC unun qiymətində endirim edib. Aprel ayının 20-də “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 33 manat 70 qəpiyə təqdim etdiyi halda, hazırda 32 manat 50 qəpiyə təklif edir.

Digər şirkətlərin qiymətində heç bir dəyişiklik olmayıb. Hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə isə “Nural” MMC (35 manat) satır.

Bir həftə əvvəl isə “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 34 manata, “Nural” MMC isə 36 manata satıb.
Məlumat üçün onu da qeyd edək ki, son 4 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 13%-dən çox ucuzlaşıb. Ötən ilin dekabr ayının əvvəlində 50 kiloqramlıq un kisəsinin ən ucuz qiyməti 38 manat, ən baha qiyməti isə 39 manat 50 qəpik olub.

Onu da bildirək ki, ötən il Azərbaycanın xaricdən idxal etdiyi buğdanın 1 tonunun gömrük dəyəri 338 dollar olduğu halda, bu ilin mart ayında 315 dollar olub. Göründüyü kimi, idxal olunan buğdanın da dəyərinda 7% ucuzlaşma olub.
Maraqlıdır ki, daxili bazarda unun topdansatış qiymətində 13%, idxal qiymətində isə 7% ucuzlaşma olsa da, son aylarda çörəyin qiymətində ciddi dəyişiklik olmayıb.

Bənzər yazılar

Back to top button