Siyasət

ABŞ-da hesab edirlər ki, Bakı və Yerevan arasında sülh sazişi “əlçatandır”

Cümə axşamı ABŞ-ın yüksək vəzifəli diplomatı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dördgünlük Vaşinqton danışıqlarının yekunları üzrə bildirib ki, iki ölkə arasında sülh sazişi “əlçatandır”, – Turan-ın müxbiri Dövlət Departamentindən məlumat verib.

“Son bir neçə gündə hər iki tərəf çox çətin məsələləri müzakirə etdi və davamlı sülh sazişinin bağlanmasında nəzərəçarpacaq irəliləyiş əldə etdi”,- dövlət katibi Entoni Blinken xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlara dair yekun iclasda deyib.

“Ümid edirəm ki, onlar görürlər və inanıram ki, onlar da mənim kimi başa düşürlər ki, razılaşma əlçatan həddədir”, – Blinken deyib.

Daha sonra dövlət katibi ayrıca bəyanatda qeyd edib ki, hər iki tərəf münasibətləri normallaşdırmaq və çoxdankı münaqişəyə son qoymaq üçün “səmimi sadiqlik nümayiş etdirdilər” və prinsipcə müəyyən şərtlərə razı oldular, həmçinin mühüm məsələlərlə bağlı bir-birinin mövqeyini daha yaxşı başa düşürlər.

“Mən nazirlərə təklif etdim ki, öz paytaxtlarına qayıtsınlar və əlavə xoş məram, çeviklik və kompromis şəraitində sazişin əlçatan olacağı barədə fikri öz hökumətlərilə bölüşsünlər”, – Blinken qeyd edib. “Onlar bundan sonra da davamlı və möhkəm sülhü təmin etmək səylərində Birləşmiş Ştatların tam dəstəyindən və iştirakından istifadə etməyə davam edəcəklər”.

Öz növbəsində iki ölkə danışıqların yekunları ilə bağlı demək olar ki, eyni bəyanatlarla çıxış edərək bildiriblər ki, münasibətlərin normallaşdırılmasına dair öz mövqelərini ortaya qoyublar. Ancaq hər iki tərəf etiraf edib ki, bəzi mühüm məsələlər üzrə mövqelər hələ də fərqlidir.

Blinken nazirləri tərifləyib: “Bütün bunlar asan deyil, amma qalan mürəkkəb məsələlərin həlli üçün irəliləmək əzmi realdır…istənilən marafonun son mili həmişə ən çətinidir. ABŞ dostlarımıza finiş xəttini keçməyə yardım etmək üçün buradadır”, – o deyib.

Sazişin əldə edilməsi Blinkenin dediyi kimi, “təkcə tarixi deyil, həm də Azərbaycan və Ermənistan xalqlarının maraqlarına dərindən cavab verərdi, hətta iki ölkənin hüdudlarından kənarda çox müsbət effekt verərdi”.

Bundan öncə Turan bildirib ki, qapalı müzakirələr diqqət mərkəzindən uzaqda, Dövlət Departamentinin Virciniya ştatının Arlinqton şəhərindəki Diplomatik Xidmət İnstitutunda keçirilib.

Bağlanış mərasimində Bayramov və Mirzoyan çıxış etməyiblər.

Bənzər yazılar

Back to top button