İqtisadiyyat

“Akkord” rəhbərinin “AA” seriyalı avtomobilinə həbs qoyuldu: “İşimiz iflic olacaq…”

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbər şəxslərinə məxsus avtomobillərə həbs qoyulması üçün məhkəməyə müraciət edilib.

Qaynarinfo-nun məlumatına görə, Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2022 nömrəli, 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu ASC-yə məxsus “AA” dövlət nömrə nişanlı “Audi Q7” və “Mercedes-Benz S500”, “AC” nömrə nişanlı “Volkswagen Passat”. “PX” dövlət nömrə nişanlı “Hyundai İX 35” nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş edib.

Buna səbəb isə ASC-nin 2020-ci ildə işçiyə ödəməli olan 7076,70 manat borcunun verilməməsidir.

Borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirib ki, təqdimat olan nəqliyyat vasitələrinin dəyəri çox olduğundan icra sənədi üzrə borc məbləğini aşır. Həmçinin qeyd edilən nəqliyyat vasitələrinin üzərinə həbs qoyulduğu təqdirdə korporasiyanın fəaliyyətinin iflic vəziyyətinə düşməsinə səbəb olacaq. Buna görə də təqdimatın rədd edilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş olunub.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin icra sənədinin icrasını təmin etmək məqsədi ilə “Akkord” rəhbərliyinə məxsus “AA” dövlət nömrə nişanlı “Audi Q7” avtomobilinə həbs qoyulub.

Qeyd edək ki, nizamnamə kapitalı 83 milyon 259 min 750 manat olan şirkətə Ayhan Keskinkılıçın rəhbəri olduğu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 12 milyon 918 min 333 manat 14 qəpik vergi borcu var.

Bənzər yazılar

Back to top button