Siyasət

BŞİH “Müsavat”ın qurultayına “hə” dedi, Ağadadaş Ağayev “yox…”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 12-də qurultayının Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” mərasim evində keçirilməsinə razılıq versə də, məkanın sahibi bundan imtina edib.

Bu barədə “Report”a Müsavat Partiyasının başqanının müavini Razim Əmiraslanlı məlumat verib.

“Qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək xahiş etmişdik ki, qurumun balansında olan 400-500 nəfərlik yer ayırsın. Təəssüflər olsun ki, icra hakimiyyəti belə yerin olmadığını qeyd etdi. Bildirildi ki, Müsavat Partiyası hər hansı yer təklif etsin, icra hakimiyyəti də müvafiq qərar versin. Biz Binəqədi rayonunda, 7-ci mikrorayonda yerləşən “Büllur” mərasim evi ilə danışıqlar apardıq, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik, razılıq aldıq. Təəssüflər olsun ki, bu gün həmin mərasim evinin sahibi oktyabrın 12-də orada tədbir olacağını dedi. Bir sözlə, yeri verməkdən imtina etdi. Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi məsələni müzakirə edir. Hələlik konkret qərarımız yoxdur”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Büllur” mərasim evinin müğənni Ağadadaş Ağayevə məxsus olduğu deyilir.

Bənzər yazılar

Back to top button