GündəmManşetSiyasət

Bayramov və Mirzoyanın Vaşinqton görüşündən sonra regionu nə gözləyir?

Ekspertlər Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünü fəal şəkildə müzakirə edirlər və iki ölkə liderinin iyunun 1-də Kişinyovda çərçivə sənədi imzalaması perspektivlərini proqnozlaşdırırlar.

Amma bu qiymətləndirmələri apararkən masada Bakı və Yerevanın maraqları ilə yanaşı, Rusiyanın və ABŞ və Avropa İttifaqının şəxsində Qərbin maraqlarının da olduğunu unutmaq olmaz. Bu xarici oyunçuların vəziyyətin inkişafına təsiri heç də az deyil, bəlkə də, kifayət qədər çoxdur.

Aprel ayı ərzində Moskvanın susqun narazılığı fonunda ABŞ öz vasitəçiliyini xeyli fəallaşdırıb, Bakıya və Yerevana səfərlər həyata keçirib, Vaşinqtonda görüş hazırlayıb.

Nikol Paşinyan problemi Qərblə həll etmək istəyindən əl çəkməyib, açıq şəkildə Moskvanın erməniləri dəstəkləmək iqtidarında olmadığını və ya bunu istəmədiyini ifadə edib. Moskvanın rəsmi Yerevanın bu hərəkətlərinə gizlədə bilmədiyi qəzəbi Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsi təsis etməsi ilə eyni vaxta təsadüf edib və Rusiya sülhməramlıları buna mane olmayıb. Amma, görünür, Yerevan bu xəbərdarlığa da məhəl qoymayıb.

Belə bir təəssürat yaranır ki, Ermənistan hakimiyyəti Qarabağı tamamilə itirmə riskinə baxmayaraq, Qərblə inteqrasiya kursunu davam etdirir. Burada bir neçə səbəb ola bilər. Biri ondan ibarətdir ki, Qarabağ Ermənistan üçün qaldıra bilmədiyi ağır daşa çevrilib və onu Rusiyadan və bütün xarici oyunçulardan müstəqil olmaq perspektivindən məhrum edir. Ermənistan rəhbərliyinin Qarabağın özünün Bakı ilə razılaşmalı olduğu və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında çoxsaylı bəyanatları bunun dəlilidir. Doğrudur, burada Paşinyan səbatsızlıq nümayiş etdirir. Belə ki, Yerevanın Bakıya qarşı ərazi iddiaları olmadığını və Azərbaycanın Ermənistanın 29 800 kv. kilometrlik ərazisində suverenliyini tanımalı olduğunu bildirən baş nazir Ermənistanın da Azərbaycanın 86 600 kv. kilometrlik ərazisində suverenliyini tanımalı olduğunu, yəni Qarabağın Azərbaycan olduğunu demir.

Paşinyan bu məsələdə hiyləgərlik edirsə, Rusiyadan Qərbə doğru uzaqlaşmaq cəhdində daha birmənalı çıxış edir. Bu məsələdə onun əleyhdarı təkcə Moskva deyil, həm də Qarabağ erməniləridir. Qarabağ ermənilərinin Bakı ilə yaxınlaşmaqdan imtina etməsi və müntəzəm olaraq Yerevanın ünvanına Qarabağ ermənilərinin maraqlarını satmaq ittihamları səsləndirməsi Moskvanın Ermənistana qarşı tənqidləri ilə üst-üstə düşür. Çətin ki, bu, təsadüf olsun.

Paşinyanın Moskvaya nəzərdə tutulan səfəri və Putinlə görüşü böyük əhəmiyyət kəsb edəcək. Şübhəsiz, Paşinyana növbəti dəfə məsələni Qərb tərəfdaşları ilə həll etməkdən imtina etmək təklif olunacaq. Qarabağda növbəti məğlubiyyətə düçar olmaq və ya Azərbaycanla sərhəddə ərazi itkiləri vermək perspektivlərinə baxmayaraq, Ermənistan baş nazirinin razılaşacağını düşünmək üçün əsas yoxdur.

Paşinyanın mazoxist olduğunu hesab etmək olmaz, amma o, heç bir qurbana baxmayaraq, sona qədər getmək qətiyyəti nümayiş etdirir.

Regionumuzda may və iyun aylarının həm həqiqi, həm də məcazi mənada isti olacağını güman etmək olar.(Turan)

Bənzər yazılar

Back to top button