AnalitikaManşetSiyasət

YENİ DÖNƏMƏ HAZIRIQ (MI ?)…

Müharibə, qarşıdurma və göz yaşları ilə tanınan Yaxın Şərq indi bu imicini məhv etməyə və “dünyanın ticarət mərkəzinə” çevrilməyə çalışır. ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan Yaxın Şərqi Hindistana birləşdirəcək dəmir yolu xətti layihəsi üzərində işə başlayıb. Bu layihənin açıqlanmayan məqsədi Çinin Yaxın Şərqdəki iqtisadi təsirini qırmaqdır. Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Türkiyəni həm dəmir yolu, həm də avtomobil yolu ilə Orta Asiyaya, oradan da Çinə birləşdirəcək “Tarixi İpək Yolu avtomobil yolu və dəmir yolu layihəsi”ni rəsmən açıqlayıb. Bu lahiyənin baş tutması üçün siyasi sabitlik də lazımdır. Bunun üçün xüsusilə Yaxın Şərqdə siyasi sabitlik üçün ilk addımlar atıldı…

Yaxın Şərqdə iki böyük İslam məzhəbinin nümayəndələri, iki böyük rəqib olan İran və Səudiyyə Ərəbistanı arasında illər sonra yenidən diplomatik əlaqələr quruldu. İsrail bir-birinin ardınca ərəb ölkələri ilə münasibətləri normallaşdırır. Yalnız Səudiyyə Ərəbistanı İsraillə diplomatik əlaqələr qurmayıb və bu isə an məsələsidir. Səudiyyə Ərəbistanı da Yəməndəki müharibəni bitirmək üçün təmaslara başladı. Yəməndə son vaxtlar siyasi sabitlik gözləntiləri artıb.

Suriya Yaxın Şərqdə qeyri-sabitliyin elementi olaraq qalır. Lakin Suriyada proses 12 illik vətəndaş müharibəsindən sonra Əsəd rejiminin beynəlxalq aləmdə yenidən tanınmasına doğru gedir. Əsədin vətəndaş müharibəsi ilə Ərəb Liqasında itirdiyi kreslosu bərpa edilir…

Suriya məsələsində İran prezidentinin 12 ildən sonra Dəməşqə səfəri də diqqətçəkən oldu. Rəisi Əsəd rejiminin ABŞ-ın hələ də ayaqlarını çəkməsinə baxmayaraq, ərəblər və Türkiyə tərəfindən yenidən Suriyanın qanuni nümayəndəsi kimi tanınması addımlarını “müqavimət qüvvələrinin qələbəsi” kimi bəyan edib. İran prezidentinin “müqavimət qüvvələri” dedikdə Livanda Hizbullah, Fələstində HƏMAS, Suriyada Əsəd rejimi və İran İnqilab Keşikçiləri nəzərdə tutulur. Təbii ki, bura adı yüksək səslə çəkilməyən, Suriya vətəndaş müharibəsinin istiqamətini dəyişən Rusiyanı da əlavə etmək lazımdır. Amma Rəisinin dediyi “qələbə” deyəsən, bütün bu müqavimət qüvvələrinə baha başa gəlib. Suriyanın paramparça olduğu, İran rejiminin öz xalqı tərəfindən küçə nümayişləri ilə sarsıldığı, Rusiyanın Ukrayna müharibəsində GEOSİYASİ BATAQLIĞDA boğulması tablosu gözlərimizin önündədir. Belə halda ağıllara tək SUAL gəlir. Yeni dönəmə və dəyişimlərə HAZIRIQ (MI ?)…

Pərviz Əliyev, politoloq

Bənzər yazılar

Back to top button