Hadisə

Mühasib səfirin imzasını saxtalaşdırıb 1 milyon mənimsəyib – İttiham aktı

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində 15 il mühasib işləmiş Zərifə Abbasova təşkilatın 1 milyon manata yaxın vəsaitini mənimsəməkdə ittiham olunur. İddia edilir ki, mənimsəmə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və qurumun daha bir diplomatının imzaları və möhürünün ələ keçilməsi yoluyla baş verib.

AzToday.az “Meydan TV”yə istinadla xəbər verir ki, Zərifə Abbasova cinayət məsuliyyətinə cəlb edilib. O, hazırda həbsdə olmasa da, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun işini Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Mayın 11-də keçirilən məhkəmə iclasında prokuror Orxan Səmədov ittiham aktını elan edib. Orada göstərilib ki, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi vəzifəsində çalışıb. O, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə köçürülən pulları mənimsəmək üçün nümayəndəliyin rəhbəri, səfir Peter Mixalko və digər məsul şəxsin imzasını, həmçinin möhürü əldə edib. Cinayət işinin materiallarında iddia olunur ki, Zərifə Abbasova ödəniş tapşırıqlarıyla bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb, nümayəndəliyin Beynəlxalq Bankdakı hesabındakı pulları ələ keçirib.

“Zərifə Abbasova 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasib vəzifəsində işləyərkən təşkilatın bank hesabında olan vəsaitləri nağdlaşdırıb. Həmçinin saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda pulları özünün əməkhaqqı kartına köçürərək, təşkilata məxsus 983 min 254 manatı mənimsəyib”, – ittihamda yazılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

İttihama münasibət bildirən Zərifə Abbasova deyib ki, özünü qismən təqsirli bilir. O bildirib ki, 983 min manat yox, təşkilatın 50 min manat pulunu mənimsəyib. Qalan məbləğə gəlincə, o, bu haqda heç nə deməyib.
Zərifə Abbasova bildirib ki, səhhətində ciddi problemlər var. Bu səbəbdən hazırda ifadə verə bilmir.

Onun vəkili Əlövsət Abbasov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin sağlamlıq problemi olduğunu görə xəstəxanada müalicə alıb, mayın 8-də evə buraxılıb:

“Hazırda evdə müalicəsini davam etdirir. Zərifə Abbasova indi ifadə verməyə hazır deyil. Onun müalicəsini davam etdirə bilməsi, həmçinin ifadə verməyə hazırlaşması üçün iki həftə vaxt verməyinizi xahiş edirik”.
Məhkəmə vəkilin şifahi vəsatətini nəzərə alıb və onlara iyunun 1-nə qədər vaxt verilib.

Bənzər yazılar

Back to top button