Cəmiyyət

“İrəvan xanlığı” kitabı Küveyt Milli Kitabxanasının girişində sərgiyə qoyulacaq (FOTO)

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveyt Milli Kitabxanasının rəisi Şeyxa Raşa Naif Əl-Cabir Əl-Sabah ilə görüşüb.

Tarix İnstitutundan Qaynarinfo-ya verilən məlumata görə, nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, “Qarabağ tarixi” şöbəsinin müdiri, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli və eyni adlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmudova daxildir.

Yaqub Mahmudov Azərbaycanda Küveytə böyük sevgi və məhəbbət olduğunu söyləyib. O deyib ki, Əndəlus ilə İrəvan xanlığı oxşar tale yaşayıb: “İndi Əndəlusda möhtəşəm islam mədəniyyəti yoxdur, məhv edilib. Küveytdə təqdimatını keçirdiyimiz “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı sübut edir ki, İrəvan xanlığı da islam dövləti idi. XIX əsrin əvvəllərində çar Rusiyası bu dövləti işğal etdikdən sonra bura erməniləri köçürdü. Və artıq orada da türk-islam mədəniyyəti yoxdur, məhv edilib”.

Akademik qeyd edib ki, bütün dünyada islama qarşı hücumların olduğu bir dövrdə islam dünyası birləşməli və islam mədəniyyəti qorunmalıdır: “Hazırda bütün müharibələr islam ölkələrində aparılır, müsəlmanlar soyqırımlarına məruz qalır və tarixi abidələr dağıdılır. Körfəz müharibəsi Küveyt xalqına dəhşətlər gətirib, indi belə bir müharibə Qarabağda gedir. Xristian dövlətlərinin yardım etdiyi ermənilər Azərbaycan torpaqlarını işğal edib, 1 milyondan çox vətəndaşımız qaçqındır. Dünyada ən çox qaçqın islam ölkələrindəndir. Buna görə də Azərbaycan və Küveyt xalqlarının birləşməsi zəruridir”.

Yaqub Mahmudov Küveyt Milli Kitabxanasında Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin – “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarının təqdimatını keçirib və həmin kitabları kitabxanaya hədiyyə edib.

Küveyt Milli Kitabxanasının rəisi bildirib ki, yaxınlarda “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının elektron variantı kitabxananın elektron kataloquna daxil ediləcək. Həmçinin, institutun bu nəşri kitabxananın əsas girişindəki sərgidə də nümayiş etdiriləcək.

Bənzər yazılar

Back to top button