İqtisadiyyatManşet

Nəqliyyatda yenidən gediş haqqı artırılmasından danışırlar

Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən bir sıra şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsindən narazıdırlar. Onlar bu məsələ ilə bağlı Baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayıblar.

Müraciət müəlliflərindən “Xaliq Faiqoğlu” şirkətindən “Turan”a bildirilib ki, bu il yanvarın 31-dən gediş haqqının 10 qəpik artırılmasından dərhal sonra dizel yanacağına görə verilən subsidiya kəsilib və bu, onların fəaliyyətinə ciddi çətinliklər yaradıb: “Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk”.

Şirkətlər hökumətdən subsidiyanın bərpasını tələb edirlər.”2021-ci ildə ölkədə dizel yanacağının qiyməti 33 faiz bahalaşaraq 80 qəpik müəyyən edilib. Hazırkı vəziyyətdə dizel yanacağına görə verilən subsidiyanın dayandırılması bu sektorda yenidən iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmaqdadır”, -müraciətdə vurğulanır.

Subsidiya dizel yanacağına görə (artım nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi qədər hesablanır. Lakin bu, sərnişindaşıma xidmətindən gələn vəsaitin 10 faizindən aşağı olmalıdır.

Müraciətə, hələlik, Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Turan”a deyib ki, hər bir sahədə çalışan şirkətlər gəlirlə işləməlidir. Amma onun sözlərinə görə, bəzən dotasiya ilə işləyən sahələr həmin dotasiyanı alsınlar deyə, öz gəlirlərini gizlədirlər: “Ona görə də hesab edirəm ki, sərnişindaşımada birbaşa xərclər dəqiq öyrənməlidir. Əgər, doğrudan da, onların gəlirləri xərclərini ödəmirsə, subsidiyaların verilməsi lazımdır, çünki vətəndaş və əhali ilə bağlı xidmət sahəsinə subsidiyalar lazımdır”.

İqtisadçı Nazim Bəydəmirli da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda subsidiyalaşma böyük bir maliyyə mexanizmi vasitəsilə mənimsəmələrə yol açır: “Burada sual olunur: dövlət niyə subsidiyalarla məşğul olur? Biz kənd təsərrüfatında subsidiyalaşmanı bilirik. Hesablama Palatasının hesabatı və Maliyyə Nazirliyinin rəylərinə görə, bu, mənimsəmələrə yol açır”.

Onun sözlərinə görə, ümumiyyətlə, subsidiyalaşma bazar iqtisadiyyatında doğru deyil: “Dövlət büdcəsi hesabına bazar iqtisadiyyatında heç bir zaman nəqliyyat şirkətləri saxlanılmamalıdır. Açıq tender keçirilməlidir və müəyyən marşrutlar özəl şirkətlərə verilməlidir. Ancaq Azərbaycanda dövlət hər işə qarışır. Dövlət Tarif Şurasının vasitəsilə özəl sektorun göstərdiyi xidmətlərə tarif müəyyən edir. Yəni, bir ayağımız qalıb sosializmdə, bir ayağımız isə kapitalizmdə”.

Bənzər yazılar

Back to top button