Hadisə

Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədrini neçə il həbs gözləyir?

Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva cinayət əməlində ittiham olunur. İddialara görə o, bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən 1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızının ölüm faktını gizlədib və mərhumun təqaüd kartına sahiblənib. İki il sonra isə mərhumun ölümü ilə bağlı saxta arayış verib.

Məsələ ilə bağlı, Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.

Bizim.Media-ya danışan Aygün Mirzəyeva məsələ ilə bağlı hələ də Lənkəran Prokurorluğunda istintaq işləri getdiyini deyib:

“Elə bir texniki səhv etdilər ki, adam öldürməkdən də betərdir. Hələki iş gedir”, – deyə bələdiyyə sədri əlavə edib.

Qeyd edək ki, sözügedən fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Bəs, həmin maddələr əsasında bələdiyyə sədrini neçə il həbs gözləyə bilər?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin sözlərinə görə həm 313 (vəzifə saxtakarlığı), həm də 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələrində cərimə ilə yanaşı azadlıqdan məhrumetmə cəzası var:

“313-cü maddədə 2 il, 320.2-ci maddədə isə 1 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Adətən bu maddələrlə azadlıqdan məhrumetmə verilmir. Ya cərimə, ya da şərti cəza verilir. Cərimə məbləği isə hər iki maddəyə görə ayrı-ayrılıqda 3000 min manata qədərdir. Hər halda bələdiyyə sədri bu əməli nəyinsə müqabilində və tamah məqsədilə edib. Əgər qrup üzvüləri etiraf etsələr ki, bələdiyyə sədrinə və ya sənədi tərtib edənlərə rüşvət veriblər. O zaman cinayət işinə korrupsiya ilə bağlı maddə də əlavə olunacaq. Çünki sənədin çıxarılması xahişlə mümkün ola bilməz. Bəlli məsələdir ki, burada qanun pozuntusu baş verib”.

Vəkil əlavə edib ki, bələdiyyə sədrinin məhkəməyə qədər həbs olunmaması ona görədir ki, Məcəllədə 2 ildən artıq cəza göstərilmir:

“Yəni, qanunla həbs qəti-imkan tədbiri 2 ildən artıq cəza olan cinayət əməlinə görə seçilir. Ola bilər ki, bu maddəni ona görə saxlayıblar ki, şəxsə həbs qəti-imkan tədbiri tətbiq edilməsin. Yaxud bələdiyyə sədrinə hər iki maddə ilə cəza verilə bilər. Əgər dünyasını dəyişmiş şəxin təqaüdündən bələdiyyə sədrinə də pay düşübsə, o zaman ona əlavə olaraq 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), maddəsi ilə də iş açıla bilər. Vəzifəli şəxsdirsə, onun bu addımı korrupsiya əməli sayılır”.

Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib.

Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər.

Məlumatı Bizim.Media-ya verən mənbənin iddiasına görə bələdiyyə sədri Aygün Mirzəyevanın anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib.

İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib. Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib. Mərhum dünyasını dəyişərkən ona qeydiyyatda olduğu ünvandakı tibb müəssisəsi tərəfindən ölüm kağızı verilməyib. Amma Lənkəran şəhər “Böyük bazar” qəbiristanlığında dəfn edilib.

Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva barəsindəki ittihamlarla razılaşmayıb və yeni işə götürdüyü işçisinin texniki səhvə yol verdiyini bildirib.

Görünən qədərilə, cinayət əməlində Lənkəran şəhər bələdiyyəsi ilə yanaşı TƏBİB də məsuliyyət daşıyır. Hərçənd ki, TƏBİB təxminən bir aydan çoxdur ki, onlara bu barədə ünvanladığımız sorğumuzu hələki cavablandırmayıb.

Belə ki, ölüm faktının hansı məqsədlə və necə gizlədilməsi, mərhumun ailəsinə ölüm kağızı verilməməsi, ölən şəxsin adına olan bank kartının ləğv olunmaması, DSMF tərəfindən təyin olunan təqaüdün kəsilməməsi məsələləri isə müəmmalı olaraq qalır…

Mənbə: Bizm.Media

Bənzər yazılar

Back to top button