İqtisadiyyat

Şirkət rəhbəri Mikayıl Cabbarova videomüraciət etdi

O, “Silk Way Airlines” və Gömrük Komitəsi tərəfindən sıxışdırıldığını deyir

“Mover” daşıma şirkətinin rəhbəri Arif Şəmistanlı iqtisadiyyat naziri Mikayıl Cabbarova videomüraciət edib.

O, beş aydır ki, “Silk Way Airlines” Azərbaycan hava yükdaşımaları şirkəti və Dövlət Gömrük Komitəsi tərəfindən bazarda sıxışdırıldığını deyib.

Arif Şəmistanlı şirkətin müflisləşmə həddində olduğunu bildirib: “2015-ci ildən bazardayıq. “Silk Way” şirkəti və Dövlət Gömrük Komitəsi öz şirkətlərini önə çəkmək üçün bizi sıxışdırmağa başladılar. Bizi sıxışdırıb bazardan kənarda qoydular. “Mover” 2020-ci ildə daşımaların 30 faizini, 2021-ci ildə 10 faizini, 2022-ci ildə isə 3 faizini həyata keçirirdi. 2023-cü ildə isə “Mover” artıq biabrçı səviyyədə müflisləşmə vəziyyətinə gətirilib”.

“Aşağılarda vəziyyət yaxşı deyil. Güvənib, inandığınız qurumlar sizin düşündüyünüz kimi davranmırlar. İstər dövlət qurumları, istərsə də böyük özəl şirkətlər bizə quyu qazırlar. Gördüyümüz işləri hansısa formada qaralamağa çalışırlar. Bunlardan başlıcası “Silk Way” şirkətidir. Bu şirkət dəfələrlə yüklərimizi daşımaqdan imtina edib. Bizi müştərilər qarşısında pis vəziyyətdə qoyublar. Karqo terminal rəhbərliyi gələn yüklərə real olmayan rəqəmlər üzərindən pul hesablamağa başlayıblar. Yüklərimiz hər dəfə fərqli bəhanələrlə Gömrük Komitəsində saxlanlılıb”, – deyə o qeyd edib.

Şirkət rəhbəri bildirib ki, bilərəkdən onları gözdən salmağa çalışırlar: “Şirkətin və mənim nüfuzumla oynayırlar. İstənilən sektorda, istənilən formada bizim qarşımızı kəsirlər. 1500 nəfərə yaxın insan aldıqları məhsulları hazırda ölkəyə gətirə bilmir. Səbəb də adını çəkdiyim qurumların şirkəti müflis etməkləridir”.

“Dörd beş ay bundan öncəyə qədər 50 nəfər əməkdaşı olan bir şirkət, bazarda infrastruktur quran bir şirkət səkkiz il faəliyyət göstərdiyi halda necə bacarıqsız ola bilər? Bir insanı cəmiyyət qarşısında dələduz etiketi yapışdırmağa çalışırlar. Xahiş edirəm, bu məsələlərə müdaxilə edin”, – deyə şirkət rəhbəri qeyd edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Meydan TV-yə məsələyə münasibət bildiriləcəyi deyilsə də, sonradan qurumun mətbuat xidməti zənglərə cavab verməyib.

Sonradan qurum “Facebook” səhifəsində açıqlama yayıb: “Bu gün sosial şəbəkə səhifələrində “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlının videomüraciəti yayımlanıb. Rəhbəri olduğu şirkətin müflisləşməsində gömrük orqanlarını ittiham edən Arif Şəmistanlı mayın 12-də Dövlət Gömrük Komitəsinə dəvət edilib və müraciətində qaldırdığı məsələlər nəzərdən keçirilib. İlkin məlumata əsasən 2023-cü ildə “Mover” MMC sürətli daşımalarla az həcmdə məşğul olub və onun rastlaşdığı çətinliklər daha əvvəlki illərə təsadüf edir. Hazırda məsələ ilə bağlı müvafiq araşdırma aparılır”.

“Silk Way Airlines” Azərbaycan hava yükdaşımaları şirkətinin əməkdaşı Meydan TV-nin sorğusunu cavablandırmadan dəstəyi asıb.

2023-cü il aprelin 29-da Türkiyədə keçirilən “TEKNOFEST” tədbiri çərçivəsində Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” Azərbaycanın hakim ailəsinə məxsus “PASHA Holding”lə müqavilə bağlaması yerli daşınma şirkətlərini narahat duruma salıb.

“Trendyol”un birbaşa evlərə çatdırılma xidməti göstərməyə başlaması da bu narahatlığı artırıb.

Bu barədə Meydan TV-yə adlarının açıqlanmasını istəməyən daşınma şirkətlərindən bir neçəsinin rəhbəri danışıb.

Azərbaycanda son 2-3 ildə karqo şirkətlərinin sayı 200-ə çatıb.

Bənzər yazılar

Back to top button