ManşetSiyasət

Zərdüşt Əlizadə: ‘Şarl Miselin bəyanatında məni iki məqam sevindirdi’

Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyan ilə növbəti görüşü olub. 2021-ci ilin sonundan bəri bu formatda keçirilən beşinci görüşdən sonra Aİ Şurasının rəhbəri deyib ki, liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər: “1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29 min 800 kv.km), Azərbaycanın (86 min 600 kv.km) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdilər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq”.

Onun sözlərinə görə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər.

Görüşlə bağlı Azərbaycan hökumətinin təmsilçiləri də razılıqlarını ifadə ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hesab edir ki, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbiti müstəsna əhəmiyyət kəsb edir.

Deputat Rasim Musabəyovun da mövzu ilə bağlı “Turan”a deməsinə görə, bütün bu proseslər göstərir ki, sülhə doğru səylər zəifləməyib, əksinə, güclənib: “Mən Brüsseldəki görüşü müsbət dəyərləndirirəm. Orada gözlənilirdi ki, Vaşinqtonda tərəflərin yaxınlaşma mövqeyi birinci şəxslər səviyyəsində təsdiqlənəcək. (Mayın əvvəllərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda dörd gün müzakirə aparıblar) Bu, baş verdi. Tərəflər elan etdilər ki, bir-birinin ərazi bütövlüyü Almatı deklarasiyasına uyğun şəkildə təmin olunmalıdır”.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 19-da Moskvada gözlənən görüşü ilə bağlı isə R.Musabəyovun sözlərinə görə, Moskva, demək olar ki, oyundankənar bir vəziyyətdədir: “Ancaq hər bir halda Moskva mövcuddur və onsuz da mümkün deyil”.

Siyasi şərhçi Zərdüşt Əlizadənin AzadlıqRadiosuna deməsinə görə isə, ən böyük nəticə odur ki, görüş gerçəkləşib: “Şarl Miselin bəyanatında məni iki məqam çox sevindirdi. Biri odur ki, tərəflər delimitasiya işini ciddi müzakirə edəcəklərinə razılığa gəliblər. Əslində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyandan sonra Azərbaycan ordusu Ermənistan tərəfdə tutduğu ərazidən çəkiləcək, amma bunun müqabilində Ermənistan Qarabağdakı qanunsuz silahlı birləşmələrini çıxarmalıdır. Bunlar təmin edilsə və anklavlar ən azından müzakirə edilməyə başlasa, sərhədlər, demək olar ki, bəllidir”.

Ermənistan tərəfi dəfələrlə bəyan ediblər ki, onlar Qarabağ ərazisindən silahlı qüvvələrini tam çıxarıblar. Onların deməsinə görə, Qarabağın “müdafiə ordusu” onlara aid deyil. Üstəlik, hər iki tərəf müəyyən ərazilərinin hələ də işğalda qaldığını bildirir.

Z.Əlizadənin vurğulamasına görə, ikinci pozitiv məqam Ermənistanın Zəngəzur yolunun çəkilməsinə razılıq verməsidir: “Nəzərə alsaq ki, bu razılıq Brüsseldə verilib, yolun çəkilməsinin maliyyə tərəfini Avropa İttifaqı öz üzərinə götürəcək”.

Moskva görüşünə gəlincə, Z.Əlizadə deyib ki, Azərbaycan Rusiyanın mövqeyini bir daha eşidəcək: “Amma bu o demək deyil ki, həm Mirzoyanın, həm Bayramovun (Ermənistan və Azərbaycanın xarici işlər nazirləri) orada öz iradəsini diktə etməyə imkanı yoxdur. Var. Görüşmək lazımdır”.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Tərəflər arasında bu formatda son görüş ötən ilin avqustunda gerçəkləşmişdi.

Bənzər yazılar

Back to top button