Siyasət

Ermənistan və Qarabağdan Brüssel görüşünə reaksiya suallar doğurur

Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən bir gün sonra rəsmi Yerevan öz qiymətləndirmələrilə çıxış etməyib.

Məlum olduğu kimi, Bakı Şarl Mişelin bəyanatında göstərilən nəticələri alqışlayıb.

Yerevandan xarici işlər nazirinin müavini Paruyr Ovanisyanın şərhləri səslənib.

Brüsseldə “Azərbaycanın anklavlarının ona qaytarılması məsələsi qaldırıldımı?” sualına cavabda Ovannisyan deyib ki, nə əvvəllər, nə də indi bununla bağlı hər hansı diskussiya barədə eşitməyib.

Eyni zamanda, o hesab edir ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çəkilməsi deməkdir”.

Regional kommunikasiyaların açılması çərçivəsində yolların tikintisinə gəlincə, Ermənistan həmin kommunikasiyaların statusuna “dəqiq zəmanətlər” almalıdır.

“Kommunikasiyaların açılması çərçivəsində respublika ərazisindən keçəcək yollar yalnız Ermənistanın yurisdiksiyası altında olmalıdır. Və yalnız dəqiq zəmanətlər alındıqdan sonra tikinti işlərinin başlanmasından danışmaq olar”,- Ovannisyan deyib.

Öz növbəsində, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri, Vətəndaş Müqaviləsi Partiyasından deputat Andranik Köçəryan hesab edir ki, Brüssel görüşü ilə bağlı tələsik nəticə çıxarmaq lazım deyil.

“Hesab etmək olarmı ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımır?” Köçəryan bu sualın cavabında deyib ki, hələlik danışıqlar gedir və strategiya dərc olunanda nəsə demək mümkün olacaq. Eyni zamanda, o deyib ki, “Ermənistan bütün danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin Dağlıq Qarabağın öz ərazisi və statusu var. Bu gün Dağlıq Qarabağ yəqin ki, ən müstəqil dövlətdir və yaxın 3-4 il ərzində onlara qalacaq”, – o deyib.

Ermənistan hakimiyyətinin Dağlıq Qarabağın özünütəyin məsələsini qaldırmamasına dair irada cavab olaraq Köçəryan deyib: “Dağlıq Qarabağ xalqı bundan başqa məsələ qaldırmayıb”. Onun sözlərinə görə, Dağlıq Qarabağ öz həyatını “özünün elan etdiyi standartlar əsasında” qurub, “Sputnik Armeniya” Köçəryandan sitat gətirir.

“Qarabağın keçmiş xarici işlər naziri” David Babayan daha kəskin çıxış edərək Brüssel görüşünü “1938-ci il Münhen sövdələşməsi” adlandırıb. “Mişel bizi konsentrasiya düşərgəsinə götürmək istəyir?»

O, rəsmi Yerevandan Ermənistanın Mişelin təkliflərilə razılaşmasına dair açıqlama və təkzib tələb edib.

Babayan Qərbi ermənilərə xəyanət etməkdə günahlandırıb və Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı rolunu yerinə yetirməyə çağırıb.

Onun sözlərinə görə, Qarabağ erməniləri Azərbaycanın yurisdiksiyası altında yaşamayacaqlar.

“Hazırda iki seçim var: sona qədər mübarizə və ya yəhudilərin Misiri tərk edərkən etdikləri kimi, genofondun saxlanması üçün Bibliya nəticəsi”, – o deyib.

Əgər bütün deyilənləri ümumiləşdirsək, demək olar ki, erməni cəmiyyəti Azərbaycanla münaqişənin başa çatmasına hazır deyil.(Turan)

Bənzər yazılar

Back to top button