Dünya

ABŞ-ın nəhəng hərbi büdcəsinin detalları açıqlandı

ABŞ Müdafiə Nazirliyi 2021-ci il maliyyə ili üçün büdcə tələbi ilə bağlı hesabatını açıqlayıb. Hesabatda Pentaqonun əsas müdafiə xərcləri üçün Konqres 636,4 milyard dollar vəsait tələb etdiyi qeyd olunub. Bundan başqa müharibə büdcəsi olaraq qeyd edilən xarici əməliyyat xərcləri üçün 69 milyard dollar ayrılması istənilir. Bunun 13,4 milyard dolları əməliyyat və birliklərin qorunması, 16,2 milyard dolları regional dəstək, 7,6 milyard dolları hərbi ləvazimat və müharibə hazırlığı üçün, 300 milyon dolları isə təhdid şəbəkələrini pozmaq və müqavimət üçün nəzərtə tutulur.

Regional dəstək üçün tələb olunan vəsait İraq, Əfqanıstan və Suriyada xidmət aparan silahlı qüvvələrə yönləndiriləcək.

Xarici təhdidlərlə mübarizə üçün nəzərdə tutulan 300 milyon dollar isə Çin, Rusiya, Şimali Koreya və digər rəqib dövlətlərin bölgələrdə ABŞ qüvvələrinə qarşı təhdidlərini dəf etmək üçün xərclənəcək.

Hesabatda həmçinin xarici əməliyyatlar çərçivəsində “Gizli proqramlar” üçün 5,1 milyard dollar tələb edildiyi də qeyd edilib. Xatırladaq ki, bu il sözügedən sahəyə 10,3 ; 2019-cu ildə isə 9,9 milyard dollar vəsait ayrılmışdı. Rəqəmlər onu göstərir ki, Pentaqon “gizli proqramlar” üçün xərclərini yarıbayarı azaltmaq niyyətindədir.

Bununla yanaşı Əfqan təhlükəsizlik qüvvələrinə dəstək üçün 4 milyard, Əfqanıstandakı koalisiya qüvvələrini dəstəkləmək üçün isə 400 milyon dollar istənilir.

Beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıq üçün 600 milyon dollar tələb edilən hesabatda, sabiq prezident Barak Obamanın Rusiyaya qarşı başlatdığı Avropada Çəkindirmə Təşəbbüsü üçün 4,5 milyard dollar istənilib.

Bundan əlavə büdcədə Suriya və İraqda İŞİD-lə mübarizə çərçivəsində təlim-təchizat proqramına 845 milyon dollar ayrılması nəzərdə tutulur.

Hesabatda Pentaqonun 2018-ci ildə yayımladığı və Rusiya ilə Çini nəzərdə tutan “böyük güc rəqabətinin” ABŞ üçün ən önəmli təhdid olduğuna diqqət çəkilən Milli Müdafiə Strategiyası Sənədindəki tədbirlərə 49,2 milyard dollar xərclənəcəyi proqnozlaşdırılır. Bu məqsədlə nüvə sistemləri, B-21 tipli qırıcılar, uzunmənzilli silahlar və sualtı gəmilər üçün raket xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə 21,9 milyard dollar tələb edilir.

Həmçinin Kosmos xərcləri üçün 18, kibertəhlükəsizlik və kiberfəaliyyətlərə 9,8 milyard, 5G texnologiyası üçün 1,5; avtomatlaşdırma sistemlərinə 1,7; süni intellekt sistemlərinin inkişaf etdirilməsi üçün isə 800 milyon dollar istənilib.

Büdcə yaxın müddətdə Konqresə təqdim ediləcək.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi üçün büdcədən ötən il 614,4 milyard, 2018-ci ildə isə 599,6 milyard dollar vəsait ayrılıb.

Bənzər yazılar

Back to top button