İdman

Bir faciənin izi ilə: defibrillyator tələb olunmalıdı!

“Qarabağ”ın əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin faciəvi ölümündən bir həftədən artıq vaxt keçir. Bu müddət kəsiyində Sport24.az olaraq hadisənin təfərrüatına dair jurnalist araşdırması apardıq, nəyin necə və nə vaxt baş verdiyini öyrəndik. Sırf Azərbaycanın mental dəyərlərini nəzərə alaraq, hadisənin təfərrüatlarına baş vurmayacağıq. Ancaq məsələnin digər tərəfi də var…

“Torpağın üzü soyuq olar”, – deyib atalarımız. Biz də futbolumuzun üstünü bürüyən bu gərginliyin bir qədər azalmasını gözlədik. Bu yazıda biz ölüm hadisəsinin izi ilə getməyəcəyik, tam fərqli yanaşmayla həm oxucularımızın, həm də futbol təsərrüfarımızda yer alan insanların analoji vəziyyətlə üzləşmə zamanı sağ qalma şanslarının artması yönündə hansı addımların atılmasının zərurəti barədə bəhs edəcəyik.

Şirxanın infarkt keçirdiyi an həkimlərin əlinin altında defibrillyator olsaydı, futbolçunun həyatını xilas etmək şansı xeyli artardı. Bəs defibrillyator nədi?

Ürəyə elektrik şoku verən tibbi cihazlara defibrillyator deyilir. Məşhur inancın əksinə olaraq, ürək dayandıqdan sonra defibrillyatorlar istifadə edilmir. Əslində, yüksək elektrik cərəyanı nizamsız və ya dayanmağa çox yaxın olan ürəyi çox qısa müddətə dayandırır. Beləliklə, ürəyin köhnə iş mexanizminə qayıtmasına imkan verir. Defibrillyatorlar, narahat olan ürəyin bir müddət sonra tamamilə dayanmasının qarşısını almaq üçün istifadə olunur. Ürək dayandıqdan sonra defibrilatorun istifadəsi faydasızdır. Ürəyi defibrillyatorla vurmaq ürəyi çox qısa müddətə dayandırır. Defibrillyasiya tətbiqi işə yarayarsa, dayanmış ürəyə beyindən çatan sinir hüceyrələri dərhal yeni siqnallar verməyə davam edər və beləliklə də ürək əvvəlki kimi işləməyə davam edər. Bu tətbiq ürəyi sıfırlamağa bənzəyir.

Defibrillyatorun effektivliyi barəsində də bir əyani misal çəkək. Fevralın 12-də Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində məşq zamanı Ukrayna “Zarya”sının müdafiəçisi Oleq Dançenko infarkt keçirib. Xoşbəxtlikdən yaxında avstriyalı həkimlər olub. Aşağı divizion təmsilçisi olmasına rəğmən, Avstriya klubunun həkimlərində defibrillyator olub və məhz bu cihazın köməyi ilə futbolçunu ölümdən qurtarmaq mümkün olub.

Ötən il sözügedən cihaz Premyer Liqa klublarının A komandalarına AFFA tərəfindən hədiyyə edilib. Aydın məsələdir ki, istənilən yaş qrupu üzrə komandaların məşqi və ya oyun zamanı hansısa oyunçu infarkt keçirə bilər. Defibrillyatorun nə qədər önəmli olması haqda az öncə yazmışıq. Belə olduğu halda, bütün yaş qrupları üzrə komamdalarda bu cihazın olması mütləqdir. Hətta yetər ki, məşq və oyun keçirilən stadionlarda olsun. Çünki bu cihaz kritik vəziyyətin ilk 5 dəqiqəsində mühüm xilasedici rolu oynayır. Hər ötən 5 dəqiqə isə şansları azaldır. Apardığımız araşdırmalar göstərir ki, bir defibrillyatorun qiyməti 2 min manat civarındadır.

Faciə “Qarabağ”ın başına gəlib. Elə tək “Qarabağ”ın direktoru Emrah Çelikelin aylıq maaşıyla 10 defibrillyator almaq mümkündü. Bir adam ki, futbolçusunun adının nə A, nə B komandasının iştirak ərizəsində olmamasını (Qaspar Panadero) bilmir, həm Allah, həm bəndələr qarşısındakı günahının heç olmasa azacıq hissəsini bu cür savab işlə yuya bilər.

Ancaq Emraha bel bağlamaq əlbəttə ki, absurddur. Bu səbəbdən də üzümüzü tuturuq klublara. Baş vermiş hadisədən ibrət götürün, növbəti mövsüm üçün hər klub 10 defibrillyator alsın və bütün yaş qrupları üzrə komandalar bu cihazla təchiz olunsun. Bəli, belə hal 5-10 ildə bir dəfə olur. Amma 20-30 min manat insan canından dəyərli ola bilməz! Özü də söhbət 40+ yaşında insandan yox, yeniyetmə və gənclərdən gedir.

Məsələ ilə bağlı Peşəkar Futbol Liqasına da müraciət etmişik. Ki, İcraiyyə Komitəsində bütün məşq və matçlar keçirilən stadionlarda defibrillyatorun olması tələbi qoyulsun. Təəssüf ki, hələlik cavab gəlməyib. Ancaq inanırıq ki, çempionatın keçirilməsinə məsul qurum sorğumuza cavab olaraq, əməli addımlar atacaq və artıq növbəti mövsümdən qaldırdığımız məsələ həllini tapacaq.

Sport24.az

Bənzər yazılar

Back to top button