Hadisə

Məhkəmə sayğac göstəricilərinin silinməsi barədə qərarı nəyə əsasən çıxarır?

“Məhkəmələrin çıxardığı əsassız qərarlar “Azəriqaz” İstehsalat Birliyinin debitor borcunun şişirdilməsinə səbəb olur”.

Bunu e-huquq.az-a açıqlamasında “Azəriqaz” İB-in nümayəndəsi, vəkil Səyyad Mirzəyev deyib.

Onun sözlərinə görə, bəzi hallarda məhkəmə qazın verilişinin dayandırılmasını qadağan edən qərar qəbul edir ki, qarşı tərəf də bundan sui-istifadə edir və nəticədə “Azəriqaz” İB-in maliyyə dayanıqlığına mənfi təsir göstərir.

Vəkil bildirib ki, eyni problem “Azəriqaz” İstehsalat Birliyinin “Aqrosell” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı külli miqdarda borcun tutulması tələbinə dair iddia ilə bağlı yaşanır:

“Məhkəmə qərar qəbul edib ki, qazın verilişinin dayandırılması qadağandır. Dayandırdıqda da bildirirlər ki, məhkəmə qərarı var, niyə icra etmirsiniz? Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səadət Bektaşi “Aqrosell” MMC-nin sayğac göstəricilərinin silinməsi barədə qərar çıxarıb. Sayğac göstəricilərini niyə silirlər? Əgər sayğac göstəriciləri mübahisələndirilirsə, sayğacın özünün işlək vəziyyətdə olması mübahisə predmeti deyilsə, məhkəmə necə bununla bağlı belə bir qərar çıxara bilər? Sayğac göstəricilərinin ləğv edilməsi ilə “Azəriqaz”a külli miqdarda zərər dəyib”.

S.Mirzəyev “Azəriqaz”ın məhkəmələrdə qarşılaşdığı problemlərlə bağlı hakimlərə də müraciət edib.

“Xahiş edirik ki, iddianın təmin etmə tədbirinin tətbiq edilməsi barədə qərarlar çıxararkən, “Qaz təchizatı haqqında Qanun”un 13.6.-cı maddəsinin, eləcə də iddia tələbi ilə tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını təsbit edən, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli qərarının tələblərini rəhbər tutsunlar və borcun mübahisələndirilən məbləği ilə məhdudlaşdırılmadan “təbii qazın verilməsinin dayandırılmasına yönələn hər hansı hərəkətin edilməsi”ni Birliyə qadağan olunması barədə qərardadlar qəbul etməsinlər. Əks təqdirdə “Azəriqaz” İB üzrə debitor borc əsassız olaraq süni surətdə şişirdilir və bu da Birliyin maliyyə dayanaqlığının sarsıdılmasına səbəb olur”, – deyə vəkil bildirib.

Vəkil sonda onu da qeyd edib ki, məhkəmələrdə qarşılaşdıqları bu kimi problemlərlə bağlı tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına müraciət olunacaq.

Bənzər yazılar

Back to top button