GündəmHadisəManşet

FHN-nin polkovniki “Range Rover”lə iki gənci öldürüb? – DİN təkzib edir (FOTO)

8 oktyabr 2022 ci il tarixində Bilgəh-Nardaran istiqamətində “Range Rover” markalı avtomobili yüksək sürətlə idarə edən şəxs qarşıdan gələn KİA markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində qarşıdakı avtomobildə olan 2 nəfər gənc, Göygöl sakinləri 2002-ci il təvəllüd Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüd Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olublar, digər gənc 1997-ci il təvəllüd Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanaraq, 22 gündür komadadır.

Qəza olan zaman polislər “Range Rover”in dövlət nömrə nişanlarını söküblər və ərazidə nə qədər mağaza, obyekt var gecə ilə gəlib hamısının kameralarını hədə-qorxu ilə söküb aparıblar. Müstəntiq də “Təhlükəsiz Şəhər” kamerasından görüntülərin verilməsi üçün sorğu göndərib, amma indiyə qədər görüntülər verilmir.

AzToday.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat paylaşıb. Onun sözlərinə görə,
“Range Rover”in üzərində “10DF090” dövlət nişanı olub.

“Bu da 1978-ci il təvəllüd, Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsin adına qeydiyyatdadır. Özü də Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli məmuru, polkovnik rütbəli şəxsdir, 2013-cü ildə İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Polkovnikin adına 90ND700 nömrəli MINI COOPER, 10GV700 nömrəli LEXUS LX570, 10BS700 nömrəli BMW 740LI, 10DF090 nömrəli RANGE ROVER, 10HA700 nömrəli PORSCHE PANAMERA, 90HD700 nömrəli KIA OPTIMA markalı avtomobillər var.

Cinayəti törətdikdən sonra başqa bir şəxs tapıb və qəzanı o üzərinə götürüb, özü isə cinayətdən yayınaraq məsələni ört-basdır etməyə çalışır…”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev isə jurnalistin dediklərini təkzib edib:

“Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ-də cinayət işi üzrə üzrə istintaq hərəkətləri aparılır. Bütün kamera görüntüləri müxtəlif ünvanlardan çıxarılaraq cinayət işinə əlavə edilib. Bu barədə zərərçəkmişlər və onların vəkili məlumatlandırılıb. Diqqəti hadisəni törətməyən şəxsin üzərinə yönəldilməsi şəxsi mülahizələrdir, hüquqi əsası yoxdur. Hadisə onlarla şəxsin gözü önündə baş verib. Həmin şəxslərin də şahid kimi ifadələri cinayət işinin materiallarında var”.

Qeyd edək ki, qəzadan sonra “Kia” markalı avtomobildən 40 min dollar oğurlanıb. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button