Dünya

“Keyfiyyətsiz demokratiya”

Türkiyə Cümhuriyyəti tarixinin ən mühüm iki seçkisinin heç birində ölkənin ən təcrübəli siyasət və dövlət adamı Tayyip Erdoğan istədiyi şəkildə qələbə qazana bilmədi: prezident seçkisində rəqibini məğlub etmək üçün yarım bala ehtiyacı olan Erdoğanın partiyası parlament seçkisində birinci olmasına rəğmən qanun layihələrini parlamentdən keçirə bilmək üçün bu dəfə də Milliyyətçi Hərəkat Partiyasının qeydsiz-şərtsiz dəstəyinə ehtiyac hiss edəcək. Prezident seçkisinin 28 mayda keçiriləcək ikinci turunda cənab Erdoğanın qələbə qazanması çətin olmayacaq. Müxalifətin namizədi Kemal Kılıçdaroğlunun ikinci turda seçilməsi üçün möcüzələrə ehtiyacı olacaq.

Təkbaşına iqtidarının 21-ci ilində Recep Tayyip Erdoğanın və onun AKP-sinin seçkilərdən yenə birinci sırada çıxması Türkiyə seçicilərinin təxminən yarısının hansı spesifik-xarakteristik cəhətlərini bir daha gözlər önünə sərdi? Tərəddüd etmədən ilk cavab kimi bunu deməliyik: 21 ildən bəri hörmətli Erdoğanın və AKP-nin ətrafında cəmlənmiş seçici kütləsi öz lideriylə mükəmməl kommunikasiya yaradıb. Onlar bir-birini çox yaxşı anlayır, cənab Erdoğan ən yoxsul tərəfdarlarının ərzaq, geyim-keçim və müəyyən miqdardakı pul problemlərini tərəddüdsüz şəkildə həll etməyi özünün əsas vəzifələrindən biri kimi görərkən sayı 12 milyonu keçən o yoxsul kütlə də bu xüsusiyyətinə görə, Erdoğana pərəstiş etmək nədir, onu peyğəmbər, hətta Allah kimi görməkdən qürur duyur. Bu sövdələşməyə sədaqət hər seçki ərəfəsində cənab Erdoğanın əlini gücləndirdiyi kimi, 12 milyonluq kütlə öz liderinə növbəti dəfə dəstək verməkdən aldığı zövqü bir daha yaşayır. Hər seçki ərəfəsində o kütləni “Biz getsək,sizə verilən mütfə ərzaqdan, geyim-keçimdən, puldan məhrum olacaqsınız” – ritorikasıyla qorxudan AKP idarəçiləri konsolidasiyanı qoruyub saxlamağa müvəffəq olurlar. Nəinki kitaba meyl etmək, qəzet oxumayan, övladlarını AKP-nin müəyyənləşdirdiyi dini məktəblərə göndərən o kütlənin dini əslində elə AKP-nin özüdür.

Bu sarsılmaz sövdələşməni laxlatmaq, ən azından, cənab Erdoğan həyatda olduğu müddətcə heç bir müxalif liderə nəsib olmayacağına görə, prezident seçkisinin 28 mayda keçiriləcək ikinci turuna mövcud prezident zərrə qədər narahatlıq hiss etmədən gedəcək. Bunun bir səbəbi də Erdoğanın o kütlələri sıx dini bağlarla Allahdan-peyğəmbərdən çox özünə bağlamasıdır. Bax, müxalifəti nəzərdə tutaraq, ”Bunlar iqtidara gəlsələr, Dini işlər idarəsini bağlayacaqlar”- sözünün ünvanı da həmin təbəqədir və cənab Erdoğanı itirmək qorxusu onlar üçün kabusa çevrilir.

27 mart 1994-cü ildə İstanbulun bələdiyyə sədri seçiləndən sonra addım-addım özünə bağlı varlılar zümrəsi yaradan Tayyip Erdoğan bu prosesi son 21 ildə də davam etdirərək o zümrənin özündən uzaqlaşmasına əsla icazə verməmişdir. Koç ailəsi istisna olmaqla, 3 noyabr 2002-ci ildəki seçki ərəfəsində AKP-yə dəstək vermiş Türkiyə kapitalizminin önəmli qismi Erdoğandan faydalana bilməmək bir yana, bəziləri iflas etdi, bəziləri Türkiyəni tərk etmək məcburiyyətində qaldı. Buna rəğmən, cənab Erdoğan dövlət tenderləri və özəlləşdirmələr vasitəsiylə tamamilə özünün nəzarətində olan bir varlılar zümrəsi yaratmağa müvəffəq oldu.

Süleyman Demirel və Turgut Özalın dönəmlərində də dövlət tenderləri vasitəsiylə varlanan şirkət sahibləri vardı. Ancaq Demirel və Özal o varlıları nəzarət altında saxlamağa gərək görməmişdilər. Bax,Erdoğanın hakimiyyətdə uzun müddət qalmasının əsas səbəblərindən biri də özünün yaratdığı varlılar zümrəsinin nəzarətdən çıxmasına imkan verməməsidir. 14 mayda keçirilən iki seçkidə də Erdoğan onların maddi dəstəyindən gen-bol istifadə etdi.

Meral Akşener 2016-cı ildə partiya yaratmaq üçün yola çıxanda prezident Erdoğanın Türkiyənin iqtisadi-maliyyə sistemini qıfıllayaraq açarını cibinə qoyduğunu yazmış və Akşenerin partiyanı hansı mənbələrdən maliyyələşdirəciyini soruşmuşdum. 14 mayda keçirilmiş iki seçkinin nəticələri göstərdi ki, Erdoğanın qıfılladığı maliyyə sistemini açmağa nəinki uzun möhlət üçün baş nazir olmaq xəyalları quran Akşenerin, heç ən yaxın möhlət üçün prezident olma xəyalları quran Kılıçdaroğlunun da gücü çatmayıb…

14 maydakı seçkinin demokratik atmosferdə keçirildiyini dəfələrlə yazdıq, yenə yazırıq: buna heç kimin şübhəsi olmamalıdır. Parlamentə girməyə müvəffəq olmuş iki blok arasındakı mandat sayının fərqinin vur-tut 40 olması demokratiyanın mühüm bir örnəyi olmaqla birlikdə, prezident seçkisinin ikinci tura qalması da siyasi sistemin funksionallığının başqa bir mühüm örnəyidir. Bunların hamısı gözəl.

Ancaaaq…

21 illik iqtidar partiyasını tərəddüdsüz dəstəkləyən seçici kütləsinin keyfiyyət səviyyəsi Türk demokratiyasının gələcəyi baxımından bir çox mühüm sualı da özüylə gətirib-gəlir.Çünki ərzaq, geyim-keçim və maddi dəstək üzərində qurulmuş AKP-seçici sövdələşməsiylə Erdoğan həyatda olduğu müddətcə hakimiyyətdə qalmaq olar. Ancaq bu sövdələşmələrin ölkədə demokratiyanın gələcəyinə verəcəyi töhfənin üstündən nəhəng bir sual işarəsi də həmişə asılı duracaq…

Bunun adı “Keyfiyyətsiz demokratiya” ola bilərmi?

Mayis Əlizadə

Turan.az

Bənzər yazılar

Back to top button