ManşetSiyasət

Dunya Miyatoviç: Azərbaycanda nələrinsə dəyişəcəyinə ümid etsək də, bu, baş vermir

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç “Amerikanın Səsi”nə müsahibəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. Jurnalistlərə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiq və təqiblərə toxunan Komissar bunun qəbuledilməz olduğunu deyib.

Daha əvvəl ATƏT-in media azadlığı üzrə nümayəndəsi vəzifəsini tutan Dunya Miyatoviç dəfələrlə Azərbaycanda olub. Miyatoviç o vaxtdan bəri ölkədə söz və media azadlığının vəziyyətində heç bir müsbət dəyişikliyin olmadığını, məhdudlaşdırıcı mühitin davam etdiyini, “Media haqqında” yeni qanunun da daha çox senzura və məhdudiyyətlər tətbiq etdiyini qeyd edib.

“Hazırda mandatım çərçivəsində insan hüquqları ilə bağlı bir neçə məsələni izləyirəm. Mandatımın əvvəlindən və 2019-cu ildə Azərbaycana səfərim zamanı ifadə azadlığı və sərbəst toplaşmaq azadlığı ilə bağlı mövzularla məşğul olmuşam. Mən o vaxt evlərinə qayıtmağı gözləyən və çətin günlər keçirən məcburi köçkünlərə də baş çəkmişdim. Uşaqlarla, amma o cümlədən qocalarla söhbət etmək imkanım olmuşdu.

Bu, əhatəli bir səfər idi. Azərbaycan hakimiyyəti o zaman mənə həbsxanaları ziyarət etməyə də şərait yaratmışdı. Mən 17 və 16 saylı cəzaçəkmə müəssisələrini ziyarət etmiş, o vaxt həbsdə olan Seymur Həzi və Əfqan Muxtarlıya baş çəkmişdim. Onlar sonradan azad edildilər. O vaxt müəyyən bir əməkdaşlıq var idi. Qaldırdığım mövzularla bağlı Ədliyyə naziri, Prezident Administrasiyası, Daxili İşlər Nazirliyi və bir çox başqa şəxslərlə çoxlu müzakirələr aparmış, hesabat hazırlamış və tövsiyələrimi bölüşmüşdüm.

Mən Azərbaycanda insan haqlarının vəziyyətini izləməyə, problemlərlə bağlı, əsasən də hüquq müdafiəçiləri və jurnalistlərin həbs edilməsi ilə bağlı məsələ qaldırmağa davam edirəm. Hazırda Bəxtiyar Hacıyevin işini yaxından izləyirəm. Onun aclıq aksiyası keçirməsi və səhhətinin pisləşməsi narahatlıq doğurur. Onun həbs qətimkan müddətinin bu yaxınlarda daha iki ay uzadıldığını öyrəndim və bunun səbəbini başa düşə bilmirəm. Ona bu cür əziyyət verilməsinə heç cür haqq qazandırmaq olmaz. Mən eyni zamanda Elçin Sadıqovun və Əvəz Zeynallının da məsələsini qaldırmışam. Ancaq təkcə bu adını sadaladığım şəxslər deyil, bir çox insanlar işlərinə və ya müəyyən məsələlərə fərqli baxışlarına görə hədəfə alınırlar”, deyə Komissar qeyd edib.

“Bu, qəbuledilməzdir və ilk belə hal deyil. Mən Azərbaycan hökumətinə dəfələrlə çox açıq şəkildə, xoş niyyətlə və hansısa həll yollarının olacağına ümid edərək narahatlığımı bildirmişəm. Təəssüf ki, onların bu və bir çox digər məsələlərə münasibəti ilə bağlı çox müsbət fikir söyləmək olmaz.

Diqqətlə izlədiyim digər məsələ 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla bağlıdır. O zaman mən Komissar kimi necə faydalı ola biləcəyimi görmək üçün dərhal həm Azərbaycan, həm də Ermənistanla əlaqə saxladım. Təbii ki, insan hüquqları məsələlərində, çünki mən siyasətçi deyiləm. Mən insanlarla görüşmək, danışmaq istəyirəm. Həssas qruplara, yaşlılara, uşaqlara, qadınlara baş çəkmək, onların problemləri ilə maraqlanmaq istəyirəm.

O vaxtdan Qarabağa səfər etmək üçün çox çalışıram. Azərbaycan hakimiyyətinin diqqətini çəkməyə və hətta birlikdə getməyi təklif etmişəm. Mən bilirəm ki, bu siyasi baxımdan olduqca həssas məsələdir, mən Azərbaycanın suverenliyini tanıyıram, bunu daimi ifadə etmişəm. Buna baxmayaraq indiyədək səfərim mümkün olmayıb”, deyə o qeyd edib.

KİV azadlığının vəziyyəti haqqında suala cavabda Miyatoviç bildirib ki, əvvəlki işində, ATƏT-in media azadlığı üzrə nümayəndəsi kimi media və ifadə azadlığı məsələsi ilə daha yaxından məşğul olub. Təbii ki, Azərbaycanda xüsusilə jurnalistlərin təhlükəsizliyi ciddi narahatlıq doğurur.

“Media azadlığı baxımından vəziyyət son dərəcə narahatedicidir. Mövcud qanunvericilik isə ümumilikdə söz azadlığına daha da mənfi təsir göstərir, daha çox senzura və məhdudiyyətlər tətbiq edir. Bu, təəssüf ki, Azərbaycanda və başqa bir neçə ölkədə artıq uzun müddətdir mövcud olan çəkindirici təsirə (chilling effect) malikdir. Yəni, başqalarına mesaj göndərmək ki, əgər siz müəyyən edilmiş qaydada davranmasanız, bu və ya digər şəxs və ya mövzu barəsində tənqidi fikir səsləndirsəniz, bu cür nəticələrlə üzləşəcəksiniz. Avropa Şurasının üzvü olan ölkələr 21-ci əsrdə belə davranmamalıdır”.

“Ölkədə media azadlığının məhdudlaşdırıcı və problemli vəziyyətini yaxşılaşdırmaq üçün hökumət tərəfindən heç bir həqiqi siyasi iradə görmürəm. Sərbəst toplaşmaq azadlığı məsələsinə toxunmadan Azərbaycanda media azadlığından danışmaq mümkün deyil. İnsanlar hər hansı bir mövzuda, o cümlədən qadın hüquqları və ya məişət zorakılığı ilə bağlı səslərini ucaltmaq üçün küçələrə çıxanda bu, problem yaradır və bütün dünya mətbuatının diqqətini çəkir”.

“Mən bilirəm ki, Azərbaycan hökuməti həqiqətən öz imicinə önəm verir. Ancaq həm imicə önəm verib, həm də söz azadlığına görə insanları həbs edirsənsə, problem yaranır. Əgər hamımız dürüst olsaq, hökumətlər bu məsələlərdə həqiqətən diqqətli olduqlarını, demokratiya, insan haqları və qanunun aliliyinə dəyər verən beynəlxalq ictimaiyyətin üzvü olmaq istəyirlərsə, onlar bunu təqdim etməlidirlər. Mənim Azərbaycandan da gözlədiyim budur”, deyə Dunya Miyatoviç qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button