GündəmİqtisadiyyatManşet

Azərbaycandakı “McDonalds”ın sahibinin adı 230 milyonluq “çirkli pul” qalmaqalında hallanır

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) İran əsilli iş adamı Cavad Marandinin çirkli pulların yuyulmasında iştirakına dair araşdırma aparır.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın aparıcı mətbuat orqanlarından olan BBC və “The Evening Standart” yayıb.

Qeyd edək ki, 2 il əvvəl Milli Məclisinin üzvü Cavanşir Feyziyevin də adı ofşor şirkətlərə qanunsuz pul köçürmələrdə hallanıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

O dövrdə Böyük Britaniya məhkəməsi araşdırmalarda Cavanşir Feyziyevlə birgə başqa bir iş adamının da adının keçdiyini bildirib. Lakin həmin şəxsin kim olduğu açıqlanmayıb.

BBC və “The Evening Standart” məhkəmənin bu qərarına etiraz edərək apelyasiya məhkəməsinə şikayət ediblər. Bir ildən çox davam edən məhkəmə prosesindən sonra araşdırmalarda Cavanşir Feyziyevlə birgə adı keçən şəxsin Cavad Marandi olduğu açıqlanıb.

Bildirilir ki, Cavad Marandiyə məxsus hesablara ofşor şirkətlərdən milyonlarla şübhəli vəsait daxil olub.

Cavad Marandinin vəkilləri yayılan iddiaları təkzib ediblər. Vəkillər bildirib ki, məhkəmənin Cavad Marandinin adını açıqlaması onun reputasiyasına ciddi ziyan vuracaq. Onlar bildirib ki, Marandiyə cinayət işi açılmayıb və rəsmilər tərəfindən ifadə verməyə çağırılmayıb. Eyni zamanda dünyanın heç bir yerində onun hər hansı biznesi ilə bağlı məhkəmə iddiası qaldırılmayıb.

Marandinin vəkilləri bildirib ki, pul köçürmələri tamamilə qanuni olub.

Məlumat üçün bildirək ki, 1968-ci ildə İranın paytaxtı Tehranda anadan olan Cavad Marandi Böyük Britaniya vətəndaşıdır.

Bildirilir ki, Marandinin biznes şəbəkəsinə “Emilia Wickstead”, “Anya Hindmarch” və “Conran Shop” kimi məşhur moda və dizayn brendləri daxildir. Bundan başqa Marandi bir sıra otellərə də sahibdir.

Cavad Marandinin həyat yoldaşı Azərbaycanın tanınmış onkoloq Əli Əlizadənin qızı Nərminə Marandidir (Əlizadə).
Nərminə Marandi də Böyük Britaniya vətəndaşıdır. O hazırda “Wickstead Gargiulo Limited” və “A.S.H.S. Limited” şirkətlərinin direktorudur.

Cavad Marandinin Azərbaycandakı biznesinə “Mc Donalds” restoranlar şəbəkəsi və siqaret biznesi daxildir.

Azərbaycanın ən böyük siqaret istehsalçılarından biri olan “Tabaterra Leaf” QSC-nin rəhbəri millət vəkili Cavanşir Feyziyevin qardaşı oğlu Elman Bəşir oğlu Cavanşirdir. “Tabaterra Leaf” QSC-nin təsisçisinin kim olduğu açıqlanmır.
Onu da bildirək ki, Elman Cavanşirin də adı çirkli pulların yuyulmasında hallanıb.

Qeyd edək ki, Britaniya məhkəməsi Azərbaycanda qeydiyyatdan keçən “Baktelekom” adlı bir şirkətdən Cavad Marandinin ofşor zonada (Seyşel) qeydiyyatdan keçən “Avromed” adlı şirkətinin hesabına milyonlarla vəsaitin köçürüldüyünü bildirib.

Xatırladaq ki, Azərbaycanda da əczaçılıq məhsullarının idxalı ilə məşğul olan “Avromed Company” QSC adlı şirkət var. Bu şirkət hər il dövlət qurumlarına on milyonlarla dəyərində dərman satır. QSC 20.12.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 57 min manat olan QSC-nin hüquqi ünvanı əvvəllər Nizami rayonu, Nizami Abdullayev, ev 47-də yerləşib. Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsgəndərov Kamran İnqilab oğludur. Kamran İsgəndərov ötən ilin fevral ayında şirkətə baş direktor təyin olunub.

Mətbuatda “Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir. Cavanşir Feyziyevin rəsmi tərcümeyi-halında 2002-2010-cu illərdə “Avromed Company” QSC-nin baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında “Avromed Company” QSC-dən verilən açıqlamada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb.

Bunlardan başqa Cavad Marandi 2014-cü ildə “KSJ Theatre Investments Limited” adlı şirkətdə əmlak meneceri olub. Bu şirkətin direktoru Svend Kristofer adlı şəxsdir. Svend Kristofer eyni zamanda 1984-cü il təvəllüdlü Leyla Əliyevanın əvvəllər rəhbərlik etdiyi “Between Asia And Europe Limited” və “Ali And Nino Productions Limited” (ləğv olunublar) şirkətlərinin də direktoru olub.

Cavad Marandinin adı həm də Böyük Britaniyada Mühafizəkarlar Partiyasına 750 min funt sterlinq dəyərində ianə edilməsində hallanır. Cavad Marandi eyni zamanda 2020-ci ilin martında Azərbaycanın Koronavirusla Mübarizə Fonduna 1 milyon 100 min manat ianə edib.

Bənzər yazılar

Back to top button