İqtisadiyyatManşet

“Günaybank”ın ləğvi əmanətçilərə siqnaldır ki, vəsaitlərini böyük banklara köçürsünlər

“Günaybank” kommersiya bankının lisenziyasının ləğv edilməsilə bağlı Azərbaycan Mərkəzi Bankının qərarı gözlənilmədən oldu və bank sisteminin laxladığını bir daha xatırlatdı. Maliyyə sahəsindəki mütəxəssislərin fikri belədir.

Belə ki, bu sahədə ekspert Əkrəm Həsənov Turan agentliyinə bildirib ki, lisenziyanın ləğvi üçün obyektiv əsaslar olmayıb.

“Bankın bağlanması Azərbaycanda bank sektorunda gedən inhisarlaşma ilə bağlıdır. Bu, kiçik bankdır. Mərkəzi Bankın məlumatında deyilir ki, bu bankın bağlanması bank sisteminə heç bir problem yaratmır. Əgər belədirsə, o zaman bankı niyə bağlayırlar?”, – Həsənov deyir.

“Formal səbəb odur ki, bank nizamnamə kapitalını qanunvericiliyin tələb etdiyi kimi 5 milyon manatdan 50 milyon manatadək artırmayıb. Lakin “Günaybank” risk yaratmayıb, əmanətçilər və ya müştərilərlə heç bir problemi, məhkəmə işi yoxdur. Ancaq bir çox böyük bankın kifayət qədər belə problemi var.

Bir neçə il öncə gözlənilmədən Mərkəzi Bankın keçmiş rəhbəri bankların nizamnamə kapitalının 5 milyon manatdan 50 milyon manata çatdırılması barədə qərar qəbul etdi. Bu, bank sektorundakı rəqabət mühitinin məhvinə və inhisarın güclənməsinə xidmət etdi. Bundan sonra bankların 60 faizdən çoxu bağlandı.

Həsənovun sözlərinə görə, bankın sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək. “Qalan pullar sığortalanmayıb, sahibkarlara və şirkətlərə məxsusdur. Bu pullar ya qismən qaytarılacaq, ya da heç qaytarılmayacaq.

Fond bankın əmlakını satmalı və bankın verdiyi kreditləri qaytarmalı olacaq. Yəni, bankın bütün aktivlərini pula çevirməlidir. Bundan sonra kreditorların arasında bölüşdürməlidir.

Birinci kreditor Fond özüdür. İlk olaraq sığortalanmış əmanətlərə verdiyi 38 milyonu özünə qaytaracaq. Sonra Fond ləğvetmı prosesinin xərclərini öz üzərinə götürəcək. Nəhayət aktivlərin pula çevrilmiş hissəsindən nə qalsa, onu sığortalanmamış əmanətlər üzrə qaytaracaq, ekspert hesab edir. Ekspertin fikrincə, “Günaybank”ın ləğvilə bağlı Mərkəzi Bankın qərarı əmanətçilərə siqnaldır ki, kiçik banklardakı pullarını götürüb böyük banklara köçürsünlər.

Xatırladaq ki, böyük banklar ölkə rəhbərliyinin birbaşa nəzarəti altındadır.

Bənzər yazılar

Back to top button