GündəmManşetSiyasət

Paşinyan Azərbaycanın 86 600 kvadrat kilometr ərazisini tanıdığını bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın “ərazi bütövlüyünü” 86,6 min kvadrat kilometr civarında tanıdığını bəyan edib. Bu barədə o, Reykyavikdə Avropa Şurasının sammitində çıxışı zamanı bildirib.

Azərbaycanla münasibətlərin normallaşmasına toxunan baş nazir Avropa Şurasının rəhbəri Şarl Mişelin bu yaxınlarda verdiyi bəyanatı xatırladıb.

“Üç gün öncə Avropa Şurası sədrinin vasitəçiliyilə irəliyə doğru addım atdıq, Ermənistanın Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrini, Azərbaycanın Ermənistan ərazisinin 29,8 min kvadrat kilometrini tanıdığını vurğuladıq”, – “Sputnik Armenia” Paşinyandan sitat gətirib.

Ermənistan rəhbərliyi bundan öncə də bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin 86 600 kvadrat kilometr rəqəminin adı çəkilməyib. Bu o deməkdir ki, Yerevan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bundan öncə rəsmi Yerevan ictimaiyyətin, ilk növbədə Qarabağ ermənilərinin etirazlarından qorxaraq bu cür etiraflar etməməyə çalışırdı.

Eyni zamanda, Yerevan Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı üçün beynəlxalq vasitəçilərin iştirakı ilə Bakı və Qarabağ arasında birbaşa dialoq tələb edir.

Beləliklə, Ermənistan hakimiyyəti “Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aidiyyatı yoxdur və bu region qanuni əsaslarla SSRİ-nin tərkibindən çıxıb” iddialarından əl çəkib. Lakin erməni müxalifəti və Qarabağ ermənilərinin liderləri əvvəlkitək bu tezislərdən aktiv istifadə edirlər.(Turan)

Bənzər yazılar

Back to top button