Bizim seçimCəmiyyətManşet

Şiəlikdə müctəhidlik institutu

İmamiyə-Cəfəri məzhəbində müctəhid institutu çox mühüm mövqeyə sahibdir. Müctəhid və ya mərcəyi-təqlid hərfi mənada ictihada çatmış, Quran və sünnədən gələn qəti hökmlərin, yəni dini terminlə ifadə etsək, nəssin[1] hərf və mənasından çıxış edərək, müxtəlif metodlarla şəriət hökmü əldə etmək dərəcəsinə yüksəlmiş şəxs deməkdir. Dini termin olaraq ictihad “fəqihin[2] hər hansı bir şəri hökm haqqında zənni bilgini[3] əldə etmək üçün bütün gücünü sərf etməsi” mənasına gəlir.[4] Yəni müctəhid o şəxsdir ki, şəriət hökmlərini dəlillə əldə etsin və şəri vəzifəsini öz nəzəri əsasında yerinə yetirsin.[5]

İslamın sünni məzhəblərində ictihad hüququ yalnız məzhəb imamlarına[6] məxsus olduğu halda, şiəlikdə bu hüquq imamlara, daha sonra isə onların naibləri hesab olunan müctəhidlərə verilmişdir. Cəfəri fiqhinə əsasən, Şəriət hökmlərini əldə etmək üçün mükəlləfin[7] qarşısında 3 yol var: ictihada çatmaq; ehtiyat etmək; təqlid etmək.

İctihada çatmaq şəxsin şəriət hökmlərini fəqihlərin istinad etdikləri etibarlı mənbələrdən əldə etməsidir, yəni müctəhid olmasıdır. Ehtiyat etmək mükəlləfin öz şəri vəzifələrini yerinə yetirdiyinə əmin olmasıdır. Məsələn, mükəlləf bəzi müctəhidlərin haram bildiyi, bəzilərinin isə haram bilmədiyi bir işi yerinə yetirmir. Başqa sözlə, hökmlərini özü əldə edə bilir və bu zaman orta həddi müəyyən edərək ehtiyatlı olur. Nəhayət, üçüncü, ən geniş yayılmış yol təqlid etməkdir. Yəni şəxs dini hökmlərdə[8] mərcəyi-təqlidin şərtlərinə malik müctəhidə[9] müraciət etməlidir. Başqa sözlə, təqlid şəri vəzifələri müctəhidin verdiyi fətvalara uyğun yerinə yetirməkdir.[10]

Göründüyü kimi, ilk 2 kateqoriya din alimlərinə aiddir, hansılar ki, mənbələrə müraciət edib dini hökmlərdə ictihad edə və ya ümumi fiqhi qaydalarını bilməklə ehtiyata əməl edə bilir. Üçüncü kateqoriya isə ümumi əhalidir, hansılar ki, dini hökmlərlə bağlı ictihada çatmış şəxsə müraciət etməlidir.

Mərcəyi-təqlidlər risalələri[11] vasitəsilə dini qaydalara necə riayət etməyi müqəllidlərinə izah edir. Hər hansı mərcəyi-təqlid müctəhidin dini görüşlərinə əsasən, ibadət edən, yaşayan dindarlara onun müqəllidi, yəni təqlid edəni deyilir. Başqa sözlə, bütün siravi şiə dindarlar nominal olaraq müqəlliddirlər və bu müqəllidlərin təqlid etdikləri mərcəyi-təqlidlər olmalıdır. Bir qayda olaraq, bütün mərcəyi-təqlidlər böyük ayətullah (ayətullah əl-uzma) şiə dini titulunu daşıyırlar.

Ayətullah, ayətullah əl-uzma və vilayəti-fəqih anlayışları

Ayətullah və ayətullah əl-uzma (böyük ayətullah) titulları müxtəlif şiə teologiyası sahələrində (misal üçün Kəlam, Məntiq, Üsul, Rical və sairə kimi) yüksək dərəcələrə yüksəlmiş insanlara verilir. İncəlik ondadır ki, mərcəyi-təqlidlər, bir qayda olaraq, məhz İslam hüququ, yəni fiqh sahəsində ayətullah əl-uzma olan din xadimləridir. Bundan əlavə, hələ rəsmi ayətullah adını almamış, amma artıq teologiya sahəsində müəyyən uğurları olan teoloqlara da hörmət olaraq höccət əl-İslam xitabı edilir. Nəhayət, İran inqilabından sonra tam formalaşan institutlardan biri də vilayəti-fəqih sistemidir ki, bu sistemə əsasən, Vəliyi-Fəqih titulu bu gün ən yüksək şiə mənsəbi sayılmaqla dünya şiələrinin xeyli hissəsi tərəfindən onların dini-siyası lideri kimi qəbul edilir. Hal-hazırda İranın ali-dini lideri olan Ayətullah əl-uzma Xameneyi həm mərcəyi-təqliddir, yəni bilavasitə özünün ayrıca müqəllidləri vardır, həm də Vəliyi-Fəqih kimi bütün şiələrin ali dini-siyasi liderliyi iddiasındadır. “İddiasındadır” –  ona görə deyirik ki, böyük şiə mərcəyi-təqlidləri içərisində bir qismi, xüsusən də hazırda Ayətullah əl-uzma Sistaninin ardıcılları, yaxud artıq rəhmətə getmiş livanlı Ayətullah əl-uzma Fəzlullah (v. 2010) kimi alimlər vilayəti-fəqih institutunun ən azı bu şəkildə mövcudiyyətini qəbul etmirlər, başqa sözlə, onlar və onların müqəllidləri Ayətullah Xameneyini özlərinin ali-dini siyasi lideri, yəni vəliyi-fəqihi kimi tanımırlar. 

İmam naiblərindən mərcəyi-təqlidlərə aparan yol 

Şiə-Cəfəri məzhəbinə görə, müctəhid İmamın naibi, səlahiyyətli təmsilçisi hesab olunur. Qeyd etmək lazımdır ki, bu vəzifə imamların sağlığında, yəni 8-9-cu əsrlərdədə mövcud olub. Həmin vaxt həyatda olan imamların xilafətin müxtəlif regionlarında təmsilçiləri olurdu. Ancaq 5-ci İmam Məhəmməd Baqir və 6-cı İmam Cəfər Sadiqin zamanında fətva vermək, dini hökmləri şərh etmək kimi xüsusi səlahiyyətləri olmayan vəkillərin statusu sonrakı imamların dövründə daha da artdı. Çünki sonrakı dövrdə imamlara qarşı siyasi təzyiqlərin artması və imamların həbsdə olması səbəbilə vəkillər tədricən fətva vermək də daxil olmaqla, bir sıra digər səlahiyyətlərə də sahib olublar.

8-ci İmam Rzanın (ə): “Biz sizə dinin əsas prinsiplərini öyrədirik, detalları araşdırmaq sizin işinizdir”[12] – deməsi üləmaya ictihad səlahiyyətlərinin verilməsi kimi qəbul edilir. Məsələn, rəvayət edilir ki, Əhməd ibn İshaq ibn Sədi əl-Qummi 10-cu İmam Hadiyə müraciət edərək, onun yanına gələ bilmədiyini, hətta İraqa gəldikdə belə onu görmək imkanının məhdud olduğunu deyərək, belə bir vəziyyətdə görüş və tapşırıqları kimdən ala biləcəyini soruşmuş, İmam Hadi (ə) isə Əbu Osman ibn Səidi nəzərdə tutaraq, “onun dediyi hər şeyi təsidq edirəm, onun rəvayət etdiyi hər şey məndən gəlir”[13] – demişdir. Bununla da əslində naiblərin səlahiyyətinin imamlar tərəfindən verildiyi təsdiq olunur.

12-ci İmam Mehdi (ə) hicri təqvimlə 260-cı (miladi 874) qeybə çəkildikdə naiblər mövzusu daha da aktuallıq kəsb edir. Çünki şiəliyin İmamiyə (İsna əşəri) məzhəbinə görə, yer üzündə hər zaman imam olmalıdır, buna əsasən qeybə çəkilən İmamın şiələrlə əlaqəsini 4 naib təmin edib. Ümumilikdə 68 il davam edən bu müddət kiçik qeyb dövrü adlanır. Hicri 328-ci ildə (Miladi 940) sonuncu naibin vəfat etməsi ilə kiçik qeyb dövrü başa çatır və bundan sonra İmamla (ə) birbaşa rabitənin dayandığı böyük qeyb dövrü başlayır. Bu dövrdə isə İmamın özü ilə birbaşa əlaqə olmadığı üçün onun səlahiyyətlərini müəyyən şəxslərin həyata keçirməsi zərurəti yaranıb. 

Üsuli-Əxbari münaqişəsi

Şiə-Cəfəri məzhəbi daxilində məşhur üsuli və əxbari qütbləşməsi də məhz bu mövzu üzərində yaranıb. Bu mübarizə kəskinləşməsi və zəifləmələrlə birlikdə 19-cu əsrə, üsuli cərəyanının qələbəsinə qədər davam edib. Əxbarilik demək olar ki, sıradan çıxıb. Xəbər sözündən gələn əxbari[14] düşüncəsinə görə, dini bütün məsələlər nəql və rəvayətlərə istinad edir. Cəfəri məzhəbi daxilindəki əxbari fikri Peyğəmbər (s) sünnəsi[15] ilə yanaşı imamların davranış və sözlərinin də daxil olduğu geniş bir mənbələr toplusunu əhatə edir. Əxbari düşüncəsinə görə, İmam (ə) qeybdə olsa belə, onun ilahi rəhbər funksiyası işləkdir və şiələrin üzləşdikləri dini mövzuların izahı üçün əxbara, yəni imamlardan nəql edilən rəvayətlərə müraciəti yetərlidir, yəni yeni ictihadlara, məntiqi axtarışlara gərək yoxdur. Əxbari cərəyanın aparıcı şəxsləri Kuleyni (ölümü 941) və Şeyx Səduq (ölümü 991-ci il) hesab olunur.

Üsuli məktəbi isə dini məsələlərin, xüsusən də İmamın qeybi dövründə, sadəcə əxbara əsaslanmaqla həll etməyin mümkün olmadığını, yeni yaranacaq situasiyalarda Quran, Hədis və Əxbardan əqli-məntiqi metodlarla fiqh və etiqad hökmlərinin çıxarılmasına ehtiyac olduğu fikrini müdafiə edir. Üsuli cərəyanın ən böyük təmsilçisi Şeyx Müfiddir (ölümü 1032-ci il).  Şeyx Müfid İmamın qeybdə olduğu dövrdə müctəhidlərin bəzi məsələlərdə (əsasən sosial, məişət və idarəçilik məsələlərində) imamaların vəzifələrini icra etməli olduğunu iddia edib. Müfiddən sonra tələbəsi Şeyx əl-Mürtəza və onun tələbəsi Şeyx Tusi ilə üsuli cərəyanı daha da inkişaf etmiş və möhkəmlənmişdir. Bu dövrdə xumsun[16] yarısının üləma tərəfindən toplanması (digər yarısı kasıb seyidlərə çatır), Cümə namazının qılınmasında füqəhanın (fəqihlərin, yəni İslam hüquq alimlərinin) yetərli olması[17] fikri Şeyx Tusi tərəfindən irəli sürülmüşdür. Şeyx Tusi üsuli və əxbarilik arasında gərginliyi yumşaltmış, iki anlayışı sintez edərək mötədil bir yanaşmanı ortaya qoymuşdur.

Sonrakı əsrlərdə iki cərəyan arasında münaqişə davam etsə də, Nəcəflə yanaşı Hillə (İraq) və Cəbəl-Amil (indiki Livan) şiə məktəbləri üsuli cərəyanını inkişaf etdirib. Xüsusən də 13-cü əsrdə yaşamış Əllamə Hilli və Zeynəddin ibn Əli əl-Amili üsuli cərəyanının güclənməsində xüsusi rol oynayıblar. İkincisi Səfəvi dövründə yaşayıb və bu dövrdə üsuli fikri daha da inkişaf edib. Səfəvi imperiyasının ilk illərində üsuli-əxbari gərginliyi müşahidə olunmasa da, imperiyanın son illərində bu gərginlik yenidən alovlanıb. 18-ci əsrin sonlarında Ər-Rəsailu əl-Usuliyyə əsərinin müəllifi Məhəmməd Baqir Bəhbəhani intellektual fəaliyyəti ilə əxbari düşüncəsinə ciddi zərbə vuraraq üsuliliyin əxbarilik üzərində fikri qələbəsinə nail olub. 

Müctəhid-mərcəyi-təqlid institutunun təkamülü-Nəcəf  

Üsuli məktəbinin qələbəsi müctəhid – mərcəyi-təqlid institutunun formalaşıb güclənməsinə təkan verib. Nəcəf və Kərbəla şəhərlərində yerləşən üləmanın nisbətən azad fəaliyyət göstərməsi səbəbindən də üsli-əxbari mübarizəsinin nəticələri ilk olaraq İraq ərazilərində özünü göstərdi. İlk mərcəyi-təqlid mütləq[18] titulunu da iraqlı din alimi Cəvahirəl-Kəlam əsərinin müəllifi Məhəmməd Həsən Nəcəfi əldə edib.

Bu dövrdə mərcəyi-təqlid institutu dini vəzifələrin müəyyən edilməsi, vergilərin (xums və zəkat) toplanması, nikah, notarius, məhkəmə, təhsil kimi sahələri idarə edən, ən əsası İmamın təmsilçisi kimi çıxış edir. Çünki üsuli düşüncəsinə görə, müctəhid şəri hökmləri əldə etmək hüququna malik idi.

Əvvəl şiə düşüncəsində cihad fətvası hüququ İmama (ə) məxsus olduğu halda üsulilər bu hüququn müctəhidə verilə biləcəyini irəli sürür. Bunun ən parlaq nümunəsini Şeyx Cəfər Kaşif əl-Qita edir. Belə ki, ilk dəfə o, Qacar Fətəli şahın müraciəti əsasında Qacar-Rusiya müharibəsi zamanı cihad fətvası vermişdi. Müctəhidin bu fətvasına cavab olaraq Şah xums vergisinin müctəhidlərə verilməsinə icazə verən fərman imzalayır.

Nəcəf üləmasının güclənməsinin daha bir səbəbi 1821-ci ildə Osmanlı və Qacarlar arasında imzalanmış Ərzrum müqaviləsi olur. Bu müqavilədən sonra İran əhalisinin İraqdakı müqəddəs məkanlara ziyarət imkanları yaranır. İranlıların Nəcəf və Kərbəlaya (eləcə də digər müqəddəs məkanlara) axını nəticəsində bu şəhərlərin və eləcə də üləmanın gəlirləri çoxalır. Bununla da Nəcəf üləmasının – müctəhidlərin maliyyə və sosial-siyasi müqstəqilliyi artır. Bu dövrdə Nəcəf və digər şəhərlərdə mədrəsələr inşa olunur, İran, Azərbaycan, Hindistan və digər bölgələrdən din öyrənmək üçün tələbələr Nəcəfə axın edir.

İlk dəfə məhz Ayətullah əl-uzma Nəcəfi yalnız Nəcəf və İraq deyil, müsəlman-şiə aləminə öz təmsilçilərini göndərir. Bu vəkillər İraqın və müsəlman aləminin fərqli nöqtələrinə gedərək, burada dini təbliğ fəaliyyətləri ilə məşğul olur, din-şəri mövzularda sual və mübahisələri həll edir, müctəhid (İmam) adına şəri vergiləri toplayırdı. Bu vəkillər, bir qayda olaraq, müctəhidin dərs dediyi tələbələrdən olurdu. Dediyimiz kimi, Ayətullah Nəcəfi 1850-ci ildə vəfat edərkən şiə aləminin vahid dini lideri, mütləq mərcəyi-təqlid idi. Ölümündən sonra Nəcəfini tələbəsi Mürətəza Ənsari əvəz edir.

1864-cü ildə Ənsarinin vəfatından sonra Nəcəf üləmasının lideri ünvanı tələbəsi Seyid Həsən Şiraziyə keçir. Seyid Həsən Şirazi həm də ilk dəfə siyasi hakimiyyətə qarşı çıxan şiə ruhani lider kimi tarixə düşüb. Belə ki, Həsən Şirazi Qacar Nəsrəddin Şahın Nəcəfə ziyarəti zamanı onu qarşılamağa getməyən yeganə din alimi olur. Ayətullah Seyid Həsən Şirazinin daha bir siyasi çıxışı onun 1891-ci ildə İranda üsyana səbəb olan tütün fətvası olur. İran şahının tütün satışı imtiyazını Böyük Britaniyanın nümayəndəsi Talbota satmasına etiraz edən İrandakı müqəllidlərinin müraciəti əsasında Şirazi tütünün haram olması barədə fətva verir. Nəticədə İranda tütün istifadəsi kəskin şəkildə azalır, üstəlik ayağa qalxan əhali tütün anbarlarına hücum edərək, tütünə od vurur. Bu üsyanın nəticəsində şah geri addım ataraq tütün imtiyazını Talbotdan geri alır. Bu hadisə onu göstərir ki, müctəhidlər artıq şahla, yəni siyasi hakimiyyətlə hesablaşmamaq, yeri gələndə qarşı çıxmaq vərdişinə yiyələnirdilər. Maliyyə müstəqilliyinin artması da müctəhidləri Şahdan asılı vəziyyətdən çıxartmaqla bu prosesə təkan verirdi. Beləliklə, İranda hakimiyyətə qarşı din xadimlərinin çıxışı presedenti yaradılırdı. Din xadimləri İranda Məşrutə hərəkatında da, daha sonra Təbriz üsyanında da (Xiyabani hərəkatı), nəhayət, İslam inqilabında da mühüm faktor olacaqdılar.

İraqda da oxşar vəziyyət idi. 20-ci əsrin əvvəllərində İraqı işğal etməyə çalışan Böyük Britaniya qüvvələrinə qarşı ilk dəfə məhz şiə müctəhidlər cihad fətvası vermişdi.[19] Birinci Dünya müharibəsindəki Kut əl-Amara döyüşlərində bir sıra din xadimləri, məsələn, Nəcəf elmi hövzəsinin (mərkəz) rəhbəri olmuş Ayətullah Seyid Möhsin əl-Həkim kimi şəxslər Osmanlı ordusu ilə birlikdə ingilislərə qarşı müabrizədə iştirak edirdi. 

Qumun yüksəlişi

1920-ci ildə Nəcəfdə mərcəyi-təqlid mütləq Məhəmməd Təqi Şirazinin ingilislərə qarşı cihad fətvası ilə başlayan üsyanın yatırılmasından sonra Böyük Britaniyanın İraqda möhkəmlənməsi başda Nəcəf olmaqla, İraqdakı şiə dini-elmi mərkəzlərinin nisbi zəifləməsi ilə nəticələndi. Bu prosesin yan təsiri ilə İranın Qum şəhəri şiəliyin din və tədris mərkəzi kimi önə çıxmasına və bu mənada  Nəcəfə rəqiblik etməsinə gətirib çıxartdı.

Ayətullah Şeyx Əbdülkərim Hairi Yəzdinin Quma gəlib burada tədris fəaliyyətinə başlaması Qumun daha çox tanınmasına səbəb oldu. Qumun nüfuzunun artması Hairi 1937-ci ildə dünyasını dəyişdikdən sonra da davam etdi. Sonrakı illərdə Ayətullah Seyid Məhəmməd Təqi Xənsarinin (ölümü – 1952), Seyid Əli Höccətin (ölümü – 1953), Seyid Sədrəddin Sədrin (ölümü – 1954) fəaliyyətləri Qum hövzəsinin nüfuzunun daha da sürətlə artmasına gətirib çıxartdı. 1944-cü ildə Seyid Hüseyn əl-Burucerdinin (ölümü – 1961) Quma gəlməsi bu şəhərdəki dini təhsilin inkişafına xüsusilə ciddi təsir göstərdi. Nəticədə, artıq bu dövrdə Qum şiə din və tədris mərkəzi kimi Nəcəflə eyni nüfuza malik idi.

Hazırda İranda dövlət sistemini təşkil edən vilayəti-fəqih nəzəriyyəsi “mərcəyi-təqlid mütləq” tezisi üzərində qurulsa da, Vəliyyi-fəqih daha geniş səlahiyyətllərə malik bir dini-siyasi hakimiyyət başçısıdır. Hərfi tərcümədə “fəqihin hakimiyyəti” adlanan bu dini-siyasi sistemi Ayətullah Ruhullah Musəvi Xomeyni Nəcəfdə sürgündə olduğu 1969-70-ci illərdə işləyib hazırlayıb. Həmin illərdə Nəcəfdə Hökuməti İslami adlı dərslər deyən Ayətullah Xomeyni ilk dəfə məhz burada Ayətullah Molla Əhməd Nəraqinin (ölümü 1829-cu il) Əvaid əl-Əyyam adlı əsərində yer alan “vilayəti-fəqih” terminindən istifadə etməyə başlayıb və o zaman bu terminin dini-siyasi yükünü daha da artırıb.

Ayətullah Xomeyninin irəli sürdüyü nəzəriyyəyə əsasən, 12-ci İmamın (ə) qeybi dövründə dövləti adil fəqih idarə etməlidir. Bu fikrə əsasən, məsum İmamlar vəliyyi-əmrdir (əmr sahibi), müctəhidlər isə İmamın qeybi dövründə Onun digər səlahiyyətləri kimi dini və siyasi idarəçilik səlahiyyətini də icra edə bilər. Qeyd etmək lazımdır ki, bu məsələ əvvəllər də müzakirə mövzusu olub. Ayətullah Xomeynidən əvvəl Molla Əhməd Nəraqi və Mirzə Məhəmməd Hüseyn Naini də əsərlərində fəqihin məsum imamın siyasət və idarəçilik səlahiyyətlərinə sahib olduğu nəzəriyyəsini müdafiə ediblər.[20]  İmamın (ə) səlahiyyətlərinin fəqihlər tərəfindən necə və hansı hallarda istifadə olunması haqda mübahisə və müzakirələr İranda 1905-ci ildə Məşrutə (Konstitusiya) hərəkatı zamanı da alovlanıb. Məsələn, dövrün məşhur din xadimlərindən Mirzə Məhəmməd Hüseyn Naini İmamın (ə) qeybi dövründə ən effektiv hakimiyyətin Məşrutə –  parlament olacağı fikrini irəli sürüb, lakin model olaraq respublika deyil, monaxriya tərəfdarı olub.

Xomeyni isə özündən əvvəlki üləmadan fərqli olaraq, monarxiya sistemindən imtina edilməsi, respublika quruluşuna keçid və vəliyyi-fəqihin bu cür dini dövlətin birinci şəxsi olması fikrini irəli sürüb. Xomeyninin bu tezisinə qarşı çıxan əsas şəxslərdən biri olan Ayətullah Seyid Məhəmməd Kazım Həsən Hüseyni Şəriətmədarinin fikrincə isə İslam dövlətinə tək bir fəqih deyil, fəqihlər şurası rəhbərlik etməlidir. İranda İslam inqilabi Xomeyni nəzəriyyəsinin praktiki tətbiqi ilə nəticəlndi. Bu isə Qumla bu məsələlərə ənənəvi baxışı qoruyub saxlayan Nəcəf arasındakı mübahisələri dərinləşdirdi. 

İran inqilabından sonra mərcəiyyət

İranda İslam inqilabından sonra Qum və Nəcəf hövzələri arasında fərqlər getdikcə dərinləşdi. Baxmayaraq ki, Qum hövzəsində bu gün də qədim, Nəcəfdəki klassik tədris metodunu davam etdirən mədrəsələr də qalır, amma cədid, yəni yeni metodologiya ilə dini təhsil təcrübəsi də tətbiq olunur və hökumət tərəfindən dəstəklənir.

Ən ciddi nəzərəçarpan dəyişiklik isə müctəhidlərin seçilməsi, daha doğrusu sayı ilə bağlıdır. Belə ki, inqilabdan sonra İranda müctəhidlərə səlahiyyət verən Ali Şura yaradılıb və ancaq bu qurumun seçdiyi alimlərin ayətullah titulu daşımasına icazə verilir. Həyatda olan mərcəyi-təqlidlərin sayı isə məhdudlaşdırılır (Bu sayın 7 nəfər olduğu iddia edilir).

Nəcəf hövzəsi isə bu yenilikləri qəbul etməyib və  ənənəvi sistem qorunub saxlanılıb. Hazırda Nəcəfdə ayətullah tituluna sahib, ictihad hüququ olan 40 alim var. Üç nəfər isə hazırda mərcəyi-təqlid mütləq statusundadır. Bunlar Ayətullah Seyid Əli Hüseyni Sistani, Ayətullah Şeyx Bəşir Nəcəfi və Şeyx İshaq Fəyazdır.

Bu üç nəfərdən başqa da hazırda Nəcəfdə ictihad dərəcsində olan, lakin mərcəyi-təqlid hesab edilməyən ayətullahlar var ki, onlar sırasına, məsələn, Şeyx Baqir İrəvani, Şeyx Hadi Al Razi, Şeyx Həsən Cəvahiri, Seyid Məhəmməd Baqir əl-Həkim və Seyid Məhəmməd Cəfər əl-Həkim kimi fəqihlər daxildir.

Azərbaycanlılar arasında təqlid[21]

Azərbaycan 1920-ci ildə  sovetlər  tərəfindən təkrar işğal olunduqdan sonra ölkədə klassik şiə üləma institutu demək olar ki, tamamən sıradan çıxarıldı və repressiya illərində də mühacirət etməmiş  üləmanın əksəriyyəti məhv edildi. Bunların içərisində şəhidlər şeyxi adlandırılan, Ayətullah əl-uzma Şeyx Əbdülqəni Badkubei, Əllamə Şeyx Hüseyn Ramanalı, Şeyx Hənifə Badkubei, Seyyid Məhəmməd Badkubei kimi din alimləri var idi. Ümumilikdə 30-a yaxın şiə din alimi repressiya illərində qətlə yetirilib.[22] Ancaq bizim araşdırmalarımıza görə, sovetlərə qədər və sovet dövründə Azərbaycanda yerli mərcəyi-təqlid olmayıb. İctihad dərəcəsinə yüksəlmiş ayətullah titullu azərbaycanlı alimlər, əsasən, Nəcəf mərcəyi-təqlidlərinin təmsilçiləri kimi fəaliyyət göstəriblər.

Son sovet dövründə Azərbaycanda müctəhidlərə təqlid edən müqəllid vəzifəsini yerinə yetirən dindar demək olar ki, olmayıb. İran inqilabından sonra təqlidin adda-budda elementləri dəmir pərdəyə baxmayaraq, Azərbaycana da ayaq açıb. Həmin vaxt Bakı kəndlərində və eləcə də cənub rayonlarında radio dalğaları Ərdəbil radiosunun verilişlərini dinləyə bilirdilər. Bu radioda İslam inqilabı, xəbərlərlə yanaşı, dini dərslər, eləcə də təfsir dərsləri kimi verilişlər yerli əhalinin  eşitdiyi ilk dini dərslər olmuşdur.

1980-ci illərin sonlarından isə azərbaycanlı şiə dindarlar arasında  müctədhiləri kütləvi təqlidin yenidən dirçəlişi baş verir. Fundamental, müasir şiəliyin doqmatik dini əsərlərinin, o cümlədən, tutaq ki, Xomeyninin Tovzihül-məsail (Məsələlərin şərhi) və Təhrir əl-vəsilə risalələrinin Azərbaycandakı qeyri-formal dini təhsildə istifadəsi yalnız 1988-1989-cu illərdən sonra başlamışdır.

Yuxarıda qeyd etdiyimiz kimi, Ayətullah Ruhulla Xomeyni (v.1989) hazırkı İran siyasi sistemini – vilayəti-fəqih konsepsiyasını Nəcəfdə işləyib hazırlayarkən Nəcəf üləmasının bir qismi, o cümlədən bu hövzənin o vaxtkı lideri Ayətullah Əbülqasim Xoyi (v.1992) Xomeyninin vilayəti-fəqih nəzəriyyəsini qəbul etmir. Xoyi Ayətullah Seyid Möhsün əl-Həkimin vəfatından sonra, 1970-ci ildən 1992-ci ildə vəfat edənə qədər Nəcəf Elmi Hövzəsinin rəhbəri olub. Xoyinin vəfatından sonra isə Nəcəf elmi hövzəsinin rəhbərliyi kürəkəni Əli Sistaniyə keçmiş və vilayəti-fəqih nəzəriyyəsinə müxalifliyi davam etdirmişdir. İlk vaxtlarda şiə üləması arasında nəzəri fikir ayrılığı hesab edilən bu mövzu daha sonra daha da dərinləşib vilayət və ziddi-vilayət kimi bir-birinə əks qütblərin formalaşmasına səbəb olub. Bu ziddiyyət Azərbaycanda da zaman-zaman müşahidə olunub.

1980-ci illərin sonlarından tədricən Azərbaycanlı şiə dindarların  müctəhid institutu ilə təması və təqlid üçün özlərinə mərcəyi-təqlid seçməsi prosesi başlayır. İran İslam İnqilabının lideri Ruhulla Xomeyninin 1989-cu ildə vəfatı dini yenidən öyrənmək yoluna qədəm qoymuş Azərbaycan şiələrinin də mərcəyi-təqlid seçimi prosesinə öz təsirini göstərir. R. Xomeynidən sonra Vəliyi-Fəqih vəzifəsinə Əli Xameneyi seçilir. Lakin bu dövrdə yenicə dinin əsaslarına yiyələnmiş şiə Azərbaycanlılar arasında Əli Xameneyinin Vəliyi-Fəqih yarışında rəqibi olmuş Ayətullah Məhəmməd-Rza Gülpayqani (v.1993), həmçinin yuxarıda adı çəkilən və vilayəti-fəqih konsepsiyasını bu şəkildə qəbul etməyən Nəcəf hövzəsinin rəhbəri Seyid Əbülqasim Xoyi kimi mərcəyi-təqlidlər daha böyük populyarlıq qazanır. Xameneyi haqqında isə “elmi zəifdir”, “risaləsi yoxdur” tipli şaiyələr dolaşmağa başlayır. Fəqət 1992-1993-cü illərdə müvafiq olaraq, Xoyi və Gulpayqaninin vəfatı mərcəyi-təqlidlərin Azərbaycanda daha çox müqəllid toplamaq uğrunda rəqabətinə yeni təkan verir.[23] Bu dövrdə yenə də, bir tərəfdən İran dini establişmentinə, yəni Vəliyi-Fəqihə loyal diskurs, digər tərəfdən isə bu institutu qəbul etməyən üləma, konkret olaraq Ayətullah əl-uzma Sadiq Ruhani və Ayətullah əl-uzma Əli Sistani kimi mərcəyi-təqlidlərin apardıqları xətt arasında sərt rəqabət mühiti formalaşır. Bu rəqabətin gənc Azərbaycan şiələri arasında yaratdığı diskomfort həmin qarşıdurmada nisbi neytral mövqe nümayiş etdirməyə müvəffəq olmuş, xüsusən Məhəmməd Fazil Lənkərani (v.2007) və qismən də Cavad Təbrizi kimi mərcəyi-təqlidlərin ölkədə populyarlaşmasına şərait yaradır. Bu adamların irsi və etnik bağlarla Azərbaycan Respublikasındakı əhaliyə yaxın olması da, sözsüz ki, onların nüfuz qazanmasına təsir göstərirdi. Ayətullah əl-uzma Fazil Lənkəraninin risaləsi demək olar ki, onun 2007-ci ildə vəfatına qədər Azərbaycan şiələri arasında ən populyar şəriət vəsaitinə çevrilir.

Fazil Lənkəraninin vəfatından sonrakı dövrü isə birmənalı olaraq mərcəyi-təqlid kimi Əli Xameneyinin sürətlə populyarlaşması dövrü kimi xarakterizə etmək olar. Qısa müddətdə o, Sisyani ilə yanaşı Azərbaycanda ən çox təqlid olunan iki müctəhiddən birinə çevrilir.

Azərbaycanda İran ali dini lideri Ayətullah Seyid Əli Xameneinin ilk rəsmi nümayəndəsi  Ayətullah Sabir Həmədani 1992-ci ildə Azərbaycana təbliğat üçün gəlib. Bakı və Bakı ətrafında (Nardaran qəsəbəsində) dini təbliğatla məşğul olub. Daha sonra onu bu vəzifədə Seyid Əli Əkbər Ocaqnejad əvəzlədi və o, bu vəzifəni 2021-ci ildə Bakıdakı Hüseyniyyə bağlanana qədər, yəni 2021-ci ilin oktyabrına qədər davam etdirdi. Mərkəz bağlandıqdan sonra, güman ki, Bakının tələbi ilə Əli Əkbər Ocaqnejad Bakını tərk edərək, İrana qayıdıb. Sistaninin nümayəndələri isə müxtəlif səbəblərdən, o cümlədən Xameneyi düşərəgəsinin Azərbaycan hökuməti ilə birgə buna mane olması səbəbindən Azərbaycanda möhkəmlənə bilməyib və bu bölgə üçün nümayəndəlik qərargahı kimi Moskvanı seçib.

Azərbaycanlı müctəhidlər

19-cu əsrdə yaşamış məşhur azərbaycanlı müctəhid Ayətullah Fazil İrəvani (1817-1888) olub. Fazil İrəvani ləqəbi ilə tanınan Ayətullah əl-uzma Molla Məhəmməd ibn Məhəmməd Baqir İrəvanda doğulmuşdur. Vətənində ibtidai dini təhsil aldıqdan sonra 14 yaşından Kərbəla şəhərində, daha sonra isə Nəcəfdə təhsilini davam etdirir. Fazil İrəvani öz ustadları Şeyx Mürtəza Ənsari və Şeyx Mühəmməd Həsən İsfahani Nəcəfidən ictihad icazəsi alıb.[24]

Həmçinin 19-20-ci əsrlərdə Ayətullah əl-uzma Şeyx Əbdülqəni Badkubei, Ayətullah Mehdi Təbatəbai Şirvani, Ayətullah Mir Əbdülvəhhab Badkubei (1887-1912-ci illərdə Bakı qazısı olub) Ayətullah Şeyx Əbdülqəffar Qubai (1850-1917), Ayətullah Ağa Mir Baqir Ağazadə Salyani (1873-1941) və daha bir neçə ictihad dərəcəsinə çatmış azərbaycanlı üləmalar olub.[25]

SSRİ-nin son illərində və Azərbaycan müstəqil olduqdan sonra gənclər İran (Qum, Məşhəd), İraq (əsasən Nəcəf) və Suriyada yerləşən dini təhsil ocaqlarında təhsil almağa başlayıb. Ancaq kifayət qədər müddət olmasına rəğmən, onlar arasında hələ ayətullah və ya müctəhid rütbəsinə çatmış din alimi yoxdur. Lakin həm Nəcəf, həm də İran dini mərkəzlərində höccət əl-İslam dərəcəsində olan, dərs xaric[26] adı verilən, yüksək dini mövzularda təhsil alan azərbaycanlı tələbələr var.

Azərbaycanlılar arasında son 30 ildə müctəhidin yetişməməsi bir sıra amillərlə izah olunur. Camaat arasında dolaşan əsas fikir budur ki, İranda inqilabdan sonra qəbul olunmuş qaydaya əsasən, əcnəbi din tələblərinin ictihad dərəcəsinə yüksəlməsinə administrativ qaydada imkan verilmir. Amma Nəcəfdə də azərbaycanlıların ictihad dərəcəsinə yüksələ bilməməsi bu fikrin əsaslandırılmasını çətinləşdirir.

Bir səbəb odur ki, İran və eləcə də Nəcəfdə Azərbaycan kimi dini fəaliyyətlərin yeni yayıldığı ölkələrdə tələbələr ilkin mərhələni oxuduqdan sonra dini təbliğat üçün ölkələrinə göndərilir, yalnız azsaylı tələbə Nəcəfdə qalaraq təhsilini davam etdirir.

Qeydlər və istinadlar:

[1] Fiqh üsulunda mənası açıq olan söz, bir başqa mənası Allahın və Peyğəmbərin (və imamların) sözü.

[2] İslam hüquqçusu, şəriət alimi.

[3] Zənni bilgi dəqiq bilik ifadə etməyən, ancaq doğruluq ehtimalı yüksək olan məlumat və ya bilik.

[4] https://islamansiklopedisi.org.tr/ictihad

[5] Həmədani Nuri, “Məsail minəl-ictihad vət-təqlid”, http://fetva.313news.net/article/fiqhi-meqaleler/muctehid-kimdir

[6] Əhli-sünnə məzhəb imamları bunlardır: 1. Hənəfi məzhəbinin qurucusu Əbu Hənifə, Numan b. Sabit (öl. hicri:150), 2. Maliki məzhəbinin qrucusu Malik b. Ənəs (ö. hicri:179), 3. Şafii məzhəbinin qurucusu Məhəmməd b. İdris əş-Şafii (ö. hicri:204), 4. Hənbəli məzhəbinin qurucusu -Əhməd b. Hənbəl (ö. hicri:240).

[7] İslam dini ağıllı və yetkinlik yaşına çatmış müsəlman kişi və qadınlara Allahın əmrlərini yerinə yetirməyi, qadağalarından çəkinməyi əmr edir. Bu əmr və qadağalara “təklif ”, əmr və qadağalara riayət edən müsəlmanlara da “mükəlləf ” deyilir. Mükəlləf olanların yerinə yetirməli olduğu əməllərə isə “əfali-mükəlləfin” (yerinə yetirilməsi və ya yetirilməməsi zəruri olan əməllər) deyilir. Bax: https://www.meneviyyat.az/dini-mukellefiyet-nedir/

[8] Cəfəri məshəbində inanc və əməllər ümumi olaraq 3 hissəyə bölünüb. “üsul əd-din” (dinin əsasları); 2) əxlaq məsələləri; 3) əməli hökmlər, “füru əd-din” (dinin şaxələri). İlk hissə etiqad və ya “üsul əd-din” adlanır, burada təqlid haramdır. Ancaq “füru əd-din”, yəni əməl mövzularda təqlid edilir. Bax: https://www.sistani.org/azari/book/25262/4068/

[9] Təqlidin şərtlərinə (fəqih, elm sahibi, təqvalı, ədalətli, idarəçilik bacarığı və İslam dünyasındakı ictimai-siyasi, sosial vəziyyəti bilən) sahib olan müctəhidə “camiuş-şərait müctəhid” deyilir.

[10] https://www.leader.ir/az/book/155/F%C4%B0QH-T%C6%8FL%C4%B0ML%C6%8FR%C4%B0

[11] Şəriətə dair göstərişlər toplusu

[12] Əbu Əmr Məhəmməd ibn Əbdüləziz əl-Kəşşi, “Rical” əsəri, s. 418-490.

[13] Tusi, “Kitab əl-Ğeybə, s. 220-22

[14] “Əxbar” xəbər sözünün cəmidir

[15] Məhəmməd Peyğəmbərin sözləri və davranışları

[16] Dini vergi

[17] Geniş yayılmış şiə düşüncəsinə görə, Cümə namazı 12-ci İmam zühur etdikdə vacib olacaq, ona qədər isə müstəhəbdir.

[18] Qeyd etmək lazımdır ki, Müctəhid dini – fiqhi məsələlərdə ictihad dərəcəsinə çatmış fəqihlərə verilən ünvandır. Müctəhid şəriət hökmlərini dəlillə əldə edir və şəri vəzifəsini öz nəzəriyyəsi əsasında yerinə yetirir. Mərcəyi-təqlid müctəhidlər arasında seçilən və müqəllidlərin təqlid etdiyi ali dərəcəli müctəhiddir. Mərcəyi-təqlid mütləq isə daha çox Nəcəf məktəbində rask gəlinən ifadədir. Üləmanın qəbul etdiyi əsas mərcəyi-təqliddir.

[19] Abbas, Z. (2013). “İraqda şiə mərcəiyyətin siyasi rolu”, səh 119. İstanbul: “Önsöz Yayıncılık” nəşriyyatı.

[20] Nəraqi, “Əvaid əl-Əyyam”, s. 172

[21] Azərbaycanda post-sovet dövrü şiəliyinin tarixi üçün bax: Goyushov, A., Rovshanoglu, K. Identifying Major Actors of Shi’i Revival in Post-Soviet Azerbaijan. Journal of Religion in Europe, Volume 14: Issue 3-4, p.p. 392–417, Brill, 2021, https://doi.org/10.1163/18748929-bja10054

[22] Mövlayi, Adil, “Qafqazda elm dünyasının ulduzları”, 2013-cü il, səh 57.

[23] Qeyd edək ki, təqlidin qaydalarına əsasən, müqəllidin sağ olan müctəhidə təqlid etmək ehtiyacı olur. Yəni təqlid etdiyi müctəhid dünyadan köçərsə, o zaman onun qalıcı fətvalarına əməl etməkdə davam edə bilər, lakin yeni fətvalarda başqa, hal-hazırda həyatda olan müctəhidə təqlid etməlidir.

[24] Rəhimov, Natiq, “Azərbaycanın İslam alimləri”, Bakı, 2015-ci il.

[25] Mövlayi, Adil, “Qafqazda elm dünyasının ulduzları”, 2013-cü il.

[26] Cəfəri məzhəbində ilahiyyat dərslərinin ən yüksək mərhələsi. Adətən dərs-xarici ayətullah titullu alimlər deyir, dinləyicilrə isə yüksək təhsilə malik şəxslər olur.

Mənbə: bakuresearchinstitute.org

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button