İqtisadiyyat

Xaricdən gətirilən hibrid avtomobillərin dəyəri 2 dəfədən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 29 min 855 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Ölkəyə gətirilən avtomobillərin ümumi gömrük dəyəri 433 milyon 146,8 min dollar olub.

Yeniavaz.com-un Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 14 min 508 dollar (24 min 664 manat) olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövründə Azərbaycana xaricdən daha az – 23 min 356 avtomobil gətirilib və bir ədəd avtomobilin orta gömrük dəyəri builkindən daha aşağı – 12 min 584 dollar (21 min 393 manat) olub.

Rəqəmlərdən də göründüyü kimi son bir ildə idxal olunan avtomobilin gömrük dəyəri 15% və ya 3 min 271 manat artıb.
Onu da qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 27 min 589 ədəd minik avtomobili, 55 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi (avtobus), 2 min 61 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 150 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal olunub.

Bundan başqa xaricdən 4 min 474 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid), 568 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib.
Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 19 min 672 dollar (33 min 443 manat) olub.

Məlumat üçün bildirək ki, ötən ilin analoji dövründə idxal olunan hibrid avtomobillərin sayı 4 min 156, bir ədədinin orta gömrük dəyəri isə 8 min 768 dollar (14 min 906 manat) olub.

Bənzər yazılar

Back to top button