Siyasət

Qarabağ separatçıları arasında böhran artır

“Qarabağ parlamentinin spikeri” Artur Tovmasyan Qarabağda “dövlət müdafiə komitəsi” yaratmağı təklif edib. Ermənistan KİV-lərinin məlumatına görə, o, bu təkliflə “prezident” Araik Arutyunyana müraciət edib.

Tovmasyan bu təkliflə “parlamentin” bugünki iclasında çıxış edib. “Parlament” bu ideyanı dəstəkləyib.

Tovmasyanın sözlərinə görə, gələcək dövlət müdafiə komitəsinə Ruben Vardanyan və Samvel Babayan daxil edilməlidir.

Əks halda, Tovmasyan Arutyunyana istefa verməyi və ya xalqdan etimad votumu almağı təklif edib. Arutyunyana etimad votumu verilməsindən imtina edilməsə, Tovmasyan özü də istefa verməyə hazırdır.

Beləliklə, Qarabağda müxtəlif klanlar arsında hakimiyyət uğrunda mübarizə güclənir. Keçmiş “müdafiə naziri” Samvel Babayan açıq-aşkar “dövlət naziri” olmaq istədiyini bildirib və çərşənbə günü Xankəndində tərəfdarlarının mitinqini keçirib.

Keçmiş “dövlət naziri” Ruben Vardanyan Yerevanı Qarabağ ermənilərinin taleyinə biganə qalmamağa və onların “azadlıq” uğrunda mübarizəsini dəstəkləməyə çağırıb. Separatçıların lideri Araik Arutyunyan Rusiyanın Qarabağı öz himayəsi altına götürəcəyi ümidi ilə Moskva və Yerevan arasında məkik toxuyur.

Yaxın gələcəkdə Qarabağda hakimiyyət dəyişikliyi və ya müxtəlif klanlar arasında silahlı qarşıdurma gözləmək olar.(Turan)

Bənzər yazılar

Back to top button