Dünya

ABŞ İranı etirazçıları edam etməkdən çəkinməyə çağırıb

Cümə axşamı Dövlət Departamenti İranı üç nəfərin edamından çəkinməyə çağırıb. Onlar ötən il Tehranda hökumətə qarşı etiraz aksiyalarında iştirak etdiklərinə görə edama məhkum edilmiş Məcid Kazemi, Saleh Mirhaşemi və Səid Yaqubidir.

“Biz İran xalqına və beynəlxalq birliyə qoşuluruq, İranı bu edamları həyata keçirməməyə çağırırıq”, – ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə bildirib.

“Saxta məhkəmə proseslərindən sonra həmin adamların edam edilməsi insan hüquqlarına təhqir olardı. Məlum olur ki, İran rejimi ötən ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra başlayan etirazlardan nəticə çıxarmayıb. Biz bir daha İran rəhbərliyini qətlləri dayandırmağa, saxta məhkəmə proseslərinə son qoymağa və insan hüquqlarına hörmət etməyə çağırırıq”, – Patel deyib.

Turan-ın “Vaşinqton İranın yüksək vəzifəli liderlərinə qarşı sanksiya tətbiq etməyə hazırdırmı?”sualının cavabında Patel deyib ki, Məhsa Əmininin ölümündən sonra İran rejimini məsuliyyətə cəlb etmək üçün ABŞ öz müttəfiqləri və tərəfdaşları ilə “lazımi addımları” atıb.

Bənzər yazılar

Back to top button