İqtisadiyyatManşet

“Ağ qızıl”ın qaranlıq sonu… – (TƏHLİL)

6 il əvvəl – 2017-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət Proqramının 6.3-cü bəndində açıq şəkildə qeyd olunur ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək.

Göründüyü kimi, 2022-ci il artıq başa çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il sahələrdən 321,8 min ton pambıq yığılıb. Bu isə o deməkdir ki, yığılan pambıq hədəfin 2/3-nə belə çatmayıb.
Dövlət Proqramının qəbul olunduğu ildən sonrakı ildə – 2018-ci ildə 220,4 min ton pambıq yığılıb. Sonrakı 3 ildə artım olsa da, 2021-ci ildə pambıq istehsalı aşağı düşüb. Ötən il yığılan pambıq isə 2020-ci ildəki göstəricidən də aşağı olub.
Dövlət Proqramının icra olunduğu son 5 ildə pambıq yığımı aşağıdakı kimi olub:

İllər Yığılmış sahə Yığılmış məhsul
2018 132,5 min hektar 220,4 min ton
2019 101,1 min hektar 292,5 min ton
2020 99,7 min hektar 328,2 min ton
2021 100,6 min hektar 287 min ton
2022 104,2 min hektar 321,8 min ton


Bu ilin ilk 4 ayında – yanvar-aprel aylarında 72,2 min hektar ərazidə pambıq əkilib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,9% az olub. Belə ki, ötən ilin ilk 4 ayında 91,3 min hektar ərazidə pambıq əkilmişdi. Açıqlanan bu məlumat göstərir ki, bu il pambıq yığımının ötən illə müqayisədə bir qədər də azalacağı gözlənilir.
Göründüyü kimi, pambıq istehsalında nəzərdə tutulan hədəfə çatmaq mümkün olmadı. Bəs, görəsən, hədəfə hansı səbəbdən çatmaq mümkün olmayıb?

Kənd təsərrüfatı sahəsinin xüsusiyyətindən irəli gələrək bu suala bir-birindən fərqli cavablar vermək mümkündür. Ola bilsin ki, kimsə hava şəraitinin əlverişsiz olduğunu, başqa biri isə suvarma ilə bağlı problemlərin olduğunu deyəcək.

Lakin, pambıqçılığın inkişafına mane olan və  hər kəsin açıq şəkildə görə biləcəyi böyük bir problem var. Məhz bu problem də Dövlət Proqramının icrasına mane olan əsas səbəb oldu.
Bu problem pambığın fermerlərdən alış qiymətidir.

Ötən il pambığın fermerlərdən alış qiyməti 2 dəfə (yanvar və avqust) artırıldı.

Sonuncu artımdan sonra 1 ton pambığın alış qiyməti aşağıdakı kimi müəyyən edildi:
1-ci növün qiyməti 800 manata,
2-ci növün qiyməti 780 manata,
3-cü növün qiyməti 740 manata,
4-cü növün qiyməti 700 manata.


Bu qiymət xarici ölkələrə satılan pambıq lifinin gömrük dəyərindən dəfələrlə aşağı olub. Bu isə o deməkdir ki, pambıqdan əldə olunan gəlirin olduqca az hissəsi onu əkib-becərən fermerlərə çatır. Belə olan halda da fermerlərdə pambıq əkininə maraq olmur.

Məsələn, ötən il Azərbaycandan xarici ölkələrə satılan pambığın 1 tonunun gömrük dəyəri 2 min 262 dollar (3 min 846 manat) olub. Rəqəmlərdən də açıq şəkildə görünür ki, pambıq fermərlərdən alınan qiymətdən dəfələrlə yüksək qiymətə xaricə satılır. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər fermerlərdən pambığı 800 manata alıb (1-ci növ), onu emal etdikdən sonra (1 ton xam pambıqdan təxminən 350 kq lif əldə olunur) dəfələrlə baha satılır.  

Son 6 ildə 1 kq pambığın fermerlərdən alış qiyməti və ixrac olunan pambıq lifinin orta gömrük dəyəri aşağıdakı kimi olub:

İllər Fermerlərdən
alış qiyməti
Gömrük
dəyəri
2017 0,29 $ 1,37$
2018 0,35 $ 1,48 $
2019 0,38 $ 1,38 $
2020 0,38 $ 1,34 $
2021 0,41 $ 1,66 $
2022 0,41 $ 2,26 $

Yeniavaz.com

Bənzər yazılar

Back to top button