Hadisə

Direktor: “Vətənpərvər adam Ermənistan vətəndaşlığı almaq istəyi ilə məhkəməni şantaj etməz”

175 saylı tam orta məktəbin keçmiş direktoru, zərərçəkmiş Tural Mirzəliyev də aktyor Rza Rzayevin həbs olunmasına münasibət bildirib.

Bu barədə Tural Mirzəliyev “Feysbuk” hesabında məlumat yayıb.

O, baş verənlərə görə Rza Rzayevi qınayıb.

Rza Rzayev Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs olunub.

Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə aktyor barədə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Tural Mirzəliyev deyir ki, dəfələrlə Rza Rzayevi çağırıb söhbət etmək istəsə də, o, müzakirələrdən yayınıb, əksinə müxtəlif media orqanlarına açıqlamalar verərək direktoru qorxaq adlandırıb.

“İndi yazacağım mövzuya toxunmayacaqdım. Madam ki, özləri yaydılar, mən də açıqlayım. Rza Rzayev məni söyüb, təhqir edib, vurub. Bütün bunları bağışlamaq olardı. Qızımı və anamı təhqir etməyini bağışlamadım. Bu gün (dünən-red.) Bakı Apelyasiya Məhkəməsi Rza Rzayev barədə iki il həbs, bacısı oğlu barədə islah işi qərarı çıxardı”, – deyə direktor sosial media hesabında yazıb.

“Mən dəfələrlə qohumları, dostları vasitəsilə ona xəbər göndərmişəm ki, buyur, danışaq, bu iftiralar nə üçündür? O isə bu təşəbbüsləri qorxaqlıq kimi qiymətləndirib, bu barədə dostlarına müsahibələr də verib. Heç kimin həbs olunması məni sevindirmir. Amma adam özü israrla bunu istəyirsə, heç nə edə bilməzsən”, – deyə direktor bildirib.

Tural Mirzəliyev bildirib ki, aktyor məhkəməni həbsinə qərar veriləcəyi təqdirdə Ermənistan vətəndaşlığına müraciət edəcəyi ilə şantaj edib: “O ki qaldı vətənpərvərliyinə, türksevərliyinə… Vətənpərvər adam Ermənistan vətəndaşlığını qəbul etmək istəyi ilə məhkəməni şantaj etməz. Nə biləsən, bəlkə, həqiqətən, istəyir. Mətbuat orqanlarından xahiş edirəm ki, bunu və daha sonra yazacağım statusu da işıqlandırsınlar. Rzayevin böhtanlarına geniş yer verən saytlar da nəzərə ala bilərlər. Bu işdə mənə dəstək olan hər kəsə, xüsusilə, vəkil Qanqa İbrahimova təşəkkür edirəm”, – deyə zərərçəkmiş qeyd edib.

Tural Mirzəliyev hazırda Xarici Dillər Təmayüllü Gimnaziyanın direktorudur.

Hadisə isə 2018-ci il yanvar ayının 29-da 220-saylı məktəb-liseydə baş verib.

Bildirilir ki, təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyini deyib.

Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.

Hətta bununla bağlı videogörüntü də yayılıb.

Mayın 18-də zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apelyasiya şikayətinə baxılıb.

Rza Rzayev “Dolu” filmində “Drakon” obrazını canlandırıb və cəmiyyətdə də bu adla tanınır.

Bənzər yazılar

Back to top button