İqtisadiyyat

“Vergi daxilolmaları artıbsa, hesab-kitaba görə, iqtisadiyyat fontan vurmalı idi”

İqtisadçı artımı “möcüzəvi” sayır və şübhəli yanaşır

2022-ci ildə vergi daxilolmaları 85 faiz artıb. Söhbət 6,7 milyard manatdan çox məbləğdən gedir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında belə deyilir.

Məlumatda qeyd edilir ki, 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 14 milyard 726 milyon 776 min manat vergi daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 85 faiz və ya 6,7 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 583 milyon 62,2 min manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 29,2 faiz və ya 1,7 milyard manatdan çox artıb.

Ödənilən vergilərin 51,5 faizi qeyri-neft-qaz sektorunun, 48,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, iqtisadiyyat elminə, hesab-kitaba görə, vergi daxilolmaları 85 faiz artıbsa, bu, həmin ölkədə iqtisadi artımın fontan vurmasına səbəb olmalı idi: “Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul istehsal olunub, yəni ÜDM cəmi 5,2 faiz artıb. Bəs bu nə möcuzədir ki, vergidaxilolmaları 85 faiz, tamı-tamına 6,7 mlrd. manat artıb, nəyin hesabına bu baş verib?! Qeyri-neft sektorundan daxilolmalar 7 milyard 583 milyon manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 29,2 faiz və ya 1,7 milyard manatdan çox artıb. Yəni 6,7 mlrd. manatın 1,7 mlrd. manatını qeyri-neft sektoru verib, artımın qalan 5 mlrd. manatını isə neft sektoru təmin edib”.

“Yaxşı, artımın 5 mlrd. manatını neft-qaz sektoru təmin edibsə, bu, hökumətin yaxşı işləməsidir, ya dünyada neft-qaz qiymətlərinin yüksəlməsinin nəticəsidir? 2022-də bəxtimiz gətirdi, neft-qaz baha oldu, bəs sonra ucuzlaşan dövrdə nə edəcəyik, büdcə daxilolmaları nəyin hesabına artacaq? Deyəcəksiniz ki, qeyri-neft sektorunun, amma bu sahədə də keçən ilə nisbətən 1,7 mlrd. artıq vəsait toplanması iqtisadi aktivliyin kəllə-çarxa çıxması nəticəsində deyil də, əsasən mühasibatlığın “ağarmasına” görədir. “Ağardılması” yaxşıdırmı, təbii ki, əladır, olmalıdır, amma bir tək “ağartmaqla” 1 il, iki il, yaxşı, lap 3 il artıq vəsait toplayarsan da, bu, daimi proses deyil ki, hər il dadına çatsın?! Bu proses də bitəndən sonra nə olacaq, hökumət nəyi ağardacaq?”, – deyə iqtisadçı qeyd edib.

Natiq Cəfərli bildirib ki, rəsmi makroiqtisadi göstəricilər məmləkətin neft-qazdan faciəvi asılılığını hər rəqəmi ilə sübut edir: “Qeyri-neft sektorunun inkişafı üçünsə “ingilisdilli məmurlar” deyil də, iqtisadi azadlıqlar və ədalətli məhkəmə mühiti lazımdır. Məhkəmə də ki ədalətli deyil. Məmləkətdə hər şey bir-birinə bu qədər bağlıdır”.

2021-ci ilin 11 ayında isə dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat vergi daxil olub.

Həmin vaxt Dövlət Vergi Xidməti proqnoza 121 faiz əməl edildiyini açıqlamışdı.

Həmin müddətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 433,1 milyon manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artan daxilolmaların proqnozdan 309,6 milyon manat artıq icra olunduğu vurğulanıb.

Bənzər yazılar

Back to top button