AnalitikaDünya

RUSİYA YAXIN ŞƏRQDƏ MÖVQELƏRİNİ İTİRİR…

Tələbəlik illərindən öncədə beynəlxalq siyasətin gələcəyi ilə bağlı ən çox eşitdiyim ifadələrdən biri “Çin gələcəkdə ABŞ-ın ən böyük rəqibi olacaq” idi. Bu proqnoz artıq özünü doğrultmaqdadır. Çinin öz tarixi təsir dairəsi olan Şərqi Asiyanı tərk edərək minlərlə kilometr uzaqlıqdakı tarazlıqlara təsir etməyə başlaması buna sübutdur. Yaxın Şərqdə bu yeni böyük gücün təsirləri nisbətən yaxınlarda hiss olunmağa başlayır. Çin son 20 ildə Yaxın Şərqdə bir çox münaqişələrin fonunda olan Səudiyyə Ərəbistanı-İran rəqabətini müvəqqəti dayandırmaq üçün fürsət təqdim edir. Bu imkana tərəflərin münaqişə olmadan iqtisadi və siyasi gəlir əldə edə biləcəyi əməkdaşlıq modeli daxildir. Beləliklə, hər iki ölkə regiondakı maraqlarından əl çəkmədən mübarizə yolunu dəyişməyi seçir. Düzünü desəm, başqa variantların olmadığını söyləmək olmaz…

Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında siyasi atəşkəsə nail olması bir müddətdir Yaxın Şərq paytaxtlarında pıçıldayan “Suriyada vətəndaş müharibəsinə son qoymağın vaxtıdır” sözlərinin sürətlə həyata keçirilməsi üçün lazımi mexanizmi işə salıb. O gündən etibarən Dəməşqlə yüksək səviyyədə əlaqələr qurmaq üçün gəlib-gedənləri saymaq belə çətinləşib. Rusiyanın Ukraynadakı hərbi avantürası uzun sürən bir prosesə çevrilir və nəticə əldə etməkdə çox çətinlik çəkir. Bu prosesin Avro-Atlantik ölçüsünü bir kənara qoyaraq, hətta Asiya və Yaxın Şərqdəki nəticələrə nəzər salsaq, Putinin Ukrayna ilə bağlı qərarının Rusiya üçün mənfi nəticə ilə nəticələndiyini söyləmək olar. Bir il yarım əvvəl Yaxın Şərqdə yeni Rusiyanın təsirindən söhbət getdiyi halda, halhazırda Rusiya regionun yeni dinamizmində xeyli geridədir…

Xüsusilə Suriyaya baxdığımızda, şübhəsiz ki, Rusiya küçümsənəcək bir ölkə deyil. Amma bir məqamı da unutmayaq ki, Rusiyanı Suriyada önəmli edən amil onun möhtəşəm diplomatik manevrləri deyil, hərbi gücündən səmərəli istifadə etməsi idi. Rusiya Suriyada vətəndaş müharibəsini dəyişdirən aktyor oldu, çünki bu, Dəməşqə müxalifəti məğlub etməyə kömək etdi. Ancaq siyasi proseslərə köklü şəkildə təsir edəcək, tərəfləri qane edəcək daimi həll yolu çıxarmadı. Hazırda Rusiya Suriyadakı keçmiş hərbi gücündən çox uzaqdır. Ukrayna müharibəsi səbəbindən o, Suriyadakı hərbi qüvvələrinin böyük hissəsini başqa bölgələrə yerləşdirib. Rusiya təyyarələri aylardır Suriya səmasında əməliyyat keçirmir. Lakin fəaliyyətsizlik Moskvanın hərəkət dairəsini məhdudlaşdırmaqla bitmir. Rusiya kimi, ABŞ da Suriyada daha aşağı profil çəkir. Çünki Suriyada tarazlığı müəyyən edən iki böyük güc Ukraynada bir-biri ilə məşğul olarkən, regional güclərə daha çox güzəştə getməli olurlar. Buna misal olaraq: Rusiya İranı tamamilə sıradan çıxarmaq istəsə də, bu addımı yekunlaşdıra bilmədi. Həmçinin Suriya ordusunun önəmli fiqurlarından olan Bəşər Əsədin kiçik qardaşı Mahir Əsədə bağlı İran yönümlü hərbi qanadın dağıdılması iflasa uğradı…

Pərviz Əliyev, politoloq

Bənzər yazılar

Back to top button