İqtisadiyyat

Ramiz Mehdiyevin həyat yoldaşı 3 ildir borcunu ödəyə bilmir? – Məbləğlər

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olan “Bank BTB” ASC “Mərəndi” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommesiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.

Bildirilir ki, iddia kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin son hesabatında səhmlərinin 74,99%-nin Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-nin onun qardaşı Sadiq Rza İsmayıl oğluna, 6%-nin isə Mahmudova Tükəzban Ağa qızına məxsus olduğu göstərilir.

Barəsində iddia qaldırılan “Mərəndi” MMC də daha əvvəl Ramiz Mehdiyevin ailə üzvlərinə bağlı olub. Nizamnamə kapitalı 100 manat olan “Mərəndi” MMC (VÖEN – 1304526921) 2016-cı ildə dövlət qeydiyuyatına alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı rəsmi məlumatlarda bildirilirdi ki, Novxanı qəsəbəsində su növbəsində olan bir neçə böyük fermer təsərrüfatı var. Həmin təəsrrüfatlardan 42 hektarı Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya, 131 hektar isə “Mərəndi” MMC-yə məxsus olub. “Mərəndi” MMC Novxanıda 100 hektar ərazidə üzüm bağına, 31 hektar ərazisdə isə zeytun bağına sahib olub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin 2015-2017-ci illər üçün açıqladığı başqa bir məlumatda isə göstərilirdi ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevnaya (113 hektar), digəri isə onun oğlu Mehdiyev Teymur Ramiz (42 hektar) oğluna məxsus olub. Rəsmi məlumatlarda göstərilirdi ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.

Noxvanı kəndində yerləşən üzüm bağlarının ərazisində şərab istehsalı ilə məşğul olan daha bir şirkətin – “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) təsisçilərindən biri də Qalina Mehdiyevaya olub. 2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub.
“Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib. “Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərib.

Onu da qeyd edək ki, həm “Fireland Vineyards” MMC-nin, həm də “Mərəndi” MMC-nin hazırda dövlət büdcəsinə vergi borcları var.

Bu günə olan məlumata görə “Mərəndi” MMC-nin dövlət büdcəsinə 448 min 956 manat 63 qəpik, “Fireland Vineyards” MMC-nin isə 21 min 803 manat 47 qəpik vergi borcu var.

Əvvəllər bu şirkətlərin vergi borcları daha çox olub. Məsələn, 2021-ci ilin 11 oktyabr tarixində “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə 451 min 128 manat 51 qəpik vergi borcu olub. 20 iyul 2023-cü il tarixində isə “Mərəndi” MMC-nin vergi borcu 647 min 9 manay 50 qəpik olub.

Dövlət büdcəsinə böyük həcmdə vergi borcu olan “Mərəndi” MMC-yə ötən ilin iyun ayında Səfərov Murtuza Xanbaba oğlu yeni direktor təyin edilib.

Bənzər yazılar

Back to top button