İqtisadiyyat

“Xaliq Faiqoğlu” MMC yenə məhkəmə qarşısında – Bu dəfə vergilərlə bağlı

Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı növbəti dəfə məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, bu dəfə məhkəmə iddiasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi qaldırılıb.

Məhkəmə iddiasının vergi məsələləri üzrə mübahisələrlə bağlı olduğu bildirilir. İş Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayevanın icraatına verilib.

Nizamnamə kapitalı 20 manat olan “Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Paytaxt ərazisində 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin uzun müddət dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub. Hazırda “Xaliq Faiqoğlu” MMC-nin vergi borcu olmasa da, bu şirkətlə eyni hüquqi ünvanda (Binəqədi rayonu, Mir Cəlal, ev 1D) yerləşən və eyni şəxsin (Faiq Seyidov) rəhbərlik etdiyi “Xaliq Faiqoğlu Şirkəti” MMC-nin dövlət büdcəsinə 53 min 614 manat 94 qəpik vergi borcu var.

Qeyd edək ki, Seyidov Faiq Sadıq oğlu “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”ə də rəhbərlik edir. “Xaliq Faiqoğlu”ndan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.

Məlumat üçün onu da əlavə edək ki, son zamanlar “Xaliq Faiqoğlu” MMC-yə qarşı bir sıra məhkəmə iddiası qaldırılıb.
– 2022-ci ilin noyabr ayında “SOCAR Petroleum” QSC “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.

– 2022-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində icarə müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.

– Ötən ilin aprel ayında Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC (“Nar mobile”) də “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

– Bunlardan başqa Azərbaycanda avtobus və yük avtomobillərinin satışını həyata keçirən “Grand Motors” MMC və avtomobillərin ehtiyat hissələrinin idxalı və topdan satışı ilə məşğul olan “Lokomotiv” MMC də “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıblar.

– Hətta, bu ilin yanvar ayında şirkətin direktoru Seyidov Faiq Sadıq oğlu da rəhbərlik etdiyi şirkətə qarşı borc müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.

Bənzər yazılar

Back to top button