İqtisadiyyatManşet

“Azərbaycanda yığılan avtomobillərin 80 faizini dövlət alıb”

Azərbaycanda istehsal olunan avtomobillər 10 il Əlavə Dəyər Vergisindən (ƏDV) azad oluna bilər. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin ötən həftə keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il ƏDV-dən azad ediləcək. Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.

Azərbaycanda Neftçala, Naxçıvan, Gəncə və Hacıqabulda avtomobil zavodları var. Mayın 1-də isə Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanla Özbəkistanın birgə avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1 min 259 minik avtomobili istehsal edilib. Bu da 2022-ci ilin analoji göstəricisindən 77.3 faiz çoxdur. Komitənin açıqlamasına əsasən, bu il mayın 1-də anbarlarda yerli istehsallı 877 minik avtomobili var.

Rəsmi məlumata görə, 2022-ci ildə Azərbaycanda yerli istehsal olan 2 min 119 avtomobil satılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov “Turan”a deyib ki, ölkədə istehsal olunan avtomobillərin ƏDV-dən azad edilməsi istehsala müsbət təsir edəcək. Onun sözlərinə görə, bununla ölkədə avtomobil istehsalı artacaq: “Digər tərəfdən, bu, avtomobil istehsalında məşğul olan şəxslərin əməkhaqqına təsir göstərəcək və yeni iş yerlərinin açılmasını təmin edəcək”.

Deputat vurğulayıb ki, ölkədə 1 milyondan çox avtomobil var: “Bu onu göstərir ki, avtomobillərə maraq var. Dəyişiklikdən sonra vətəndaşlar yerli istehsal avtomobillərinə üstünlük verəcəklər, bu da iqtisadiyyatımıza müsbət təsir göstərəcək”.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda avtomobil istehsalı yoxdur, yalnız avtomobil yığılması var: “Çünki beynəlxalq standartları nəzərə alsaq, ən azı 25, bəzi zavodlarda 40-45 faiz yerli detallardan istifadə olunaraq avtomobillər istehsal olunur. Bu da yan sahələrin yaranmasına və 10 minlərlə əlavə iş yerlərinin açılmasına səbəb olur. Azərbaycan təcrübəsini götürsək, ölkədə avtomobillərin vintaçanla yığılması var, istehsal prosesi yoxdur, çünki bütün detallar xaricdən gətirilir”.

Onun fikrincə, Azərbaycanda avtomobil istehsalını yaratmaq üçün ölkəyə iri yatırımçıların cəlb olunması ilə bağlı addımlar atılmalıdır ki, tanınmış markalar ölkəyə gəlsin. Onun deməsinə görə, indiyə qədər Azərbaycanda yığılan avtomobillərin bir elə effekti yoxdur: “Həmin avtomobillərin alıcısı dövlətdir. Bugünədək Azərbaycanda yığılan avtomobillərin 80 faizə yaxınını dövlət qurumları alıb. Yəni, dövlət öz hesabına tikilən zavodlarda öz vəsaiti hesabına yığılan avtomobilləri öz vəsaiti hesabına da alır”.

İqtisadçı vurğulayıb ki, əhali yerli avtomobillərə bir neçə faktora görə maraq göstərmir. Onun fikrincə, birinci, keyfiyyət ilə bağlı ciddi şübhələr var: “Digər tərəfdən də, onların qiyməti də ucuz deyil. O qiymətə işlənmiş, amma daha keyfiyyətli avtomobil almaq mümkündür”.

Bənzər yazılar

Back to top button