Dünya

ABŞ Ukrayna ərazilərinin anneksiyasını dəstəkləyənlərə qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton xəbərdarlıq edib ki, Vladimir Putinin Ukraynada torpaqları zəbt etmək cəhdini qanuniləşdirmək səylərilə əlaqədar Rusiyanı dəstəkləyənlər sanksiyalara məruz qalacaqlar.

“Biz hamıya aydın siqnal göndərmək istəyirik ki, qanunsuz anneksiya məsələsində Rusiyanı dəstəkləmək istəyən şirkətlər, şəxslər və ölkələr sanksiyalara məruz qalacaqlar”, – prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ağ Evdə brifinq zamanı bildirib.

Bu addım cümə günü Bayden administrasiyası yüzlərlə rusiyalı məmura qarşı yeni iqtisadi sanksiyaları elan etdikdən sonra atılıb.

Maliyyə Nazirliyi rusiyalı hərbçilərə kömək edən 14 beynəlxalq təchizatçının adını çəkib. Rusiya Dövlət Dumasının 109 deputatına və Federasiya Şurasının 169 üzvünə sanksiya tətbiq edilib.

Həmçinin Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinaya sanksiyalar tətbiq edilib. Bundan başqa, sanksiyalar Rusiya Milli Təhlükəsizlik Şurasının üzvlərinin qohumlarına da şamil edilib. Onların arasında baş nazir Mixail Mişustinin xanımı və iki övladı, həmçinin müdafiə naziri Sergey Şoyqunun xanımı və uşaqları var.

Dövlət Departamenti bir çox rusiyalı və belaruslu hərbçiyə qarşı viza sanksiyaları tətbiq edib.

ABŞ Ticarət Nazirliyi Rusiya və Belarusda müdafiə sektoruna maddi dəstək göstərən 57 təşkilata qarşı ticarət sanksiyaları tətbiq edir.

“Biz Rusiyanın Ukrayna ərazisinin statusunu qanunsuz dəyişdirmək cəhdlərinə siyasi və ya iqtisadi dəstək verən istənilən fiziki şəxsi, təşkilatı və ya ölkəni məsuliyyətə cəlb edəcəyik”, – dövlət katibi Entoni Blinken bildirib.

Kanadanın xarici işlər nazirilə birlikdə Dövlət Departamentində jurnalistlərin qarşısında çıxış edən Blinken deyib: “Dünya Rusiyanın qondarma referendumları necə keçirdiyini gördü, rusiyalı işğalçı qüvvələr qapı-qapı gəzərək silah gücü ilə Ukrayna vətəndaşlarını səs verməyə məcbur etdilər. Bu saxta referendumlar ətrafında gedən bütün proses tam məzhəkə idi.

Ukraynanın öz torpaqlarını, öz xalqını müdafiə etməyə və Rusiyanın ondan aldığı əraziləri geri qaytarmağa tam haqqı var”, – o deyib.

Öz növbəsində, cümə günü axşam G7 xarici işlər nazirləri bəyanat yayaraq, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini yekdilliklə pislədiklərini bildiriblər.

“Biz Rusiyaya, habelə Rusiya daxilində və xaricində bu beynəlxalq hüquq pozuntularına siyasi və ya iqtisadi dəstək verən fiziki və hüquqi şəxslərə əlavə iqtisadi xərclər tətbiq edəcəyik. Biz Ukraynanın Rusiyanın müharibəsinə, onun təcavüzünə qarşı özünü müdafiə etmək hüququnu və onun öz ərazisini Rusiyadan geri almaqla bağlı danılmaz hüququnu dəstəkləməkdə qətiyyətliyik”, – onlar qeyd ediblər. (Turan)

Bənzər yazılar

Back to top button