Mədəniyyət

Okean-insan – Viktor Hüqo

Çingiz SULTANSOY

Viktor-Mari Hüqo, 2.02.1802 – 22.05.1885, fransız və dünya ədəbiyyatı klassiki, böyük fransız nasiri, şairi, dramaturqu, jurnalisti, publisisti.

Bəli, jurnalisti və publisisti də…

Atası Napoleon ordusunun generalı, bir qohumu isə – qohumluq dərəcəsi haqqında müxtəlif mənbələr müxtəlif versialar deyir, – elit hissənin, İmperator Qvardiyasısnın süvari kirasir bölüyünün məşhur Vaterloo döyüşündə həlak olan zabiti olub.

Tək o yox, az qala bütün qvardiya həlak olub. Yazıçı imperatorun məşhur son döyüşün məşhur epizodlarını, o cümlədən kəşfiyyatının və özünün səhvi üzündən Napoleon qvardiyasının hücumunun uğursuzluğunu, böyük bir bölümün dördnala çaparaq üçdə birinin hündür otlar içərisində kənardan görünməyən enli və çox dərin, dərinliyi 4 metrəyə çatan dibindən yol keçən yarğana tökülüb bir-birini əzməsini, seyrəlib azalmasını, və ingilis səngərlərinə çatanda qələbə çala bilməməsini romanında təsvir edib.

Bu uğursuz atak – hücum ən önəmli, həyati döyüşdə Napoleonun məğlubiyyətini və sonucda taxtını itirməsini şərtləndirən nədənlərdən biridir, ən önəmlisi olmasa da…

Napoleonun generalı olan atasına, zabiti olan qohumuna, hakimiyyətə gələn kimi imperator qvardiyasını tərksilah və ləğv etməsinə baxmayaraq, kral 16 yaşlı Viktoru ədəbi istedadına görə öz təqaüdünə layiq görüb.

Qeyd etməl lazımdı ki, bir-iki il öncə royalist – kral tərəfdarı olan anasının təsiri altında yeniyetmə Viktor krala mədhiyyə də yazmışdı. Anası zaman artıq atasından ayrılmış və başqa generala ərə getmişdi. Bu da bir istedaddır qadında – ailə quranda ancaq generallarla qurur, daha mayor, polkovniklə yox.

Kral təqaüdü indiki 200-300 dollar kimi sədəqə təqaüdü yox, kralın adına layiq, önəmli böyük məbləğ olub…

Buradan belə qənaətə gəlmək olar ki, 200 il əvvəlin həqiqi kralları arasında indiki krallıq iddiasında olan prezidentlərdən daha geniş ürəkli və mərhəmətliləri də varmış.

Zadəgan olmasa da, imtiyazlı nəslinə, – anası gəmi sahibkarının qızı idi, – kralın belə himayəsinə baxmayaraq yetkinlik yaşına çatandan, ağlı kəsməyə başlayandan sonra Viktor Hüqo ölkənin, xalqın durumuna, baş verən olaylara biganə qalmayıb, “mən yazıçıyam” deyib, yaxasın kənara çəkməyib, mövqeyini bildirib və krala, monarxiyaya müxalif düşərgəyə gəlib.

Qələmiylə krala yox, haqqa, ədalətə, “geridə qalmış”, “demokratiya üçün hələ yetişməmiş”, həiqiqətən avam xalqa xidmət edən Hüqo fransız və dünya ədəbiyyatı tarixində aydın və qəti siyasi mövqeli, kralın-imperatorun tərəfdarı yox, böyük qələm sahibi, önəmli ideoloq, könüllər mülkünün hökmdarı və böyük şəxsiyyət kimi qalıb.

Krala, imperatora baş əymək, əyilmək, təzim etmək bir norma, qədim gələnək olan zəmanədə təbəə yox, vətəndaş olmaq, yarınmamaq, malalamaq, yaltaqlanmamaq, bunları şəxsiyyətinə sığışdırmamaq, düşündüyünü demək və yazmaq yalnız fədakarlıq deyil, qəhrəmanlıqdır.

O Fransadır, Avropadır, “Azərbaycanın bütün böyük şairləri saray şairi olub, mədhiyyə yazıb” yalanını yayanlar, Nəsimini ya böyük şair saymır, ya da varlığından xəbərləri yoxdur, ola bilsin. Təəccüb eləmirəm…

Yalnız krala yox, Napoleonun qardaşı oğluna da müxalif mövqedə dayanan, yaşı əlliyə yaxın, barrikadalarda əlində silah döyüşən Viktor Hüqo respublikaçıların məğlubiyyətindən sonra ölkədəki durum, konkret ünvanlı təhlükə yarananda mühacirətə – İngiltərəyə gedib, Fransanı əbədi düşməni olan ölkəyə…

O vaxtkı taxtın həndəvərindəki yazarlar, yalan-böhtan yağdıranlar, indiki dillə desək, trollar yəqin “qorxdu qaçdı mühacirətə”, “ingilislərdən qırant dilənir”, “paxıllıqdan öləcəsən” ittihamlarını da da yazıblar.

Amma Hüqo nə paxıllıq edib, nə də öüb, Londonda varlı həyat sürməyib, gedəndən altı-yeddi il sonra öz puluna La-Manş boğazında, Gernsi adasında – ucuz yerdə köhnə, xudmani ev alıb, mansardında özünə kabinet düzəldib, yazı masasını pəncərənin qabağına qoyub və yazıb.

“Səfillər” kimi dünya ədəbiyyatının incisi başda olmaqla ən güclü, ən məşhur romanlarını, məsələn, monarxiyaya etiraz, demokratik ruh dolu “Gülən adamı” o kabinetdə, o masada yazılıb.

İngiltərənin ikinci adı “Dumanlı Albion”dur, dumanlar ölkəsidir hər mənada. La-Manş boğazında, ingilis sahillərinə yaxın iki ada – Cersi və Gernsi isə İngiltərənin ən dumanlı yeri sayılır.

Cersi adasının dumanları tamam ayrı mövzuya – bu adadakı bir köhnə imarətdə yaşayan, öləndən sonra kabusları imarəti dolaşan adamlara həsr olunmuş, bütün olayları məhz bu adada baş verən 2001-ci ilin “Başqaları” filmində yaxşı göstərilib.

Görənlər xatırlasın, görməyənlər baxsın, məsləhətdi, Hollivud ulduzu Nikole Kidmanın baş rolda çəkildiyi, tük ürpərdən, səviyyəli trillerdi.

Mövzudan aralandım, üzürlü bilin.

Hərdənbir, günəşli günlərdə duman dağılanda mansardın qabağında Hüqonun masası olan pəncərəsindən boğazın o tayında “La belle France” – “Lə bel Frans” – “Gözəl Fransanın” uzaq sahilləri görünüb.

Hüqo hərdən görünən o sahillərə baxıb və yazıb. Gözəl vətən!..

19 il mühacirətdə qalaraq yazıb.

On doqquz il…

Əsərləri, romanları, məqalələri fransız dilli Belçikada çap olunub satılıb, Fransaya qaçaq yollarla gətirilib, oxunub, honorar pulu Hüqonu ayaqda saxlayıb, evini təmir edib, rahatlaşdırıb.

Fransızların “okean-insan” adlandığı dahi yazıçı mühacirətdə tək yaşamayıb, qanuni arvad Adeline öz yerində, sevgilisi Jüliete Drue, tanınan aktrisa, – Hüqodan öncə kurtezan, yəni kişilərin saxladığı, hesablarına yaşayan qadın olduğu da deyilir, – Paris kimi şəhəri, paytaxtın ən kübar olmasa da, öz sosyetesini, oynadığı və tanındığı, parladığı teatr səhnəsini ataraq yanına gəlib və Gernsi adasındakı həmin xudmani evdə birgə sadə həyat yaşayıb.

Dəhşət, nigahsız yaşayıblar, daha artıq dəhşət – Viktor arvadına gözünün qabağında xəyanət edirmiş! Daha da artıq dəhşət – hamısı bir evdə yaşayıblar, fransız kübar xanımlar adi azərbaycanlı gerizəkalı əyalət qadınları kimi bir kişinin iki arvadı olmağa razı olublar!..

Vay-vay, gəlin Viktoru lənətləyək, yazıçı saymayaq, oxumayaq, heç adını çəkməyək…

Əsl sevgi, əsl məhəbbət əlli il bir-birindən ayrılmayan, aşiq-məşuqluqdan daha çox ər-arvad olan Viktor Hüqo-Jüliette Drue cütlüyündəki kimi olar!

Əsil yazıçı sevdiyi qadının ürəyini əyilmək, susmaq hesabına aldığı mənzillə, təqaüdlə ya yaltaqlanaraq əldə etdiyi daş-qaşla, pulla yox, istedadıyla, şəxsiyyətinin gücü və çapı, şöhrətiylə fəth edər.

Cılızlıqlarını anlamaq üçün bizim yazıçılara və aktrisalara baxın, tutuşdurun. Şəxsiyyətsiz istedad olur, bəli, hətta çox olur, amma nə yarada bilir, kimə lazımdır, hətta varsa belə?

Hüqo Fransaya böyük şöhrət və nüfuz sahibi, qalib kimi qayıdıb, yenə parlamentə seçilib.

83 yaşında dünyasını dəyşən Viktor Hüqonun yas mərasimi 10 gün çəkib, vidalaşmağa 1 milyon adam gəlib…

Tək mənim yox, Azərbaycanda və mühacirətdə də müstəqil düşünməyə və yazmağa cəsarət və davam edən, əyilməyən, satılmayan, sınmayan, susmayan bütün qələm adamlarının örnəyi, piri, mürşidisən, ustad!

İşıqlı xatirən qarşısında baş əyirəm!

Bənzər yazılar

Back to top button