Dünya

Ucuz dollara doğru: Tramp “yaşıl kağızı” öz adamına tapşırır

Janet Yellen Federal Ehtiyatlar Sistemi (FES) rəhbəri postuna namizəd olmayacaq. Yarışı xaricində qalan digər ad Kevin Warsh-dır. Məlumata görə, FES sədri seçilmək üçün, Jerome Powell və John Taylor qalıb. Məsələyə dair məlumatı olan üç mənbə, ABŞ Prezidenti Donald Trampın FES sədrliyinə investisiya bankiri Jerome Pauell (Jerome Powell) və ya Stanford Universitetinin iqtisadçısı Con Teylordan (John Taylor) birini gətirməyi düşündüyü bildirib.

Bloomberg xəbər verir ki, Pauell və Teylorun pul siyasətinə baxışı olduqca fərqli ola bilər. Analitiklər hesab edir ki, Teylorun sədr olması dollar üçün müsbətdir: “Teylora görə, FES daha çox faiz artırmalı idi və hələ də bunu gecikmədən etməlidir. Yəni, Teylor, FES sədri vəzifəsini təhvil alsa, bu, ABŞ faizləri üçün “şahin” bir vəziyyətdir”.

Pul siyasəti baxımından Yellen ilə eyni xətdə olan Pauellin sədr olması vəziyyətində bazarlarda böyük bir dalğalanma olmayacağı gözlənilir.

Dolların bahalaşması dünyada qiymət artımına təsir göstərirdi. Birinci, dolların uçot dərəcəsinin artması dünya bazarlarında ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasına səbəb olurdu. İkinci, neftin qiymətinin aşağı düşməsinə şərait yaradırdı. İxracı stimullaşdırmağın tərəfdarı olan prezident Tramp da sərt valyuta siyasətinin əleyhinə idi. Ekspertlər hesab edir ki, hazırkı dəyişiklik ABŞ maliyyə sisteminə və dolların məzənnəsinə təsirsiz ötüşməyə bilməz.

Maraqlıdır, sərt valyuta siyasətinin tərəfdarı olan Yellenin gedişi dolların kursuna necə təsir göstərəcək? Ümumiyyətlə, 2018-ci ildə dolların uçot dərəsinin artması prosesi dayana bilərmi? Yellenin istefası, yeni FES sədrinin seçilməsi, dünya bazarındakı qiymətlərə, o cümlədən neftin qiymətinə necə təsir göstərəcək?

Genişləndirici və ucuz pul siyasətinin dayandırılmasının vaxtı çatıb…

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında dolların məzənnəsi barədə öncədən proqnoz verməyin çətin olduğunu bildirib: “Yellenin gedəcəyi postu kimin əvəz edəcəyi öncədən məlum deyil. Amma bir məsələyə diqqət etmək lazımdır. Bu günə qədər FES tərəfindən qəbul edilən qərarlarda iştirakçıların mövqeyi onu deməyə əsas verir ki, qəbul edilən qərarların əhəmiyyətli çoxluq tərəfindən müzakirə olunması və bir nəfərin öz postundan getməsi, idarəetmə sisteminin ümumi proseslərə yanaşmasında dəyişikliyə gətirib çıxarsın. Ola bilsin ki, Tramp hakimiyyəti müəyyən istiqamətdə səylər göstərsin. Amma buna baxmayaraq, ABŞ iqtisadiyyatının inkişafına cavabdeh olan qurumlardan biri olaraq FES, hər zaman konkret mövqe ortaya qoyub. Hökumətin bu prosesə təsir imkanları əvvəlki dövrlərdə o qədər də yüksək səviyyədə olmayıb. Həmçinin qəbul edilən qərarlar komissiya üçün əsas məsələdir. Yellenin öz postunu təhvil verməsi, o demək deyil ki, digər FES rəhbərləri mövqeyini dəyişəcək. Hazırda FES-də olan qənaət ondan ibarətdir ki, genişləndirici və ucuz pul siyasətinin dayandırılmasının vaxtı çatıb”.

Növbəti ildə dolların uçot dərəcəsinin ən azı iki dəfə artırılması, həmçinin aktivlərin həcminin azaldılması davam edəcək…

İqtisadçı onu da xatırladıb ki, faiz dərəcələrinin artırılmasına 2015-ci ilin dekabrından başlanılıb: “Hazırda aktivlərin həcminin azaldılması məsələsi gündəmdədir. Böyük ehtimalla Yellenin getməsinə baxmayaraq 2018-ci ilin əvvəlindən etibarən aktivlərin həcmində müəyyən azalma baş verəcək. Söhbət təkcə ABŞ dollarının məzənnəsindəki dəyişikliyindən getmir, eyni zamanda dövriyyədə olan irihəcmli aktivlər müəyyən zaman çərçivəsində iqtisadiyyatda balonlar yaradır. Bu balonlar da növbəti dövrlərdə yeni böhrana çağırış yaradır. Bu baxımdan FES-in bu günə qədər sərgilədiyi mövqe ondan ibarətdir ki, hansısa formada bu balonların yaranmasının qarşısı alınmalıdır. FES rəhbərinin kim olmasından asılı olmayaraq, növbəti ildə dolların uçot dərəcəsinin ən azı iki dəfə artırılması, həmçinin aktivlərin həcminin azaldılması davam etdiriləcək”.

Rəşad Həsənov hesab edir ki, Yellenin istefası, yeni sədrin seçilməsi qarşıdakı aylarda neftin qiymətinə ciddi təsir göstərməyəcək: “Ola bilsin ki, qısa müddət ərzində valyuta bazarlarında volatillik (qeyri-sabit) müəyyən qədər yüksəlsin. Amma buna baxmayaraq qısa müddət sonra qiymət dinamikası əvvəlki məcraya daxil olacaq. Faktiki olaraq bu gün qiymətlərin formalaşmasına təsir edən fundamental və subyektiv faktorlar fonunda qiymət öz məcrası ilə davam etdiriləcək”.

Bənzər yazılar

Back to top button