Bizim seçimManşetSiyasət

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Azərbaycanı öhdəliklərinə riayət etməyə çağırıb

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir təşkilatın üzvü olan Azərbaycan kimi bəzi dövlətləri müstəqil KİV-lərin səsini boğmağa son qoymağa çağırıb, bunun yolverilməz olduğunu qeyd edib.

Onun sözlərinə görə, liderlər jurnalistlərin kritiki əhəmiyyət kəsb edən roluna hörmət etməli və onları qorumalıdır.

“Azərbaycandakı vəziyyət bizdə dərin narahatlıq hissi yaradır”, deyə Dezir Vaşinqtonda Konqres qarşısında ilk çıxışında bildirib, bu barədə Turan-ın ABŞ-dakı müxbiri məlumat verib.

“Biz həqiqətən Azərbaycanın ATƏT qarşısında müstəqil kütləvi informasiya vasitələri və müxtəlif səslər – ölkədəki vəziyyətlə bağlı öz mövqeyini bildirmək imkanına malik olanlarla bağlı öhdəliklərinə riayət etməsini istəyirik”, deyə Dezir Helsinki Komissiyası kimi də məşhur olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası tərəfindən təşkil edilmiş dinləmələrdə bildirib.

Nümayəndələr Palatasının üzvü Alsi L.Hastings sual verərkən Azərbaycanın ən böyük jurnalist həbsxanaları arasında olduğunu, ATƏT regionunda Türkiyədən sonra ikinci yerdə olduğunu və bunun xüsusi narahatlıq doğurduğunu xatırladıb.

O qeyd edib ki, Azərbaycan “hazırda heç bir müstəqil televiziyanın, çap nəşrinin, radioşəbəkənin olmadığı bir ölkədir”. Azərbaycan onlayn KİV-lərə qarşı repressiyaları gücləndirib, Azərbaycan dilində, demək olar ki, bütün müstəqil xəbər saytlarını bloklayıb və onlayn informasiya ilə bağlı hüquqi məhdudiyyətləri sərtləşdirib.

Dezir, öz növbəsində, ölkədə çox az sayda müstəqil KİV qaldığını təsdiq edib. “Turan agetnliyi ölkədə bir çox çətinliklərlə işləyən çox maraqlı və cürətli müstəqil KİV-dir. Digər müstəqil KİV-lərin əksəriyyəti isə xaricdən işləyir”, deyə o bildirib.

ATƏT nümayəndəsi həmçinin Azərbaycana səfər etmək planından bəhs edib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan XİN ilə müzakirə olunub. “Biz bu məsələni müzakirə etmişik, amma hələ də bu səfərlə bağlı konkret qərar gözləyirik”, deyə Dezir bildirib.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi institutu Bakıda hakimiyyətin təqib etdiyi jurnalistlərin həbsə salınması ilə bağlı bir çox hadisəni qaldırır. Onlardan bəziləri azad edilib, amma əksəriyyəti həbsdə qalır, deyə Dezir xatırladıb.

Onun sözlərinə görə, jurnalist Əfqan Muxtarlının işi “bizim üçün ciddi problem idi”. “Muxtarlı xaricə getmək məcburiyyətində qalıb, Gürcüstanda oğurlanıb və yenidən məhbus kimi Azərbaycanda ortaya çıxıb”, deyə Dezir bildirib.

“ATƏT regionunda heç bir jurnalist öz işinə görə həbsə salınmamalıdır”, deyə Dezir öz çıxışında əlavə edib. Jurnalistlər hədəfdir, amma, mahiyyətcə, KİV-in demokratiyadakı rolu təhdid altındadır.

“Yaxşı jurnalistika yaxşı fəaliyyət göstərən və sağlam demokratiya üçün zəruridir… Jurnalistlərin öz işini yerinə yetirmək imkanını məhdudlaşdırdıqda vətəndaşlar əziyyət çəkir”, deyə konqresmen Hastings əlavə edib.

ATƏT-in hesabatlarına əsasən, 2019-cu ilin ilk 6 ayı ərzində iki jurnalist öldürülüb, 92 jurnalist isə hücum və təhdidlərə məruz qalıb.

Dezir həmçinin regionda zorakılıq və ədavəti təşviq etmək məqsədilə yaradılan dezinformasiya və onlayn-kontent təhdidi probleminə toxunub.

Bənzər yazılar

Back to top button