Siyasət

Ceyhun Bayramovun Luis Bono ilə görüşü

Çərşənbə günü Azərbaycan XİN başçısı Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşü keçirilib.

XİN-in mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub.

Bayramov eyni zamanda, kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.

Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar, deyə XİN-in məlumatında bildirilir.

Qeyd edək ki, Bono Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Ermənistan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi üzrə Moskvada keçiriləcək görüşündən bir gün əvvəl Bakıya səfər edib.

Bənzər yazılar

Back to top button