AnalitikaBizim seçimManşetSiyasət

Pis-Yaxşı

RF prezidentinin vasitəçiliyilə Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşü ərəfəsində ermənilər növbəti dəfə “pis-yaxşı” kartını oynayıblar. Baş nazir Paşinyan Qarabağda erməni əhalinin məskunlaşdığı ərazi (QEMƏ) daxil olmaqla (Azərbaycanın tərkib hissəsi kimi), Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə növbəti bəyanatla çıxış edib, onun QEMƏ-dən olan opponentləri isə Azərbaycandan tam müstəqilliyi nəzərdə tutan əks fikir söyləyiblər.

Məsələ tərəflərdən kimin yaxşı, kimin pis olmasında deyil. Burada hər şey vəziyyətə hansı rakursdan baxmaqdan asılıdır. Amma istənilən halda həm ermənilər, həm də azərbaycanlılar üçün belə identifikasiya mövcuddur.

Mahiyyətcə, açıq Ermənistan-Azərbaycan qarşıdurmasını münaqişəyə çevirən, onu idarə edən və yönləndirən Ermənistan işğalçı ordunu QEMƏ-də saxlayır, 35 illik Qarabağ münaqişəsi boyunca oyun oynayıb, baş verənlərin hamısını dünya erməniliyinin qlobal iradəsinə tabe olan QEMƏ ermənilərinin iradəsi kimi qələmə verib.

Bu, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi boyunca erməniçiliyin maraqlarının qorunmasının çox effektiv modeli olub və 44 günlük müharibədən sonra dəfələrlə tətbiq edilib. Odur ki, danışıqlar sammitləri ərəfəsində ermənidaxili polemikanın yaranması proqramlaşdırılmış proses adlandırıla bilər.

Moskva görüşü ərəfəsində “pis-yaxşı” modeli daha koloritli oynanıldı, həm baş nazir Paşinyanın, həm də 2018-ci ildə onun məğlub etdiyi Qarabağ klanından olan rəqiblərinin nitqində. Bu da təsadüfi deyil, belə ki, tarixən münaqişənin açarları Kreml palatalarının sandığında saxlanılır.

Rus ordusunun Qarabağda olması, 19-cu əsrin əvvəllərində olduğu kimi, regiona nəzarətə əlavə zəmanət kimi xidmət edir. Belə ki, İbrahim xanın hakimiyyətində status-kvonun saxlanmasına qarant kimi rus ordusunun Qarabağ xanlığında iştirakı sonradan Qarabağın parçalanması və sovet dönəmində Dağlıq Qarabağ adını almış xüsusi QEMƏ-nin yaradılması ilə nəticələnmişdi.

Ermənilər Azərbaycanla öz növbəti avantürüst müharibələrinə Moskvanı sürükləməyə cəhd edərək iki yüzillik tarixi təkrarlamaq üçün səylərini əsirgəmirlər. Bunu beynəlxalq xaos şəraitində münaqişənin saxlanması yoluyla öz mövcudluğunu qorumaq üçün strategiyanın yarandığı Kremldə də başa düşürlər.

Ötən həftə Moskvada Azərbaycan, Ermənistan və Rusiya nazirlərinin görüşündən sonra Kreml Vaşinqton və Brüsselə aydın siqnal verdi ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatlarına alternativ yoxdur. “Bizim liderlərin üçtərəfli bəyanatlarında davamlı həllərə nail olmaq üçün mahiyyətcə yol xəritəsi var. Biz Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil etdik, hesab edirik ki, bizim liderlərin razılaşmalarına alternativ yoxdur. Rusiya regionda sülh və sabitlik istəyir, Rusiyanın buradakı maraqları birbaşa əlaqədardır. RF hər vəchlə çalışacaq ki, vəziyyətin sabitləşməsinə dair qərarlar yerinə yetirilsin və ümid edir ki, bu və ya digər şəkildə bu regionda iştirakda maraqlı olan digər ölkələr də onlara hörmətlə yanaşacaq”, – RF XİN rəhbəri Sergey Lavrov deyib.

Bütün nizamlanma formatlarının təcrübəli çoxillik oyunçusu kimi prezident Əliyev başa düşməyə bilməz ki, Rusiyanın hər hansı çəkilməsi və moderatorluğu danışıqlar prosesində fəsadlara səbəb ola bilər.

Hələlik onun Kremlin müxtəlif ittifaqları çərçivəsində Ermənistanı Moskvanın strateji müttəfiqi statusuna yüksəldən və eyni zamanda ölkəni Avropa İttifaqı ilə daha yüksək müttəfiqlik səviyyəsinə qaldıran Paşinyan və onun opponentləri qarşısında geosiyasi bərabərlik siyasəti şəklində üstünlüyü var. Bakı və Yerevanın bir-birinə zidd iki xarici siyasi xətti Azərbaycan və Ermənistan siyasi dairələrinin ritorikasında müşahidə edilir. Birinci halda vəziyyətə ölçülüb-biçilmiş praqmatik baxış, ikinci halda isə danışıqlar prosesinin bütün geosiyasi mərkəzlərinə tabeliyin və eyni zamanda rədd edilmənin təzahürü var.

Moskva, həmçinin Vaşinqton və Brüssel Ermənistan-Azərbaycan münaqişəsinin mətbəxindəki bu ziddiyyətləri görür və buna görə də nizamlanma prosesini sürətləndirmək istəmirlər ki, son 35 ildə təmin olunan öz maraq və mövqelərinin zəifləməsinə yol verməsinlər.

Mehman Əliyev

Turan.az

Bənzər yazılar

Back to top button